Tələbə qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Abituriyent” jurnalının 12-ci sayında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili də öz əksini tapıb.
Bakı Ali Neft Məktəbindən Modern.az-a verilən məlumata görə, jurnalda abituriyentlərin ərizələrinin qəbulundan başlayaraq imtahanların təşkili, biliklərin qiymətləndirilməsi, ali məktəblər və ixtisaslar üzrə yerləşdirmə və s. ilə bağlı təfsilatlı məlumatlar qeyd olunub.
Ali təhsil müəssisələrinin reytinqinin abituriyentlərin ixtisas seçimi əsasında formalaşdığı vurğulanıb. Reytinq ali təhsil müəssisəsinin digər qurumlarla rəqabətdə dövlət büdcəsi vəsaiti hesabına təhsil almaq hüququ qazanmış abituriyentləri özünə cəlb etməsində, ali məktəblərin ixtisas kodlarının abituriyentlərin ərizələrində neçənci yerdə göstərilməsində və qəbul olan abituriyentlərin ballarının səviyyəsində öz əksini tapır.
TQDK tərəfindən hər bir ali məktəbin qəbul kampaniyasındakı reytinqi müəyyənləşdirilib. Bunun üçün ali təhsil müəssisələrinin ixtisaslarının abituriyentlərin ərizəsində birinci mövqedə göstərilməsindən, müsabiqədə iştirak edən və ixtisas seçimində istəyini həyata keçirmək üçün bal toplayan abituriyent seçimi əsasında hesablanan müsabiqə əmsalından, ali məktəbə qəbul olan orta statistik abituriyentin topladığı baldan və ali məktəbin dövlət sifarişli yerləri tutma faizindən istifadə olunub. Reytinq cədvəlinə Bakı Ali Neft Məktəbi başçılıq edir.