Modern.az

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Aktual

Bu gün, 10:02

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb.

Modern.az Oxu.az-a istinadən xəbər verir ki, yeni agentliyin yaradılması ölkədə sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi və qeyri-neft ixracının təşviqi sahəsində dövlət siyasətinin daha çevik və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə xidmət edən yeni institusional mərhələdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri özəl sektorun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, ölkənin investisiya cəlbediciliyinin artırılması və qeyri-neft ixracının genişləndirilməsidir. Yeni agentliyin yaradılması da bu strateji kursun davamı olaraq sahibkar, investor və ixracatçılarla işin vahid və daha səmərəli institusional mexanizm çərçivəsində təşkilinə imkan yaradacaq.

Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft-qaz sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi, ixrac imkanlarının genişləndirilməsi, sahibkarların maraqlarının qorunmasında iştirak və dövlət qurumları ilə biznes arasında əlaqələndirmənin təmin edilməsi istiqamətlərində fəaliyyət göstərəcək.

Bu funksiyaların vahid qurumda birləşdirilməsi sahibkarların dövlət dəstəyi mexanizmlərinə çıxışının sadələşdirilməsinə, investorlara göstərilən xidmətlərin əlaqələndirilməsinə, yeni investisiya layihələrinin təşviqinə, Azərbaycan məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə və ümumilikdə ölkədə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.

Yeni agentliyin fəaliyyətə başlaması ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) səlahiyyət müddəti başa çatıb və onun müvafiq funksiya və səlahiyyətləri yeni agentliyə keçib. Bununla da KOBİA-nın 8 illik fəaliyyəti dövründə formalaşdırılmış sahibkarlara dəstək infrastrukturu və mexanizmləri yeni institusional formatda davam etdiriləcək.

KOBİA-nın fəaliyyətinin başa çatması ilə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədovun da qurumda rəhbər vəzifəsinin səlahiyyət müddəti başa çatıb.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) də səlahiyyətlərini icra edəcək yeni agentlik sahibkarlığın inkişafı, investisiya və ixracın təşviqi arasında daha sıx əlaqənin qurulmasına xidmət edəcək. Onun fəaliyyəti, həmçinin özəl sektorun iqtisadiyyatda rolunun genişlənməsinə və Azərbaycanın regional investisiya və biznes mərkəzi kimi mövqeyinin daha da gücləndirilməsinə yönələcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...