Azərbaycan–Slovakiya münasibətlərində son illərdə yeni mərhələ formalaşıb. Tərəflər arasında siyasi dialoqla yanaşı, enerji, müdafiə sənayesi, təhlükəsizlik, nəqliyyat, investisiya və texnologiya sahələrində əməkdaşlıq genişlənir. Xüsusilə 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədən sonra münasibətlərdə praktiki istiqamətlərin önə çıxması diqqət çəkir. Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini söyləyib.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-Slovakiya Parlamentlərarası İşçi Qrupunun üzvü Elçin Mirzəbəyli bildirib ki, iki ölkə arasındakı əlaqələr siyasi münasibətlər çərçivəsindən çıxaraq çoxşaxəli tərəfdaşlıq formatına keçib:
"Azərbaycan–Slovakiya münasibətlərinin hazırkı mərhələsini səciyyələndirən əsas xüsusiyyət onların siyasi münasibətlər səviyyəsindən çıxaraq praktiki və çoxqatlı tərəfdaşlıq formatına keçməsidir. 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədən sonra qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivləşməsi, enerji sahəsində konkret nəticələrin əldə olunması, müdafiə sənayesi üzrə əməkdaşlığın yeni məzmun qazanması və məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında sazişin imzalanması münasibətlərin keyfiyyət baxımından yeni mərhələyə daxil olduğunu göstərir. 2026-cı ilin iyulunda Slovakiya Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər münasibətlərin artıq yalnız siyasi dialoqla məhdudlaşmadığını, konkret layihələr və praktiki əməkdaşlıqla müşayiət olunduğunu xüsusi vurğulayıblar".
O qeyd edib ki, Azərbaycan–Slovakiya tərəfdaşlığının əhəmiyyətini yalnız ikitərəfli əlaqələr kontekstində qiymətləndirmək doğru olmaz. Deputatın sözlərinə görə, Slovakiyanın Avropa İttifaqı üzvü və Mərkəzi Avropanın mühüm sənaye-nəqliyyat məkanlarından birində yerləşməsi münasibətlərə əlavə strateji əhəmiyyət qazandırır:
"Azərbaycan isə Avropa ilə Asiya arasında enerji və nəqliyyat bağlantılarının formalaşdığı geoiqtisadi məkanın əsas aktorlarından biridir. Buna görə iki ölkənin münasibətlərində yaranan sinerji yalnız qarşılıqlı ticarət və investisiyalarla ölçülə bilməz. Burada daha geniş bir məqam – Azərbaycanın Avropa iqtisadi və siyasi məkanına bağlantılarının şaxələndirilməsi prosesi müşahidə olunur. Azərbaycanın Slovakiya üçün əhəmiyyəti ilk növbədə enerji təhlükəsizliyi, Cənubi Qafqazda sabitlik, Avropa ilə Asiya arasında nəqliyyat əlaqələri və yeni iqtisadi imkanlarla bağlıdır. Slovakiyanın Azərbaycan üçün əhəmiyyəti isə Avropa İttifaqının daxili iqtisadi məkanına, Mərkəzi Avropa sənayesinə, texnoloji kompetensiyalara və təhlükəsizlik institutları ilə əməkdaşlıq imkanlarına çıxışda özünü göstərir".

Elçin Mirzəbəyli enerji əməkdaşlığının da münasibətlərin əsas istiqamətlərindən biri olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycanın Slovakiyaya qaz ixracının başlaması yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır:
"Azərbaycan qazının 2025-ci ildən Slovakiyaya çatdırılması ilə enerji əməkdaşlığı artıq potensialdan real mexanizmə çevrilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində iştirakının coğrafiyasının genişlənməsi ölkəmizin etibarlı təchizatçı kimi mövqeyini möhkəmləndirməklə yanaşı, Avropa ilə uzunmüddətli qarşılıqlı asılılıq mexanizmlərində iştirakını artırır. Lakin münasibətlərin gələcəyini yalnız enerji amili üzərində qurmaq doğru olmazdı. Qaz əməkdaşlığının yaratdığı siyasi və iqtisadi etimad digər sahələrə keçid üçün başlanğıc nöqtəsi kimi istifadə edilməlidir. Azərbaycan–Slovakiya əlaqələrinin real strateji potensialı enerji ilə texnologiyanın, maliyyə ilə sənayenin, coğrafi mövqe ilə logistikanın bir-birini tamamlamasında meydana çıxır".
