Modern.az

Azərbaycan deputatları müxtəlif ölkələrə gedirlər

Azərbaycan deputatları müxtəlif ölkələrə gedirlər

Aktual

22 Fevral 2013, 17:35

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a daxil olan məlumata əsasən, deputat Jalə Əliyeva fevralın 22-dən 27-dək Türkiyədə  səfərdə olacaq.  Deputat əvvəlcə Yalova  şəhər  bələdiyyəsinin  və Azərbaycanın Türkiyədəki səfirliyinin  təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş  “Qarabağın  işğalı  və Xocalı soyqırımı” adlı Beynəlxalq konfransda, sonra isə İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin  yaranmasının  20 illiyinə  həsr  edilmiş  toplantıda  iştirak  edəcək.

Milli Məclisin deputatları Aydın Mirzəzadə   və Elman Məmmədov Xocalı faciəsinə həsr  edilmiş tədbirlərdə iştirak etmək üçün  fevralın 22-dən 27-dək Türkiyəyə səfər edəcəklər. Qardaş ölkənin Giresun Universitetində və Yalovada Əskişəhər Osmanqazi Universitetində “Qarabağın işğalı və Xocalı  soyqırımı” mövzusunda beynəlxalq  konfranslarda  iştirak edəcək deputatlarımız tədbir  iştirakçılarına  faciə haqqında  ətraflı məlumat  verəcəklər.

Aydın Mirzəzadə  daha  sonra Ankara  və Trabzon şəhərlərində də olacaq., burada Xocalı faciəsinin 21-ci ildönümünə həsr  edilmiş tədbirlərə qatılacaq.  

Milli Məclisin deputatı Musa Qasımlı Türk Hava Qurumu  Universitetinin  və Universitet Məzunları İctimai Birliyinin  təşkilatçılığı  ilə Xocalı soyqırımına  həsr  edilmiş  toplantılarda  iştirak etmək üçün  fevralın  23-dən 28-dək  Ankarada  səfərdə olacaq.

Deputat Azərbaycan tarixinin bu qanlı  səhifəsi, faciənin  miqyası və Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin  mövcud durumu barədə  tədbir iştirakçıları ilə  fikirlərini bölüşəcək.

Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Avropanın bir sıra ölkələrində anma mərasimləri, müxtəlif tədbirlər və aksiyalar keçirilir. Milli Məclisin deputatları Qənirə Paşayeva və Rövşən Rzayev Almaniyadakı tədbirlərə qatılmaq üçün fevralın 21-də Berlin şəhərinə səfərə yola düşəcəklər.

Bu ölkədə Alman-Azərbaycan Forumu tərəfindən Bundestaqın nəzdində fəaliyyət göstərən Almaniya Parlament Cəmiyyətində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik, Almaniya-Azərbaycan münasibətlərinin perspektivləri” mövzusunda simpozium keçiriləcək. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ilə Türk-Azərbaycan Birliyi isə Berlin, Frankfurt, Köln, Hamburq və Hannover şəhərlərində anma mərasimləri təşkil edəcək. “Azərbaycan Evi” Cəmiyyəti ilə Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti Berlində etiraz nümayişi, Bielefelddə yürüş-nümayiş, Drezdendə və Maqdeburqda təbliğat kampaniyaları  keçirməyi planlaşdırıb. Almaniyada təhsil alan tələbə soydaşlarımız isə ölkənin siyasi, elm və mədəniyyət dairələrinə Xocalı soyqırımı barədə məlumatların göndərilməsini təmin edəcək.
Tədbirlərdə deputatlar yaxından iştirak edəcək, alman ictimaiyyətinə Xocalı soyqırımı barədə ətraflı məlumat verəcək, Azərbaycan həqiqətlərinə dair sənədlər yayacaqlar. 2011-ci ildə Almaniyada ilk dəfə işıq üzü görmüş “Xocalı” kitabının müəllifi Rolf Kunş ilə görüşüb fikir mübadiləsi aparacaqlar. 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev daha sonra Avstriyaya yola düşəcək. Deputatımız fevralın 27-dən martın 2-dək Vyana şəhərində səfərdə olacaq. Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyinin təşkil etdiyi konfransa qatılacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı