
Tanınmış teleaparıcı İlqar Mikayıloğlu bacısı, sabiq deputat Gülər Əhmədovanın həbsi ilə bağlı ANSPRESS-in suallarını cavablandırıb. Teleaparıcı Gülər Əhmədovanın həbsi ilə bağlı məsələnin hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını bildirib.
Gülər Əhmədovanın həbsinin onun üçün ağır olduğunu deyən teleaparıcı ailəsinə aid suallara cavab vermək istəmədiyini deyib.
“Təbii ki, ağır qarşıladım. Başqa cür ola da bilməzdi. Söhbət bacıdan gedir. Amma mən ailəmlə bağlı, ümumiyyətlə şəxsi məzmunlu suallara adətən cavab vermirəm. Bunu xahiş edirəm düzgün anlayasınız. Bu mənim ailəmin daxili işidir. Məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bu da onların işidir. Mənim işim isə aparıcılıqdır. Mən də öz işimi görürəm. Peşəkarlıq adətən belə vəziyyətlərdə özünü göstərir. Anasını, övladini dəfn edib ertəsi gün səhnəyə çıxan o qədər sənətkarlarımız olub ki… Məncə burada təəccüblü heç nə olmamalıdır. Mən şəxsi problemimlə tamaşaçımı yükləyə bilmərəm. Ola bilsin ki, “Günə Baxan”ın tamaşaçıları arasında dəfndən və ya cümə axşamından, lap elə xərçəng xəstəliyindən əziyyət çəkən yaxınına baş çəkərək xəstəxanadan dərd içində qayıdan kəslər də var. Müqayisəni özünüz aparın”,-deyə İ.Mikayıloğlu bildirib.
Modern.az