Parlamentlərarası İşçi Qrupunun üzvü müdafiə sənayesində əməkdaşlığın da xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
"Burada söhbət ənənəvi silah və hərbi texnika tədarükündən daha geniş bir prosesdən gedir. Azərbaycan Prezidentinin 2025-ci ilin dekabrında Slovakiya ilə müdafiə sənayesi əməkdaşlığını texnologiya ilə maliyyə imkanlarının birləşdirilməsi və yeni məhsulların birgə istehsalı kontekstində təqdim etməsi təsadüfi deyil. Slovakiya tərəfi də texnologiya transferi, Azərbaycan resurslarının cəlb olunması və birgə istehsal imkanlarını açıq şəkildə qeyd edib. Bu yanaşmanın üstünlüyü ondadır ki, əməkdaşlığın predmeti hazır məhsuldan texnoloji kompetensiyaya çevrilir. Azərbaycan üçün Slovakiyanın sənaye və mühəndislik imkanları ilə ölkəmizin maliyyə və regional bazarlara çıxış imkanlarının birləşdirilməsi yeni əlavə dəyər yarada bilər. Əgər bu əməkdaşlıq birgə istehsal və texnologiya transferi səviyyəsinə yüksələrsə, onun nəticəsi yalnız müdafiə sənayesinin inkişafı ilə məhdudlaşmayacaq, daha geniş sənaye modernləşməsinə təsir göstərə bilər".
O, 2026-cı il iyulun 8-də imzalanmış məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında sazişin də münasibətlərin institusional dərinliyini göstərdiyini deyib:
"İlk baxışda texniki xarakter daşıyan bu sənəd əslində münasibətlərin institusional dərinliyinin göstəricisidir. Çünki yüksək texnologiyalı müdafiə sənayesi, təhlükəsizlik, kritik infrastruktur və digər strateji sahələrdə əməkdaşlıq qarşılıqlı etimad və məlumat təhlükəsizliyi mexanizmləri olmadan inkişaf edə bilməz. Məxfi məlumat mübadiləsi haqqında saziş münasibətlərin nəticəsi olmaqla yanaşı, onların gələcək inkişafı üçün də hüquqi-institusional baza yaradır. Bu baxımdan əməkdaşlığın texnoloji təhlükəsizlik, kibertəhlükəsizlik, kritik infrastrukturun qorunması və müdafiə sənayesində birgə layihələr istiqamətində genişlənməsi mümkündür".
Elçin Mirzəbəyli əlavə edib ki, Slovakiyanın Avropa İttifaqı daxilində tutduğu mövqe də Azərbaycan üçün mühüm əməkdaşlıq imkanları yaradır:
"Burada söhbət hansısa ölkənin digər Avropa dövlətlərini əvəz etməsindən getmir. Məsələ Azərbaycanın Avropa ilə münasibətlərinin müxtəlif milli maraqların, iqtisadi strukturların və regional prioritetlərin kəsişdiyi daha geniş platformada inkişaf etdirilməsidir. Slovakiyanın Mərkəzi Avropadakı coğrafi mövqeyi bu baxımdan əlavə əhəmiyyət daşıyır. Azərbaycanın Orta Dəhlizdəki rolu yalnız Şərq ilə Qərb arasında tranzit imkanları ilə məhdudlaşmır. Əgər nəqliyyat bağlantıları sənaye, logistika, anbarlaşdırma, rəqəmsal ticarət və istehsal kooperasiyası ilə tamamlanarsa, Azərbaycan tranzit ölkədən regional iqtisadi bağlantı mərkəzinə çevrilmək imkanlarını genişləndirə bilər. Slovakiya isə Mərkəzi Avropanın sənaye və logistika məkanına çıxış baxımından bu prosesdə potensial tərəfdaşlardan biri kimi çıxış edə bilər".
Deputatın sözlərinə görə, Azərbaycan–Slovakiya iqtisadi əlaqələrində əsas hədəf yalnız ticarət dövriyyəsinin artırılması deyil, onun strukturunun dəyişdirilməsi və investisiya əməkdaşlığının genişləndirilməsi olmalıdır:
"Azərbaycanın Slovakiya ilə iqtisadi əməkdaşlığında əsas məsələ ticarət dövriyyəsinin mexaniki şəkildə artırılması deyil. Daha mühüm məsələ ticarətin strukturunun dəyişdirilməsi, investisiya əməkdaşlığının genişləndirilməsi və birgə istehsal imkanlarının yaradılmasıdır. Qarabağın və Şərqi Zəngəzurun bərpası həmin potensialın reallaşdırılması üçün ayrıca əhəmiyyət kəsb edir. Slovakiya şirkətlərinin Qarabağın yenidən qurulması prosesində, o cümlədən Ağdam rayonunun Baş Qərvənd kəndində “Ağıllı kənd” layihəsində iştirakı münasibətlərin yalnız diplomatik bəyanatlar səviyyəsində qalmadığını göstərən konkret nümunədir. 2026-cı ilin iyulunda Azərbaycan və Slovakiya prezidentlərinin Qarabağa birgə səfəri zamanı bu layihənin xüsusi qeyd edilməsi də əməkdaşlığın praktiki xarakter daşıdığını nümayiş etdirir".