“Avronest PA-nın Bakıda keçirilən Enerji Təhlükəsizliyi Komitəsinin iclasında Avropa Parlamentinin Niderlanddan olan deputatı Gerben Yan Gerbrandi öz çıxış zamanı neft sektorunun liberallaşması deyərkən təkcə neft sektorunu nəzərdə tutumayıb”. Bu sözləri Modern.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban avropalı deputatın bildirdiyi fikirləri şərh edərkən deyib. O, qeyd edib ki, hazırda 14 hüquq şəxs hasilatla məşğul olur və bunlardan real olaraq üzdə Dövlət Neft Şirkətidir, BP Azərbaycan, onun “Azəriçiraq-Günəşli”, “Şahdəniz” layihələridir. “Cəmiyyət ancaq üç şirkətin hasilatı haqqında məlumatlıdır. Yerdə qalan 11 layihə haqqında Azərbaycan cəmiyyətində bir məlumat varmı? Həmin layihələrinin hamısı Azərbaycan parlamenti təsdiq edib. Orada yazılıb ki, bu yataqlarda hasilatın pay bölgüsü sazişi imzalananda ona görə imzalanır ki, xarici şirkətlər investisiya qoyur və burada hasilatı artırırlar. Məsələn, Neft Araşdırmaları Mərkəzinin rəhbəriyəm, əlimdə bir statistik məlumat yoxdur. Həmin 11 əməliyyat şirkəti yarandıqları gündən bəri nə vaxt ilin yekunlarına görə nə qədər neft hasil etdiklərini açıqlayıblar ki, Dövlət Neft Şirkətinin balansından çıxandan sonra nəticələri müqayisə edək və onun effektivlik dərəcəsini müəyyənləşdirək”.
İ. Şaban qeyd edib ki, dövlət sektoru ümumiyyətlə effektlik dərəcəsinə görə özəl sektordan aşağıdır. “Buna görə burada böyük bir Amerika kəşf etməyə ehtiyac yoxdur. Düzdür, neft sektorunun hasilatının dövlətdə olmasına razıyam, amma paylayıcı sektorda, qazın, elektrik enerjisinin, yanacağın inhisarda olması tamamilə qeyri-effektivdir. Yoxsa bütün dünya bunu əlində saxlayardı. Bax bütün bu məsələlər bazarların inkişafında çox mühüm rol oynayır. Yəni avropalı deputat bu məsələləri qeydə alıb və ona görə də onu deyib”.Qeyd edək ki, Avronest PA-nın Bakıda keçirilən Enerji Təhlükəsizliyi Komitəsinin iclasında Avropa Parlamentinin Niderlanddan olan deputatı Gerben Yan Gerbrandi öz çıxış zamanı Azərbaycanda dövlətin enerji ehtiyatları üzərində inhisar yaratmasını bildirərkən Milli Məclisin vitse-spikeri, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov cavabında ölkədə neft ehtiyatları üzərində hökumətin heç bir inhisarı olmadığını və enerji üzərində dövlət nəzarəti olmasaydı, indi Neft Fonduna daxil olmuş vəsaitlərin həcmi qat-qat az olacağını demişdi.
Aytən ƏLİYEVA