2021-ci ilin dövlət büdcəsinin layihəsində beynəlxalq münasibətlər xərcləri üçün 274,3 milyon manat vəsait proqnozlaşdırılıb.
Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.
Bu xərclərin 18,5 milyon manatı beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq (üzvlük haqqı) xərclərinə (BMT-nin Katibliyi, İslam Əməkdaşlıq Təşkilatı və onun qurumları, Müstəqil Dövlətlər Birliyinə (MDB), Avropa Şurası və onun qurumları, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər təşkilatlar), 7,5 milyon manatı beynəlxalq və regional maliyyə institutları ilə əməkdaşlıq üzrə xərclərinə, 135,3 milyon manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanması xərclərinə, 7,0 milyon manatı digər beynəlxalq fəaliyyətlə bağlı xərclərə, 10,0 milyon manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclərə, 96,0 milyon manatı beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərin keçirilməsi ilə bağlı xərclərə yönəldiləcək.
Eyni zamanda 2021-ci ilin dövlət büdcəsinin layihəsində xarici yardımlar üzrə xərclərin maliyyələşdirilməsi üçün 36,8 milyon manat vəsait proqnozlaşdırılır.