Modern.az

“Kaxovka” niyə partladıldı: Su həmişə aydınlıq deyil... - TƏHLİL

“Kaxovka” niyə partladıldı: Su həmişə aydınlıq deyil... - TƏHLİL

Analitika

7 İyun 2023, 12:28

Ukrayna ordusunun Rusiyaya qarşı əks-hücuma hazırlaşdığı bir mərhələdə Xerson vilayətində yerləşən “Kaxovka” su elektrik stansiyası partladılıb. Dnepr çayı üzərində yerləşən və Sovet dövründən qalma nəhəng su bəndinin dağılması nəticəsində ətraf bölgələri su basıb və yerli hakimiyyət orqanları əhalini təxliyə etmək məcburiyyətində qalıb.

 

Tərəflər bəndin partladılmasına görə bir-birini ittiham edir. Hazırda subasma nəticəsində dəyən ziyan aradan qaldırılır.

 

Əvvəlcə “Kaxovka” su elektrik stansiyası haqqında…

 

“Kaxovka” su elektrik stansiyasının (SES) tikintisi SSRİ lideri İosif Stalinin dövründə başlayıb və Nikita Xruşşovun dövründə tamamlanıb. SES-in tərkib hissəsi olan su bəndinin hündürlüyü 30 metr, uzunluğu isə 3,2 kilometrdir. Bənd Ukraynanın cənubunda Rusiya və Ukrayna qüvvələri arasında cəbhə xəttini təşkil edən Dnepr çayı üzərində yerləşir. 

 

SSRİ dövründə 2155 kv.km sahəsi olan Kaxovka su anbarının tikintisi zamanı 37 000-ə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. Su anbarında 18 kubkilometr su var. Anbar, həmçinin Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasını və Moskvanın nəzarətində olan Zaporojye nüvə stansiyasını su ilə təmin edir.

 

SES-in partlayışdan əvvəlki vəziyyəti: Foto "Maxar" şirkətinin peyki tərəfindən mayın 28-də çəkilib.

 

SES-i kim partladıb?

 

Partlayış barədə müxtəlif teleqram kanallarında məlumat yayıldıqdan sonra Ukrayna ordusunun “Cənub” komandanlığı "Kaxovka" su anbarının Rusiya qüvvələri tərəfindən partladıldığını açıqlayıb. Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrini “Kaxovka”nı obyektin içindən partlatmaqda ittiham edib və bildirib ki, Rusiya “terror hücumu”na görə cavab verməlidir. "Saat 02:50-də rusiyalı terrorçular Kaxovskaya SES-in strukturlarında daxili partlama həyata keçiriblər. 80-ə yaxın yaşayış məntəqəsi daşqın zonasındadır", - Zelenski komandasının fövqəladə iclasından sonra deyib. Ukrayna ordusunun sözçüsü bildirib ki, Rusiyanın məqsədi Ukrayna qoşunlarının Dnepr çayını keçərək Rusiya işğalçı qüvvələrinə hücum etməsinin qarşısını almaqdır. 

 

Ukraynanın Nova Kaxovka şəhərinin meri Volodimir Kovalenko isə deyib ki, SES-də maşın otağı partladılıb. Zelenskinin ofisinin müşaviri Mixaylo Podolyak diqqətə çatdırıb ki, partlayışa görə Rusiya ordusunun 205-ci motoatıcı briqadası məsuliyyət daşıyır.

 

 

Rusiya rəsmiləri isə hadisə ilə bağlı fərqli açıqlamalar verib. Moskvanın Nova Kaxovkaya təyin etdiyi qondarma rəhbər Vladimir Leontiev öncə xəbərləri təkzib edib. Daha sonra partlayışın Ukrayna tərəfindən törədildiyini bildirib. Rusiya rəsmiləri deyir ki, Ukrayna Krıma su təchizatını kəsmək və diqqəti əks-hücum əməliyyatından yayındırmaq üçün sabotaj törədib. Xerson vilayətinin Moskva tərəfindən təyin edilən qondarma rəhbəri Volodimir Saldo iddia edib ki, Kiyev gecə saatlarında stansiyaya raket zərbəsi endirib. 

 

"Birmənalı şəkildə deyə bilərik ki, söhbət Ukrayna tərəfinin qəsdən törətdiyi təxribatdan gedir", - Kremlin sözçüsü Peskov jurnalistlərə açıqlamasında bildirib. Moskvanın Zaporojyeyə təyin etdiyi qondarma rəhbər Vladimir Roqov isə iddia edir ki, bənd daha əvvəl baş vermiş zədə və suyun təzyiqi səbəbindən dağılıb. Rusiyanın TASS dövlət informasiya agentliyi də oxşar məzmunlu xəbər yayıb.

 

Partlayışın təsiri və dəyən ziyan

 

Su səviyyəsinin artması minlərlə insanın yaşadığı bölgələrə təsir edib. Cəbhə xəttinin hər iki tərəfində mülki əhalinin təxliyəsi başlayıb. Peykdən görüntülər təqdim edən “Maxar” şirkətinin məlumatında deyilir ki, Xerson şəhərinin cənub-qərbində Nova Kaxovka ilə Dniprovska körfəzi arasında 2500 kvadrat kilometrdən çox ərazidə yerləşən şəhər və kəndlər su altında qalıb. Ukrayna rəsmiləri nəzarət altında olan bölgələrdə 42,000-ə yaxın insanın, o cümlədən Rusiyanın işğal etdiyi ərazilərdə 25,000 nəfərin daşqın riski altında olduğunu təxmin edir. Hazırda 80-ə yaxın kənd daşqın təhlükəsi ilə üzləşib.

