“Bu gün Azərbaycanda uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin tədricən ailə əsaslı və icma əsaslı xidmətlərlə əvəz olunması, işləyən valideynlərin uşaqlarının gündəlik olaraq başqalarına verilməməsi, eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlara günərzi və reabilitasiya xidmətlərini göstərmək üçün beş reabilitasiya mərkəzi yaradılıb”. Bu sözləri Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin De-institutlaşdırma və Uşaq müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva deyib. Onun sözlərinə görə, bu mərkəzlərə inkişafetdirici təlim materialları, reabilitasiya yönlü avadanlıqlar verilib. Müəssisədə çalışan işçilərə de-institusionalizasiya prosesi, sosial iş, uşaqlara fərdi yanaşma və hər bir uşaq üçün fərdi qayğı, fərdi təlim planlarının hazırlanması üzrə treninqlər təşkil edilib.
M. Hacıyeva qeyd edib ki, reabilitasiya mərkəzlərinin xidmətlərindən ümumilikdə 501 uşaq istifadə edir və bu gün də bura müraciətlər gündən-günə artır. “Müraciətlər həm birbaşa nazirliyə, həm də mərkəzlərə edilir. O cümlədən gələcəkdə reabilitasiya və günərzi qayğı mərkəzlərinin, o cümlədən uşaqlara yönəlmiş xidmətlərin sayının artırılması nəzərdə tutulub”.Eyni zamanda M. Hacıyeva vurğulayıb ki, Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsverk” təşkilatı arasında bağlanmış qrant sazişinə əsasən, nazirlik daim müəssisədə yaşayan 10 nəfər uşaq üçün ailə əsaslı kiçik qrup evi tikib. “Kiçik qrup evinə müəssisədə daim yaşayan və bioloji ailələrinə verilməsi mümkün olmayan 8-13 yaş arası 10 nəfər uşaq yerləşdirilib. Bu evdə yaşayan məktəb yaşlı uşaqlar yaxın ərazidə yerləşən ümumtəhsil məktəbində təhsil alırlar. Dövlət uşaq müəssisəsindən fərqli olaraq, kiçik qrup evində uşaqların ayrıca yataq otaqları, fərdi əşyaları, kompüter və yazı masaları olur. Qrup evində yaşayan uşaqların tərbiyəsi ilə növbəlilik qaydasında tərbiyəçilər məşğul olur. Kiçik qrup evinin inventar və avadanlıqla təmin edilməsi, 10 nəfər uşağın saxlanılma xərcləri və onların təlim-tərbiyəsi ilə məşğul olan tərbiyəçilərin əmək haqları “Hilfsverk” təşkilatı tərəfindən layihəyə ayrılan vəsait hesabına ödənilir”.
İ darə rəisi qeyd edib ki, layihənin icrası olaraq pilot seçilən Xəzər rayonu ərazisindəki internat məktəblərində yaşayan və övladlığa verilməsi mümkün olmayan, himayədar ailələrə veriləcək 50 uşaq seçilib. “Rayon ərazisində aparılmış təbliğat kampaniyası nəticəsində himayədar ailə olmaq istəyən 50-dən artıq namizəd ailənin qeydiyyatı aparılıb. Layihə başa çatdıqdan sonra yeni yaradılmış xidmətlərin dövlət büdcəsindən ayrılmış vəsait hesabına maliyyələşməsi nəzərdə tutulub. Bu məqsədlə yaradılmaqda olan yeni himayədar (foster) qayğı xidmətlərinin fəaliyyətini tənzimləyən “Ailə Tipli Kiçik Qrup Evi haqqında Nümunəvi Nizamnamə” və “Himayədar (Foster) Ailə Haqqında Əsasnamə” hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib”. M. Hacıyeva bildirib ki, hazırda iki beynəlxalq təşkilat ilə ölkənin digər rayonlarında kiçik qrup evlərinin yaradılması ilə bağlı gələcək layihələr barədə müzakirələr aparılır. “Kiçik qrup evinin yaradılmasını alternativ xidmətlərin təşkili sahəsində uğurlu addımdır. Belə ki, psixoloq tərəfindən qrup evində yaşayan uşaqlar ilə aparılan mütəmadi psixoloji söhbətlər nəticəsində müəyyən edilib ki, uşaqlar yaşadıqları mühitə tam adaptasiya olunublar və özlərini evin sakini hesab edirlər”.
Aytən Əliyeva