Modern.az

İntizam Komissiyasından Cəlal Əliyev iclaslara gəlməməsinə münasibət

İntizam Komissiyasından Cəlal Əliyev iclaslara gəlməməsinə münasibət

Aktual

12 Fevral 2013, 10:30


Azərbaycan Milli Məclisinin ən yaşlı deputatı Cəlal Əliyev əvvəlki çağırışlardan fərqli olaraq hazırda parlamentdə fəallıq nümayiş etdirmir. 84 yaşlı millət vəkili son vaxtlar iclaslara da gəlmir.
Modern.az saytı bununla bağlı  Milli Məclisin İntizam Komissiyasının sədri Siyavuş Novruzovdan münasibət öyrənib.

“Deputat Cəlal Əliyev iclaslara gəlməməsi ilə bağlı Milli Məclisə müvafiq sənədlər təqdim edib”.
Bunu parlamentin İntizam Komissiyasının sədri Siyavuş Novruzov deputat Cəlal Əliyevin iclaslara qatılmaması ilə bağlı məsələyə münasibət bildirəkən deyib.

Milli Məclis üzvlərinin davamiyyətini normal qiymətləndirən S.Novruzov deputatların iclaslara qatılmaması kimi kütləvi halların olmadığını deyib:

“Deputatların davamiyyəti yaxşıdır. Millət vəkillərimiz xarici səfərlərdə çox olurlar. Bu səbəblərdən ola bilsin kimlərsə iclaslarda gözə dəymir. Amma hər iclasda 125 millət vəkilindən ən azı 110-u, 115-i iştirak edir. Heç bir parlamentdə davamiyyət belə yaxşı deyil. Cəlal Əliyev də iclaslara qatılmayanda müvafiq sənədlər təqdim edir”,-deyə parlamentin İntizam Komissiyasının sədri bildirib.

Cəlal Əliev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olan C.Əliyev biologiya elmləri doktoru, professordur.

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olan 84 yaşlı deputat dördüncü beşillikdir ki, Milli Məclisin üzvüdür.  O, 2011-ci il noyabrın 7-də 62 saylı Saatlı seçki dairəsindən dördüncü dəfə Milli Məclisin deputat seçilib.
Cəlal Əliyev mərhum eks-prezident Heydər Əliyevin qardaşı, hazırki dövlət başçısı İlham Əliyevin əmisidir.

Cəlal Əliyev Milli Məclisin iclaslarında həmişə diqqət mərkəzində olan deputatlardandır. O, müxtəlif vaxtlarda gözlənilməz bəyanatları, kəskin çıxışları, irad və ittihamları ilə yadda qalıb. Son vaxtlar səhhətindəki problemlərlə əlaqədar Milli Məclisin iclaslarının hamısında iştirak edə bilmir. 

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı