Modern.az

Seçkidən sonrakı Türkiyəni gözləyən perspektiv - ŞƏRH

Seçkidən sonrakı Türkiyəni gözləyən perspektiv - ŞƏRH

Aktual

12 Noyabr 2015, 10:58

Türkiyədə noyabrın 1-də keçirilən parlament seçkiləri aylardır davam edən siyasi qeyri-müəyyənliyə son qoydu. Ədalət və İnkişaf Partiyası (AKP) seçkilərdə inamlı qələbə qazanaraq ölkənin inkişaf perspektivləri ilə bağlı vahid konsepsiya təqdim edə bilməyən və xarizmatik lideri olmayan müxalifət partiyalarını məğlub etdi.

Nəticə aydındır – 317 mandat qazanan AKP təkpartiyalı hökumət formalaşdıracaq və yaxın 2 il ərzində yeni Konstitusiya layihəsini qəbul etdirəcək. Rəcəb Tayyip Ərdoğan Türkiyəni prezident respublikasına çevirməklə bağlı bir neçə ildir hazırladığı planı, nəhayət gerçəkləşdirərək hakimiyyət rıçaqlarını əlinə alacaq.  

Rəcəb Tayyip Ərdoğan 2002-ci ildə partiyası ilk dəfə seçkidə qalib gəldiyi dönəmdən günümüzə qədər əsas uğur arqument olaraq ötən 13 ildə ölkə iqtisadiyyatının 2,5 dəfə artmasını misal çəkir.

Məhz iqtisadiyyatda əldə olunanlar AKP uğurunun əsas lokomotividir. Kürd indentikliyinə əsaslanaraq tərəfdar toplayan Xalqların Demokratik Partiyası (DHP), türk millətçilərini əsas elektorat seçən Milliyyətçi Hərəkat Partiyası (MHP) və 25 ildir hakimiyyətə gəlmək üçün bütün xalq kütlələrinin maraqlarını əhatə edə bilməyən Cümhuriyyət Xalq Partiyası (CHP) ilə müqayisədə mühafizəkarlıq və liberizmin sərhəddində bütöv ideologiya formalaşdıra bilən AKP bu baxımdan da siyasi rəqiblərini üstələyir.  

Ümumlikidə, Türkiyə iqtisadiyyatı, xüsusən qiymətli kağızlar və bank sektoru AKP-nin qələbəsinə müsbət reaksiya verdi, lirənin dollara qarşı məzənnəsi qalxdı, investorların siyasi hakimiyyətlə bağlı rahatlığı yarandı. Bu əlavə stimullar ölkə iqtisadiyyatına müsbət təsir göstərsə də, geopolitik baxımdan AKP-nin qələbəsi Avropa Birliyi düşərgəsində narahatlıqla qarşılandı.  

Türkiyə 1963-cü ildən Avropa Birliyinə üzv olmaq üçün danışıqlar aparır. Həmin tarixdən keçən 50 il ərzində İstanbul və Brüssel arasında münasibətlər intensiv danışıqlar, yaxud soyuq qarşıdurmalar şəklində özünü biruzə verib. Avropa Türkiyənin regional önəmini, Avropa Birliyinin iqtisadiyyatı üçün ucuz işçi qüvvəsi ola biləcək əhalisini və s. nəzərə alaraq uzun illər rəsmi Ankaranı şirnikləndirir, amma 80-dən artıq tələb irəli sürürdü.

Həll olunmamış Kipr münaqişəsi, “erməni soyqırımı”nın tanınması və Ermənistanla sərhədlərin açılması, məhkəmə, vergi və cinayət məcəllələrində geniş islahatlar tələbi və s. bu istəyin gerçəkləşməsinə mane olurdu. Təsadüfi deyil ki, ağır xasiyyəti ilə seçilən Ərdoğan buna “Avropa Birliyi bizə lazım deyil. Biz heç kəsdən bizi üzv qəbul etməsi üçün yalvarmayacayıq. Türkiyənin öz yolu var” – deməklə reaksiya vermişdi.  

Amma Suriya münaqişəsinin başlanması bütün kartları alt-üst etdi. Kütləvi miqrant köçünə hazır olmayan Avropa Birliyi qonşu olan region dövlətlərinin iradəsindən müəyyən mənada asılı duruma düşdü. Avropa bu ilin sonuna qədər 1,2 milyon miqrant qəbul etməyə hazırlaşır. Bu miqrantların böyük əksəriyyəti məhz Türkiyə ərazisindən Avropaya pənah gətirir.

Rəsmi Brüssel 2 milyon suriyalıya ərazisində sığınacaq verən Türkiyədən qeyri-leqal miqrantlara qarşı daha effektiv mübarizə aparmasını və onların “qoca qitə”yə gəlmə şanslarını minimuma endirməyi istəyir.

Təsadüfi deyil ki, ötən həftə bu məsələni müzakirə etmək üçün Almaniyanın kansleri Angela Merkel Türkiyəyə səfər etdi və Ərdoğanı bu addımlara inandırmağa çalışdı.  

Ankaranı inandırmaq üçün Avropa Birliyi Nazirlər Şurası ölkəyə 3 milyard avro yardım ayırmaq barədə qərar da vermişdi. Lakin Əroğanın daha bir tələbi – Türkiyə vətəndaşları üçün Şengen vizasının ləğv olunması istəyi Avropa Birliyini çətin vəziyyətə salıb.

Bu istəyin yerinə yetirilməsi Suriya, Əfqanıstan və afrikalı miqrantların qarşısında sədd çəkə bilməyən Brüsselin qanuni əsasla bölgəyə gələn çoxmilyonlu türk miqrant ordusu ilə qarşılaşacağı deməkdir.

Avropa Birliyinə qəbul olma perspektivləri çətinə düşən Türkiyə (Yunanıstan və Cənubi Kiprin veto hüququ, Fransa və Almaniyanın Türkiyənin qəıbul olunmasına isti baxmaması və s.) əslində mövcud situasiyada ən doğru addımı atdı.

Şengen vizasının ləğvi və Avropa Birliyinin imtiyazlı tərəfdaşı kimi rəsmi Ankara Brüsselə uzanan yarım əsrlik inteqrasiya prosesini de-yure olmasa da, de-fakto reallaşdıra bilər. Məhz bu AKP-nin, həm də Ərdoğanın Türkiyənin gələcəyinə ən böyük töhfəsi ola bilər.  

Vüqar İsmayılov                                                  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı