“Dərman preparatlarının televiziya kanallarında reklam edilməsi məsələsi çoxdan gündəmdədir. Bir neçə il bundan əvvəl Səhiyyə Nazirliyinə müraciət etmişdik ki, reseptlə və ya reseptsiz dərman preparatlarının siyahısını bizə göndərsinlər. MTRŞ da bu siyahını telekanallara göndərəcək ki, hansı dərmanlar reklam oluna bilər, hansıları yox”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O, qeyd edib ki, bununla bağlı artıq Səhiyyə Nazirliyindən məktub gəlib.
“Həmin məktubda reseptsiz verilən bir neçə dərman haqqında rəy verilib və biz də bunu hazırlayıb bütün telekanallara göndərəcəyik. Bununla da ancaq Səhiyyə Nazirliyi tərəfindən rəy verilən reseptsiz dərmanların reklamı yayımlanacaq. Əgər yayımlanan reklam haqqında rəy yoxdursa, o zaman bu qanun pozuntusu hesab olunacaq və tərəfimizdən kanal cəzalandırılacaq”.
Qeyd edək ki, bu gün Milli Məclisdə “Reklam haqqında” Qanunun müzakirəsi zamanı millət vəkili Rəfael Cəbrayılov telekanallarda dərman preparatlarının reklamının qadağan olduğunu bildirib. Televiziyalar dərmanların reklamına geniş yer verirlər. Televiziya yayım şurası da buna münasibət bildirmir.
Aytən Əliyeva