Bu gün Əlil Qadınlar İctimai Birliyinin və İsveçrə-Azərbaycan Məzunlar Şurasının təşəbbüsü ilə “Bələdiyyələrin maliyyə imkanları: çətinliklər və şanslar” adlı dəyirmi masa keçirilib. Tədbirdə İsveçrə-Azərbaycan Məzunlar Şurasının Azərbaycan nümayəndəsi Sənubər Nəzərova çıxış edərək, Azərbaycanda əsas maliyyə imkanlarının və səlahiyyətlərin hələ də icra orqanlarının əlində cəmləşdiyini bildirib.
“Problemlərdən biri də yerli özünü idarə orqanlarının öz funksiyalarını başa düşməməsi ilə bağlıdır. Bir çox bələdiyyələr hətta özlərini icra orqanlarının əlavəsi hesab edir”. Respublikamızın bir neçə müvafiq beynəlxalq sənədlərə qoşulduğunu xatırladan S.Nəzərova həmin konvensiyaların tələblərindən irəli gələrək, yerli icra strukturlarının öz yerini seçkili orqanlara verməli olduğunu vurğulayıb.
Əlil Qadınlar İctimai Birliyinin sədri Məhluqə Rəhimova isə əlil insanların bələdiyyələrdə iştirakının çox aşağı səviyyədə olduğunu bildirib. “İnsan hüquq və azadlıqları bütün insanlara bərabər şamil olunmalıdır. Bütün seçkili orqanlarda insanlar azad şəkildə təmsil oluna bilərlər” deyən M. Rəhimova təəssüflə qeyd edib ki, əlil insanların bu orqanlarda iştirak etmək təşəbbüsü çox zəifdir.
“Eyni zamanda onların dəstəklənməsi prosesi də çox zəifdir. Bələdiyyə qurumlarında əlillərin iştirakı hətta 1 faizdən də azdır”.
O bildirib ki, əlil insanların sənədində “əmək qabiliyyətli deyil” yazılması əlillərin cəmiyyətə inteqrasiyasının qarşısını ciddi surətdə alır.
“Hazırda Sosial Təminat nazirliyi ilə həmin kodeksin aradan qaldırılması üçün razılıq əldə etmişik. Milli Məclisə təkliflər göndərilib. Yaxın vaxtlarda 2-3-çü qrup əlillərlə bağlı bu məsələ aradan qaldırılacaq. Amma bizim fikrimizcə, bu yetərli deyil. Hesab edirik ki, bu kodeksin aradan qaldırılması ruhi xəstəliyi olmayan hər bir əlilə aid olmalıdır. Bundan sonra isə əlilliyi olan insanların seçkili orqanlarda iştirak edə bilməsi üçün onlar özləri də aktiv olmalıdırlar”.