“1995-ci ildən bu günə kimi Sülh və Demokratiya İnstitutu Ədliyyə Nazirliyinə 10 dəfədən çox müraciət və qeydiyyatdan keçmək üçün bütün sənədlərini təqdim edib”. Bu sözləri Modern.az-a açıqlamasında Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunus Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin onun rəhbərlik etdiyi təşkilat haqqında dediklərinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, bununla bağlı onları hətta 2 dəfə Ədliyyə Nazirliyinin kollegiyasına dəvət ediblər. “Orada onların suallarına cavab verdim. Və mənə dedilər ki, heç vaxt sizin təşkilatı qeydiyyata alınmayacaq. Onda onlara qanuna riayət etmədiklərini dedim və oradan getdim”.
Qeyd edək ki, bu gün Milli Məclisdə çıxış edən deputat Azay Quliyev bildirib ki, Azərbaycanda qeydiyyatsız fəaliyyət göstərən QHT-lər mövcuddur: “Bir sıra təşkilatlar qeydiyyata alınmasında maraqlı deyil. Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu buna misal göstərmək olar. Leyla Yunusa dəfələrlə müraciət olunsa da, o, təşkilatı qeydiyyatdan keçirməkdən imtina edib”.
Aytən Əliyeva