Müəllif Hüquqları Agentliyi (MHA) və Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun icrasında hüquq-mühafizə orqanlarının rolu mövzusunda seminar keçirilib. Modern.az-ın məlumatına görə, seminar MHA tərəfindən təşkil olunub. Tədbirdə Agentliyinin yüksək vəzifəli şəxsləri, xarici ekspertlər, yerli dövlət qurumlarının nümayəndələri və bir sıra qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan MHA sədri Kamran İmanov bildirib ki, bu gün əqli mülkiyyət hüquqlarının təminatı ilə bağlı yeni qanun qəbul olunur. O, qeyd edib ki, Azərbaycanda əqli mülkiyyətə dair yeddi qanun olsa da, yeni qəbul olunmuş qanun xüsusi əhəmiyyət kəsb edir.
“Çünki bu qanunda əqli mülkiyyət hüquqlarının təminatına yönəldilib. Piratçılıqla mübarizənin gücləndirliməsi məqsədilə 2012-ci ilin iyun ayında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliklərə əsasən, Məcəllənin 229.1 maddəsinin nəzarət markası yapışdırılmadan müəllif hüquqları və əlaqəli hüquqlar obyektlərinin nüsxələrinin kommersiya məqsədilə satışı və yayılma məqsədilə saxlanılması, istehsalı və digər üsulla yayılması qadağandır. Nəzarət markası yapışdırılmayan nüsxələr müsadirə edilməklə hər bir nüsxəyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 150 manat cərimə olunacaq. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışa görə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Bununla əlaqədar olaraq, Müəllif Hüquqları Agentliyi ilə Ədliyyə Nazirliyinin razılaşdırılmış təkliflərinə hal hazırda dövlət orqanlarında baxılır. Təkliflər qəbul ediləcəyi təqdirdə İnzibati Xətalar Məcəlləsini pozmaya görə fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər isə 3000 manat cərimə olunacaqlar. Törədilən əməldə cinayət tərkibi olduğu halda, hüquq pozuntusuna yol vermiş şəxsin 3000 manat cərimə və ya 160 saatdan 240 saata qədər ictimai işlərlə cəzalandırılması, eyni əməli təkrar törətdikdə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə 7000 manat miqdarında cərimə və ya iki ildən dörd ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub”.
Anar Kəlbiyev