“ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirovun verdiyi bəyanat ciddi qarşılanmalıdır”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə məsələləri və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib. O, müharibə başlayacağı təqdirdə İranın “Şahdəniz” yatağına zərbə endirəcəyi barədə ARDNŞ təmsilçisinin açıqlamasını şərh edərkən bildirib ki, İran müxtəlif manevr və təxribatlarla Azərbaycanı özünə qoşmaq istəyir.
“İran Azərbaycanın neft siyasətini, Xəzərin enerji ehtiyatlarını öz milli maraqlarına təhlükə hesab edir. 90-cı illərin ortalarında İran ballistik raketlərini bu hövzəyə cəmləşdirməklə hazırlıq işləri aparırdı. Bu vasitə ilə Qərb dairələrini bölgədən çəkindirmək niyyətində idilər. İndiki gerçəklikdə artıq bu regionda transmilli korporasiyaların, Qərbin kifayət qədər geniş imkanlara malik olduğunu bilərək müstəvini dəyişiblər”.
Komitə üzvünün dediyinə görə, rəsmi bir şəxsin bu bəyanatla çıxış etməsi beynəlxalq dairələrdə ciddi qarşılanacaq.
“Görünür, bu haqda məxfi məlumatlar yetərincədir. Hər halda kəşfiyyat informasiyalarına söykənərək belə bir mövqe sərgilənib. Odur ki, Qərbin qarşıdakı dönəmdə Azərbaycanı himayə etməsi, onun təhlükəsizliyinin yanında olmağı da çox vacib şərtlərdən biridir. Elşad Nəsirov kimi dövlət idarəçiliyində öz sözünü demiş, peşəkar bir insan bunu sadəcə siyasi bəyanat kimi irəli sürməyib. Gerçək olaraq bölgədəki hadisələrin gələcəyini görmək baxımından əhəmiyyətli bir addım atıb”.
Aqşin Kərimov