Millət vəkili Eldar Quliyev “Avropanın fəxri alimi” diplomu və “V.Q.Leybnis” medalı ilə təltif edilib. Modern.az-ın məlumatına görə, Almaniyanın paytaxtı Berlində İntercontinental otelin konfrans salonunda keçirilən təntənəli mərasimlə Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevə Avropa Təbiət Elmləri Akademiyası (ATEA) tərəfindən mükafatlandırılıb.
ATEA və Azərbaycanın Almaniyadakı Səfirliyinin birgə təşkilatçılığıyla keçirilən tədbirdə
Almaniyadakı Azərbaycan və Türk diasporasının nümayəndələri iştirak edib. Təqdimat mərasimini Azərbaycanın Almaniyadakı səfirinin müşaviri Rizvan Nəbiyev açaraq Azərbaycan-Almaniya iqtisadi, elmi və mədəni əlaqələrinin inkişafından danışaraq, təltiflərin önəmindən bəhs edib.
Sonra ATEA-nın prezidenti, akademik V.G.Tıminski Eldar Quliyevin elmi araşdırmaları və onun Avropa Universitetləri və akademiyaları ilə sıx əməkdaşlığından söz açıb. Hər iki mükafatı təqdim edən Akademiya prezidenti E.Quliyevin Avropanın bir sıra ölkələrində çap olunmuş elmi məqalələrin əhəmiyyətini xüsusi qeyd edib.
Təqdimat mərasimində Almaniya Parlamentinin deputatı Prof. Dr, Hakkı Keskin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin sədri Səmirə İsmayılova, Avropa Azərbaycanlılar Konqresinin sədri Bahəddin Kaya, ATEA-nın Türk Dünyası ölkələri şöbəsinin rəhbəri prof. Elçin İsgəndərzadə və başqaları çıxış edərək laureatı təbrik etmiş və Almaniya-Azərbaycan elmi əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Sonda millət vəkili Eldar Quliyev ATEA-nın rəhbərliyinə və mərasim iştirakçılarına dərsin təşəkkürünü bildirib və Azərbaycan dövlətinin son illər aqrar iqtisadiyyat və ərzaq təhlükəsizliyi sahəsində gördüyü məqsədyönlü işlərdən ətraflı məlumat verib.

Modern.az