Gürcüstanda “Qaradağlı soyqırımı: Şahidlərin dili ilə” kitabının, “Azərbaycan həqiqətləri” filmlər toplusunun və “Ruhum qarabağlıdır” layihəsinin təqdimatı keçirilib. Modern.az-ın məlumatına görə, tədbirdə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin ,”Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Avrasiya Beynəlxalq Mətbuat Fondunun birgə təşkilatçılığı ilə “Qaradağlı soyqırımı: Şahidlərin dili ilə” kitabının, “Azərbaycan həqiqətləri” filmlər toplusunun və “Ruhum qarabağlıdır” layihəsinin təqdimatı keçirilib.
Təqdimat mərasimində Azərbaycan- Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Qənirə Paşayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İdarə Şurasının sədri Ümid Mirzəyev, AzərbaycandaVətəndaş Cəmiyyətinin İnkişafina Yardım Assosiasiyasının Karabakhİnfo.com e-jurnalının redaktoru Zaur Qəriboğlu , Gürcüstan parlamentinin deputatı Azər Suleymanov da iştirak ediblər.
Tədbir ilk öncə Qaradağlı və Xocalı soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla anma ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan AMM-in idarə heyətinin sədri Fazil Həsənov qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra, zaman-zaman Azərbaycan xalqının başına gətirilən müsibətlərin Gürcüstanda daim anıldığını, bununla bağlı tədbirlər keçirildiyini bildirərək ,sözü Milli Məclisin deputatı Qənirə Paşayevaya verib.
Azərbaycan xalqının faciələri ilə bağlı bir çox məqamlara toxunan Qənirə Paşayeva öz çıxışı zamanı bu məsələdə hər bir kəsi daha həssas olmağa, tariximizi dərindən öyrənməyə, bilikli və vətənpərvər ruhda gənclər böyütməyə, çiyinlərimizə düşən vətəndaşlıq və milli borcu məsuliyyətlə yerinə yetirməyə çağırdı : ” Fevral ayı bizim üçün ağır bir aydır. Xocalıda dəhşətli soyqırım həyata keçirilib, iki gün sonra ildönümü qeyd olunacaq Qaradağlı soyqırımı zamanı insanlarımıza dəhşətli faciə yaşadılıb. Biz Gürcüstanda “Xocalı ayı”na Marneulidən start verdik. Tədbirlər daha sonra bölgələrdə keçiriləcək. Milləti sözdə yox, əməldə sevməli, mən deyil, biz təfəkkürü ilə yaşamalıyıq” – deyə o ,vurğuladı. Daha sonra millət vəkili bildirdi ki, rəhbəri olduğu Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin AVCİYA ilə birlikdə həyata keçirdiyi ”Azərbaycan həqiqətləri” layihəsi 8 filmdən ibarətdir. Bu layihənin ingilis dili variantı da hazırlanıb və yayımlanacaq.
“Bu soyqırımları törədənlər tarix və ədalət qarşısında cavab verməlidirlər. Biz buna mütləq nail olmalıyıq .Erməni yalanlarının qarşısını almaq üçün yalnız həqiqəti təbliğ etməliyik.”,-deyə Qənirə Paşayeva əlavə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun İdarə Şurasının sədri Ümid Mirzəyev : “ Bizim faciəmiz Ermənistandan 270 mindən çox soydaşımızın qovulmasından başlayıb. Yol boyu kəndləri seyr etdikcə buranın ab-havasının təbiətinin ,insanlarının , torpağının mənə nə qədər əziz və doğma olduğunu hiss etdim. Düşmən də, onun havadarları da, göz qabağındadır. Öz problemlərimizi özümüz həll etməyə çalışmalıyıq.Bu mənada həmrəylik olduqca vacib məqamdır”.
Karabakhİnfo.com e- jurnalının baş redaktoru Zaur Qəriboğlu fikrini belə çatdırdı: “ Meksikanın Pakistannın , ABŞ-ın bəzi ştatlarıının Xocalı soyqırımını tanıması məhz düzgün təbliğatın nəticəsidir. Çalışdığım sahə internetlə bağlı olduğu üçün bildirməliyəm ki, bu sahədə ermənilər bizdən daha fəal işləyirlər. Sosial şəbəkələrdə ”Azərbaycan həqiqətləri” nə daxil olan filmlər var. Karabakhİnfo-ya daxil olmaqla da bu filmləri izləyə bilərsiniz”.
“Biz bu faciəvi hadisələri heç vaxt unutmamalıyıq. Həqiqətlərimizi dünyaya əzmlə çatdırmalıyıq.Azərbaycanla bütün münasibətlərdə borçalılar həmişə həmrəy olublar”- Gürcüstan Parlamentinin deputatı Azər Suleymanov öz çıxışında bildirdi.
Tədbirdə GAGİ-nin sədri Leyla Məmmədova , qocaman jurnalist Ziyadxan Məmmədov, şairə Şövkət Dağlarqızı, AMM-in təhsil şöbəsinin müdiri Mikayıl Mustafayev, AMM-in gənclər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərgiz Əliyeva çıxış edərək , Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin böyük qüvvə kimi Ağ Evin rəsmi saytında yerləşdirilmiş Xocalı soyqırımı və Dağlıq Qarabağla əlaqədar petisiyaya münasibətin sübut etdiyini toplaşanların nəzərinə çatdırdılar.
Modern.az