Bakıda və ümumilikdə iri şəhərlərdə urbanizasiya prosesinə təsir edən əsas amillərdən biri ekoloji problemlərdir.
Modern.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Akademiya və Tədqiqat Dəyirmi Masası” adlı panel sessiyada çıxışı zamanı Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib.
Onun sözlərinə görə, şəhərlərin gələcək inkişafını əsasən üç faktor müəyyən edir: ekoloji məsələlər, texnoloji yeniliklər və demoqrafik dəyişikliklər:
“Bakıda qarşıdakı illərdə əsas problemlərdən biri ekoloji məsələlər olacaq. Xüsusilə Xəzər dənizinin səviyyəsinin dəyişməsi, Bakıda fəaliyyət göstərən limanların qarşılaşdığı çətinliklər, həmçinin içməli su təminatı böyük çağırış yaradır. Azərbaycan su ehtiyatlarının mühüm hissəsini qonşu ölkələrdən aldığı üçün su təminatından ciddi şəkildə asılıdır”.
O qeyd edib ki, bu səbəbdən universitetdə su ehtiyatları, içməli su təhlükəsizliyi və Xəzər dənizinin gələcəyi ilə bağlı yeni tədqiqat proqramları yaradılır.
“Bu amillər şəhərlərin böyüməsini və mənzil inkişafını birbaşa müəyyən edəcək”.
F.İsmayılzadə onu da əlavə edib ki, texnoloji dəyişikliklər də urbanizasiya prosesində mühüm rol oynayır:
“Azərbaycan hazırda bərpa olunan enerji mənbələrinin inkişafına diqqət ayırır, ənənəvi neft-qaz resurslarını alternativ enerji ilə əvəzləməyə çalışır. Eyni zamanda ağıllı texnologiyaların gündəlik şəhər idarəçiliyində və nəqliyyat sistemində tətbiqi istiqamətində işlər aparılır”.
O həmçinin vurğulayıb ki, bu problemlərin həlli üçün beynəlxalq əməkdaşlıq vacibdir:
“Azərbaycan nisbətən kiçik ölkədir. Xüsusilə su ehtiyatları və Xəzər dənizi ilə bağlı məsələlərdə qonşu dövlətlərlə əməkdaşlıq etməliyik. Texnologiya sahəsində isə inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmaq, böyük məlumat analitikası və innovativ texnologiyaları tətbiq etmək vacibdir”, - deyə F.İsmayılzadə qeyd edib.