“Bizim hər hansı bir yazını hökmən çap etmək öhdəliyimiz yoxdur”. Bunu Modern.az saytına açıqlamasında “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov millət vəkili Elmira Axundovanın ittihamlarına cavab verərkən deyib.
Onun sözlərinə görə, materialların çoxluğundan yazının dərci təxirə salınıb. “Həmin gün mənə dedilər ki, belə bir yazı var. Lakin yazıların çox olması səbəbindən bunun bir gün sonra çıxmasını bildirdim. Bir gün sonra başqa saytlarda görəndə belə qərar verdik ki, bu yazı artıq işıq üzü görüb və “Azadlıq”da dərc etmək məqsədəuyğun deyil”-deyə redaktor vurğulayıb.“Digər tərəfdən Elmira xanım şərt qoymuşdu ki, bu yazı dərc olunandan sonra bizim demokratik, müstəqil mətbuat orqanı olmağımıza inanar. Biz isə hesab edirik ki, bu meyarlar Elmira xanımın yazısını dərc etməklə ölçülmür. “Azadlıq”ın necə qəzet olduğunu və nəyin uğrunda mübarizə apardığını bütün ölkə, o cümlədən Elmira Axundova da bilir”.
Xatırladaq ki, millət vəkili Elmira Axundova “Mən o tarixi öz gözümlə görmüşəm” başlıqlı müəllif yazısını “Azadlıq” qəzetinə göndərdiyini qeyd edib və bunu dərc etmədiklərinə görə onları ittiham edib. Yazı qəzetdə işıq üzü görmüş bir məqaləyə cavab kimi yazılıb.
Aqşin KƏRİMOV