Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının "HMS DEFENDER" gəmisi Batumi limanına gəlib.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Gəmi komandiri, II dərəcəli kapitan Vins İueni və heyət üzvlərini Batumi limanında Daxili İşlər Nazirliyinin Sahil Mühafizə İdarəsinin direktoru, kapitan Ramaz Papidze, Acariya Muxtar Respublikasının Hökumət Başçısı Tornike Rijvadze və İngiltərənin Gürcüstandakı səfiri qarşılayıblar.
Məlumata görə, ziyarətin məqsədi Birləşmiş Krallıq və Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahəsində sıx əməkdaşlığı nümayiş etdirməkdir. Gəminin səfəri zamanı iki ölkənin dəniz vahidlərinin nümayəndələri təcrübə mübadiləsi üçün məlumat görüşləri keçirəcəklər. İngilis gəmisi "HMS DEFENDER" və Gürcüstan Sahil Mühafizəsinin iştirakı ilə Qara dənizdə ekipajlar arasında qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasına və Sahil Mühafizəsinin imkanlarının inkişafına kömək edəcək birgə dəniz təlimləri keçiriləcək.
Qeyd edək ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ən güclü hava müdafiə döyüşçülərindən biri olan "HMS DEFENDER" (D36) ilk dəfə Gürcüstana səfər edir. Gəmi müasir zenit və gəmi əleyhinə sistemlərlə təchiz edilmişdir.