Modern.az

Seçkinin favoriti Ərdoğandır - Politoloqların şərhi

Seçkinin favoriti Ərdoğandır - Politoloqların şərhi

8 Mart 2023, 14:16

Türkiyədəki seçkilərin vaxtı və ölkə başçısı olmaq istəyən namizədlər artıq bəllidir. 14 mayda keçirilməsi planlaşdırılan seçki marafonunda iqtidar düşərgəsini hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, müxalifəti isə CHP lideri Kamal Kılıçdaroğlu təmsil edəcək. Hər iki tərəf prezident kürsüsü uğrunda mübarizəni qələbə ilə başa vuracağını deyir və iddialarını ortaya qoyur.

 

Bəs kimin şansı daha çoxdur? Ərdoğan, yoxsa Kılıçdaroğlu prezident seçiləcək? Bu sualların cavabları Türkiyə vətəndaşları ilə yanaşı, region ölkələrini də ciddi düşündürür.

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Qabil Hüseynli hesab edir ki, Kılıçdaroğlunun Ərdoğan qarşısında qalibiyyət ehtimalı azdır.

 

 

"Şübhə etmirəm ki, Türk xalqı xarizmatik lider olan Ərdoğanı seçəcək. Qələbə seçkilərin birinci turunda əldə ediləcək. Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldiyi vaxtdan Türkiyə üçün çox böyük işlər görüb. O, ölkənin borclarını ödəyib, milli gəlirlərin faizini daha da yüksəldib, xarici ticarət dövriyyəsində Türkiyənin payını artırıb. Həmçinin, əhalinin rifah halı da əvvəlki illərlə müqaisədə yüksəlib. Doğrudur, ölkədə inflyasiya faizi artıb və müəyyən iqtisadi problemlər var. Amma bunların bir qismi süni şəkildə xaricdən Türkiyəyə təsir nəticəsində meydana gəlib", - deyə sabiq dövlət müşaviri bildirib.

 

Q.Hüseynli vurğulayıb ki, Kılıçdaroğlu Ərdoğan kimi problemləri həll edə biləcək gücdə deyil. O fikirlərini belə əsaslandırıb: 

 

"Türkiyə dünyadakı böhrandan ən az təsirlənən ölkələrdən biridir. Qardaş ölkə bütün çətinliklərin öhdəsindən gəlmək qüdrətindədir. İndiki iqtidarın atdığı addımlar nəticəsində xaricdən asılılığa son qoyulub, Türkiyə regionda sözünü deyən ölkələrdən birinə çevrilib. Buna görə də qardaş ölkə indiki situasiyada regionun super güclərindən biri hesab olunur. Məhz bütün bu sadaladıqlarım Ərdoğanın adı ilə bağlıdır. Mənim zənnimcə, bunlara görə Kılıçdaroğlu indiki iqtidar qarşısında qalibiyyət əldə edə bilməyəcək. Həmçinin, onun elə də yüksək nitq qabiliyyəti yoxdur. Kılıçdaroğlu problemləri Ərdoğan qədər detallı şəkildə həll edə bilmir. Düşünürəm ki, bütün bu amillərə görə, Ərdoğan seçkilərdə yenidən qalib gələcək".

 


Politoloq Tofiq Abbasov isə söyləyib ki, seçkilərdə qazanma şansı yüksək olan namizəd Ərdoğandır:


"Kılıçdaroğlu və Ərdoğan arasında çox böyük fərqlər var. Seçkilər prosesində favorit olan namizəd Ərdoğandır. Ötən ay Türkiyədə dəhşətli zəlzələ baş verdi. Müxalifətin hadisələrdən necə istifadə etdiyini gördük. Onlar bilavasitə Ərdoğanı günahkar elan etdi. Ortaya sual çıxır ki, Kılıçdaroğlu hakimiyyətdə olsaydı, bu fəlakət baş verməyəcəkdi? Müxaliflər çalışırlar ki, olmayan yerdən özlərinə imkan yaratsınlar, ancaq bu olan deyil".


T.Abbasovun sözlərinə görə, AKP-nin Türkiyə daxilində nüfuzu yüksəkdir: "İndiki iqtidarın həyata keçirdiyi diplomatiya çox böyük uğurlar əldə edib. Həmçinin, Ərdoğan nə istədiyini bilən siyasətçidir. Ümumiyyətlə, Kılıçdaroğlunun partiyası olan CHP Atatürkün adından istifadə edir. Bildiyimiz ki, "Balyoz" əməliyyatında dərin dövlət adı altında olan Qərbin institutları məhv edildi. Həmin güclər istədikləri vaxt dövlət çevrilişi edə bilirdilər. Biz həm də Ərdoğanın dövründə Türkiyə iqtisadiyyatında müəyyən sıçrayışların olduğunu gördük. Düzdür, indi inflyasiyanın müəyyən təsirləri var. Türk lirəsi bəzi vaxtlarda çalxalanma dövrünü yaşayıb. Xarici qüvvələr çalışırlar ki, iqtisadi tərəfdən Türkiyənin mövqeyini zəiflətsin. Təbii ki, bu işdə Fransa, ABŞ, Yunanıstan kimi dövlətlərin əli görünür. Ərdoğanın qəti addımlar atması və sərgilədiyi mövqe onları narahat edir. Düşünürəm ki, təzyiqlərə baxmayaraq, Ərdoğan seçkilərin qalibi olacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?