
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında AMEA prezidenti Mahmud Kərimovla vida mərasimi keçirilir. Modern.az əməkdaşının verdiyi xəbərə görə, vida mərasiminə Prezident İlham Əliyev də qatılıb.
Mərasimdə nazirlər, bir sıra dövlət qurumlarının nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər.
Dövlət başçısı görkəmli sənətkarın ailə üzvlərinə, qohum-əqrəbasına dərin hüznlə başsağlığı verib. Sonra matəm mitinqi olub.
Matəm mitinqini Baş nazirin müavini Elçin Əfəndiyev açaraq, görkəmli alimin həyat və yaradıcılığından danışıb, onun vəfatının Azərbaycan elmi üçün ağır itki olduğunu bildirib.
Sonra akademiklər Vaqif Fərzəliyev, Akif Əlizadə, İsmayıl Hacıyev, Əhliman Əmiraslanov, Vasim Məmmədəliyev çıxış edərək böyük alim Mahmud Kərimovun əziz xatirəsinin heç zaman unudulmayacağını vurğulayıblar.
Prezident İlham Əliyev mərhumun ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verib, onlara Tanrıdan səbir dilədi. Akademik Mahmud Kərimovun ailə üzvləri, qohumları mərhumla vidalaşıblar.
Qeyd edək ki, fevralın 9-da günorta saatlarında Mahmud Kərimovun vəziyyəti qəflətən pisləşib, onun ürəyində kəskin ağrılar başlayıb. Akademik dərhal Azərbaycandakı xəstəxanalardan birinə çatdırılsa da, onun təcili olaraq Türkiyəyə aparılmasına qərar verilib. Axşam saatlarında o, xüsusi təyyarə və həkimlərin müşayiəti ilə Türkiyəyə yola salınıb, lakin təyyarə havadaykən Mahmud Kərimov dünyasını dəyişib.Anar Kəlbiyev