 

Su elektrik stansiyasının dağılması nəticəsində Dnepr çayının hər iki sahilində həm Ukrayna, həm də Rusiya ordusunun nəzarətində olan 30-a yaxın yaşayış məntəqəsi artıq su altında qalıb. Ukrayna Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Dnepr çayının sağ sahilində 16 minə yaxın insanın yaşadığı 14 yaşayış məntəqəsini su basıb. Bundan əlavə, bir neçə şəxsin itkin düşməsi barədə xəbərlər yayılıb.

 

 

Rusiyanın təyin etdiyi qüvvələrə gəlincə, onlar deyirlər ki, su elektrik stansiyasının yerləşdiyi Novaya Kaxovka şəhəri su altında qalıb. Həmçinin şəhərdə suyun səviyyəsinin 12 metrə qədər qalxdığını bildiriblər. Yerli rəsmilər isə deyir ki, bəndin dağıdılması nəticəsində ən azı dörd rayon (ilhaq edilmiş Krım istisna olmaqla) zərər çəkəcək. Su elektrik stansiyasının dağıdılmasının nəticələrini bütün Ukrayna hiss edəcək, lakin ilk növbədə cənubda içməli su təchizatı, suvarma, kənd təsərrüfatı zərər görəcək, iqtisadiyyatın su tutumlu sahələri üçün təhlükə mövcuddur.

 

Moskva tərəfindən ilhaq edilən Krımda daşqın təhlükəsi olmasa da, içməli su ilə bağlı problemlərin yaranacağı gözlənilir. “Kaxovka” SES-in dağıdılması səbəbindən Zaporojye atom elektrik stansiyasına təhlükə yarana biləcəyi barədə narahatlıqlar ifadə olunub. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi hesab edir ki, stansiyanın təhlükəsizliyi üçün hazırda risk yoxdur. Yerli rəsmilər də stansiyaya təhlükə olmadığını bildirsə də, BBC telekanalının mənbələri AES-in fəaliyyətinin müvəqqəti dayandırıldığını açıqlayıb.

 

Əks-hücum dayandırılır?

 

SES-in partladılması Ukraynanın gözlənilən əks-hücumu ərəfəsində baş verir. Ukrayna əks-hücumun tezliklə başlayacağını bildirib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə son açıqlamasında vurğulayıb ki, son üç gün ərzində Ukrayna silahlı qüvvələri əks-hücum əməliyyatı keçirməyə çalışır. Nazir hücumun dəf edilməsi zamanı 71 rus hərbçisinin öldüyünü, 210 hərbçinin isə yaralandığını diqqətə çatdırıb. Ardınca CNN kəşfiyyat qurumlarına istinadən xəbər yayıb ki, Qərb Ukrayna ordusunun əks-hücumunun başladığının əlamətlərini görür, son iki gündə ölkənin şərqində döyüşlər xeyli intensivləşib. NATO rəsmilərindən birinin dediyinə görə, Ukrayna qüvvələri döyüşdə kəşfiyyat aparır, artilleriya zərbələri endirir və düşmənin müdafiəsində zəif cəhətləri aşkar etmək üçün qarşı tərəfin mövqelərinə hücum edir.

 

Qərb ekspertlərinin fikrincə, SES-in partladılması ilə Ukraynanın əks-hücumu arasında əlaqə var. “Rusiyanın strateji müdafiə, Ukraynanın isə strateji hücumda olduğunu nəzərə alsaq, bu hadisə qısa müddətdə Rusiya üçün bir üstünlükdür”, - ekspertlərdən biri deyib.

 

 

Xəritədə: Dnepr çayı, "Kaxovka" su elektrik stansiyası, Ukrayna və Rusiyanın nəzarəti altında olan ərazilər

 

Bölgədə daşıqınların yaratdığı fəsadlar ağır texnikanın işləməsinə çətinlik yaradacaq. Sel suları çəkilənə qədər həm tanklar, həm zirehli döyüş maşınları hərəkət edə bilməyəcək. Suların çəkilməsi və ərazinin quruması üçün ən azı 1 ay vaxt lazımdır. Bu isə əks-hücumun 1 ay daha gecikməsi deməkdir. Doğrudur, Ukrayna əks-hücumun hansı istiqamətdə həyata keçiriləcəyini açıqlamayıb, ancaq ekspertlər cənub cəbhəsində də hücumların olacağını düşünür.

 

Polşa hərbi əks-kəşfiyyat qurumunun keçmiş rəis müavini Maçey Matışyakın sözlərinə görə, “Kaxovka”nın partladılması nəticəsində Rusiya qoşunları Ukraynanın gözlənilən əks-hücumuna qarşı müdafiə mövqelərini yaxşılaşdırıb. Bundan əlavə, o, hesab edir ki, cəbhə xəttində yerləşən nəhəng bəndin dağıdılması nəticəsində yaranan daşqın Ukrayna silahlı qüvvələrinin bir aya qədər ərazidə tank və ya piyada döyüş maşınları kimi ağır silahlardan istifadə etməsinə mane ola bilər. Matışyak güman edir ki, hücum zamanı Ukrayna qoşunları çayı su basmış ərazilərdən yan keçə biləcəklər. Zelenski isə bəndin dağıdılmasının Ukraynanın öz ərazisini azad etmək üçün əməliyyatı davam etdirməsinə təsir etmədiyini bəyan edib.

 

SES-in partdılmasının təsirləri və miqyası hələlik tam müəyyən olunmayıb. Amma istənilən halda SES-də baş vermiş hadisə həm hərbi, həm siyasi, həm də iqtisadi sahəyə təsirsiz ötüşməyəcək...

 

Modern.az Təhlil və Araşdırma Qrupu
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü