Bu gün Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyadan Modern.az-a daxil olan məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub. Qərarların icrası ilə bağlı müzakirələr zamanı deyilənlər nəzərə alınıb.
İclasda ötən il Gədəbəydə mülkü sökülmüş, əvəzində isə konpensasiya ala bilməyən iş adamı, KXСP Ali Məclisinin üzvü Əli Abdullayevə Gədəbəy İcra Hakimiyyəti tərəfindən edilən qanunsuz hərəkətlər və təzyiqləri pisləyən bəyanat qəbul olunub.
KXCP Ə.Abdullayevin əsassız olaraq saxlanılıb mənəvi əzablara məruz qalmasını qanuna və əxlaq normalarına zidd hesab edərək qınayır, Gədəbəy rayon rəhbərliyindən Ə.Abdullayevə qarşı edilən qanunsuz hərəkətlərə və təzyiqlərə təcili olaraq son qoyulmasını təkidlə tələb edir.
Bəyanatda, KXCP rəhbərliyi tərəfindən Əli Abdullayevin hüquqlarının və haqlı tələblərinin müdafiəsi istiqamətində zəruri addımların atılacağı, bütün ölkə içi və xarici məhkəmə instansiyalarında onun müdafiəsinin təşkili edilmısi üçün müvafiq tədbirlərin görüləcəyi vurğulanır. A
KXCP Əli Abdullayevin və onun ailə üzvlərinin təhlükəsizliklərindən narahatlığını bildirir və bu ailəyə qarşı ediləcək hər hansı qanunsuzluğa görə Gədəbəy icra hakimiyyətinin birbaşa məsuliyyət daşıdığını hesab edir. Əli Abdullayevə qarşı baş verən qanunsuzluqları və təzyiqləri onun siyasi mövqeyi ilə əlaqələndirərək Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğundan sözügedən olayın araşdırılmasını tələb edib.
A.RÜSTƏMOV