
Müharibə şəraitində yaşayan ölkədə yüksək ixtisaslı hərbiçilərin olması vacib şərtdir. 20 ildən çoxdur ki, müharibə şəraitində olan Azərbaycanda da hərbi kadrlar hazırlanır, bununla bağlı müxtəlif akademiyalar, ali hərbi məktəblər açılır. Amma bu gün həmin ali hərbi məktəblərdə oxuyanlar qəbul imtahanlarından o qədər də yüksək nəticə göstərməyənlərdir.
B.Əliyev qeyd edib ki, fiziki sağlamlıq vacib şərtdir, amma bu gün Koroğlu dövrü deyil ki, meydana çıxıb, güləşib kimisə yıxasan. “Bu gün zabit korpusu ən yüksək texnologiyalar əsasında hazırlanmış silahlara və eyni zamanda döyüş şəraitini müəyyənləşdirən, idarə edən və əmrlər verən bir şəxsdir. Ona görə bizim zabit korpusu fiziki, mənəvi sağlamlıqla yanaşı, ən yüksək biliklərə və mədəniyyətə malik olmalıdır. Hesab edirəm ki, bununla bağlı abituriyentlərin qəbulunu həyata keçirən müvafiq qurumlar da bu barədə düşünməli və münasibət köklü sürətdə dəyişdirilməlidir”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, xüsusi təyinatlı ali məktəblərə – Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Sərhəd Qoşunlarının Akademiyası, Daxili İşlər Nazirliyinin Akademiyasına çox hazırlıqlı və qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər əsasən qəbul olunurlar. Ancaq o da təsdiqləyib ki, ali hərbi məktəblərə qəbuldan gedirsə, orada müsabiqə vəziyyəti daha aşağı olur, qəbul imtahanında daha az bal toplayıb gənclər qəbul olunurlar. “Bu da onunla bağlıdır ki, həmin hərbi məktəblərdə təhsil almağın hamı o dərəcədə də arzusunda olmur. Təcrübə bunu göstərir və oxumaq arzusunda olanların hazırlıq səviyyəsi o qədər yüksək olmur. Ona görə də müsabiqə şəraiti orada daha zəif olur və daha az balla qəbul oluna bilirlər. Konkret bal forması müəyyənləşdirilmir ki, bu ixtisasa bu bal topladıqda qəbul oluna bilərlər. Belə bir qayda yoxdur. Qruplar üçün müsabiqəyə buraxılmaq üçün şərtlər ümumi şəkildə müəyyənləşdirilir”.
E. Nağızadə bildirib ki, bir sıra illərdə, xüsusilə son illərdə mülki ali hərbi məktəblərdə yerlərin boş qalması səbəbindən Müdafiə Nazirliyinin TQDK-ya müraciəti əsasında müvafiq ixtisas qrupunda müsabiqə şəraitini ödəyən abituriyentlərin də ora sənəd vermələrinə şərait yaradılır. “Ali hərbi məktəblərə müraciət edənlər əsasən zəif hazırlıqlı abituriyentlər olurlar. Təbii ki, orada ballar lap aşağı da deyil. Orada müəyyən hazırlığı olan abituriyentlər qəbul olunurlar. Amma onların üzərində işlənilsə və hərbi məktəblərdə dərs aldıqları müddətdə normal təhsil mühiti formalaşsa, təbii ki, onlardan yaxşı komandir, zabit çıxa bilər. Axı təhsil müddətini də unutmamalıyıq, ali hərbi məktəblərə qəbul olunduqda onlar əlavə biliklər əldə edirlər”.
Aytən ƏLİYEVA