REAL hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yabuqlunun həbsi ilə bağlı artıq müxalifət düşərgəsinin, müxalif gənclərin mövqeyi mətbuatda işıqlandırılıb. Modern.az YAP Gənclər Birliyindən də məsələyə münasibət öyrənib. YAP Gənclər Birliyinin sədri Seymur Orucovun fikrincə, hər şey qanun çərçivəsində araşdırılır. Eyni zamanda o bu həbslərin siyasi xarakter daşımadağını da qeyd edib.
“Mən bu məsələnin dərinliklərini incələməmişəm. Ancaq mətbuatdan oxuduqlarıma əsasən bu qənaətdəyəm ki, bu məsələdə siyasi motiv yoxdur. Məsələni siyasiləşdirmək üçün əslində elə bir əsas da yoxdur. Amma müxalifətin gündəmdə qalmaq üçün başqa yolu qalmır. Artıq lazım olmayan, mənasız işlərə əl atırlar. İnsanlar əgər qanundan və demokratik insan hüquqlarından danışırlarsa, Azərbaycandakı daxili qayda qanunlara uymaq məcburiyyətindədir. Fakt varsa, hüquq-mühafizə orqanları bunu lazımınca araşdırıb qanunlara uyğun qərar verəcək. Bu kimi adamların çaxnaşma yaratmaq istəməsi, həbsə siyasi don geyindirməyə çalışması nə hüquq mühafizə orqanlarının gözünü qorxudacaq, nə də bu məsələyə qarşı mövqelərini dəyişəcək. Bu yanaşmalara alışmışıq. Qanun proseslərə iqtidar və ya müxalifət gözü ilə baxmır. İqtidar nümayəndəsi də hər hansı qanuna zidd əməl etsə, o da məsuliyyətə cəlb olunur”, – deyə YAP-çı gənclərin rəhbəri bildirib.
Aqşin Kərimov