Azərbaycanda fəaliyyət göstərən bir qrup dini icma rəhbəri Prezident İlham Əliyevə müraciət edib. Bu barədə saytımıza Dini qurumlarla iş üzrə dövlət komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Müraciətdə Azərbaycanda yaşayan yəhudi, xristian və digər dinlərə mənsub müxtəlif dini qurumların rəhbərləri Prezidentin təşəbbüsü və qayğısı nəticəsində qeyri-islam təmayüllü dini icmalara dövlət büdcəsindən maliyyə yardımı göstərilməsinə görə təşəkkür ediblər.
Onlar qeyd ediblər ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfədir ki, dini qurumlara dövlət büdcəsindən maddi yardım göstərilir.
Onlar bunu Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndiriblər. Bildiriblər ki, təkcə Azərbaycan deyil, həm də bütün region üçün əlamətdar hadisə kimi dəyərləndirilən bu qərarı beynəlxalq ictimaiyyət və dünyəvi dövlətlər nümunə qəbul edəcəklər.
Dini icma rəhbərləri daha sonra qeyd ediblər ki, bu gün Azərbaycan təkcə iqtisadi göstəricilərinə və ictimai-siyasi sabitliyinə görə deyil, həm də dini durumun və tolerantlığın səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövlətidir.
Onlar ad günü və qarşıdan gələn yeni il münasibəti ilə Prezidenti təbrik ediblər.
Müraciətə aşağıdakı dini icma rəhbərləri imza atıblar.
Aleksandr İşein – Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının yepiskopu
Semyon İxiilov - Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri
Boris Simanduyev - Quba rayonu, Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri
Gennadi Zelmanoviç - Avropa Yəhudilərinin Bakı dini icmasının sədri
David Mirov - Azərbaycan Yəhudiləri dini icmasının sədri
Boris Trepner - “Sumqayıt Yəhudiləri”dini icmasının sədri
Abik Çaruxçev - Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri
Vladimir Fekete - Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi
Robert Mobili - Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri
Svetlana Ağababayeva - Oğuz şəhəri Alban-Udi Xristian dini icmasının sədri
Arçil Buluqaşvili - Qax rayonu Qaxingiloy kəndi “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri
Temuri Barixaşvili - Qax rayonu Əlibəyli kəndi “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri
Nikolay Kotov - Bakı şəhəri “Molokan ruhani-xristian” dini icması
Fyodor Ponomaryov - Sumqayıt şəhəri “Molokan ruhani-xristian” dini icması
Yekaterina Tsapleva - Qobustan rayonu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icmasının sədri
Lyudmila İbrahimova - “Yeni Həyat” Xristian İncil dini icmasının sədri
Vera Nesterova - Xilaskar Yevangelik Lüteranların Bakı dini icması
Aydın Mərdiyev - Bakı Krişna Şüuru dini icmasının sədri
Modern.az