Modern.az

Rusiya Zəngəzur layihəsində olmayacaq - AÇIQLAMA

Rusiya Zəngəzur layihəsində olmayacaq - AÇIQLAMA

Analitika

Bu gün, 16:44

Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvanın TRIPP layihəsində iştirakı ilə bağlı açıqlaması və Ermənistanla Rusiya arasında dəmir yolları məsələsinə dair işçi qrupunun fəaliyyətinin gündəmə gəlməsi Moskvanın layihəyə qoşulması ehtimalı ətrafında müzakirələri artırıb. Bununla belə, Rusiyanın layihədə birbaşa iştirakının ABŞ-ın mövqeyindən və Rusiya Dəmir Yolları şirkətinə qarşı tətbiq olunan sanksiyalardan asılı olduğu bildirilir. Ermənistanın dəmir yolu infrastrukturunun bərpası və sərhəd nəzarəti məsələləri də prosesin əsas mübahisəli məqamları sırasındadır. 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov bildirib ki, Rusiyanın TRIPP layihəsində birbaşa iştirakını inandırıcı hesab etmir:

“Açıq şəkildə deyim ki, Rusiyanın "Tramp layihəsi"ndə iştirakını qeyri-mümkün hesab edirəm. Əvvəla, bu, ABŞ ilə Ermənistan arasında ikitərəfli layihədir və burada təxminən 74 faiz pay ABŞ-a məxsusdur. ABŞ-ın razılığı olmadan heç kimin həmin layihədə iştirakı mümkün deyil. Rusiyanın iştirakını məhdudlaşdıran digər amil isə Rusiya Dəmir Yolları şirkətinin sanksiyalar altında olmasıdır. Bu şirkətlə əməliyyatlar aparmaq, onunla sazişlər bağlamaq mümkün deyil. Deməli, Rusiya layihəyə qoşulacaqsa, ABŞ ya öz iştirakından imtina etməli, ya da layihəni Rusiyaya həvalə etməlidir. ABŞ-ın belə bir addım atacağını düşünmürəm”.

                       

Deputat qeyd edib ki, layihə reallaşdıqdan sonra dəmir yolu əlaqələrinin Ermənistan ərazisindən keçməklə Naxçıvana və oradan Türkiyəyə uzadılması məsələsi gündəmə gələcək. Bu isə Ermənistanın dəmir yolu infrastrukturunun bərpasını zəruri edir.

Onun sözlərinə görə, Ermənistanın dəmir yollarını Rusiya idarə edir və ölkədə bir sıra istiqamətlər üzrə dəmir yolu xətlərinin bərpasına ehtiyac var. O, Arazdəyən (Yerasx) istiqamətində Naxçıvana birləşən təxminən 5-6 kilometrlik, Gümrü-Türkiyə istiqamətində isə təxminən 10 kilometrlik xəttin bərpasının gündəmdə olduğunu bildirib. Eyni zamanda, İcevan-Qazax istiqamətində sökülmüş dəmir yolu hissələrinin bərpası və Ermənistanın mövcud dəmir yolu şəbəkəsinin modernləşdirilməsi də ciddi investisiya tələb edir.

“Rusiya tərəfi də bildirir ki, əgər onu prosesdən kənarda saxlayırsınızsa, amma sadaladığım işləri görməyi ondan gözləyirsinizsə, Rusiya bundan imtina edir. Burada ziddiyyət yaranır”, – deyə Rasim Musabəyov vurğulayıb.

Deputatın fikrincə, TRIPP layihəsinin reallaşması Azərbaycanın əsas məqsədlərindən biri olan Naxçıvana maneəsiz bağlantı baxımından mühüm əhəmiyyət daşıyır. Ermənistanın dəmir yolu infrastrukturunun bərpası isə daha çox bu ölkənin beynəlxalq yükdaşımalar sisteminə qoşulması üçün vacibdir.

“Azərbaycan üçün əsas məsələ Meğri istiqamətindən keçən hissədir. "Tramp layihəsi" reallaşsa, bizə əlavə olaraq başqa bir şey lazım deyil. Qalan işləri özümüz görə bilərik. Türkiyə də Qarsdan Naxçıvana dəmir yolunun tikintisinə başlayıb.

Ancaq Ermənistan beynəlxalq daşımalarda iştirak etmək istəyirsə, sadaladığım dəmir yolu xətlərini mütləq bərpa etməlidir. Bu işləri ya Rusiya Dəmir Yolları görməli, ya da Rusiya prosesdən kənarlaşdırılmalı, dəmir yollarının idarəçiliyi Ermənistana qaytarılmalıdır. Ermənistan bu işləri öz vəsaiti hesabına həyata keçirə və ya üçüncü ölkəni cəlb edə bilər”.

Rasim Musabəyov Qazaxıstanın Ermənistanın dəmir yolu infrastrukturunun bərpası ilə bağlı prosesə cəlb olunması ehtimalına da münasibət bildirib. O, Qazaxıstanın bu qədər böyük öhdəliyi üzərinə götürməkdə maraqlı olacağına şübhə ilə yanaşdığını deyib.

Deputat, həmçinin Meğri istiqamətində sərhəd nəzarəti məsələsinin də həllini gözlədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Ermənistanın İranla sərhədində hazırda Rusiya sərhədçiləri xidmət aparır və onların gələcəkdə bu ərazidə qalıb-qalmaması ayrıca razılaşma tələb edə bilər.

“İstisna etmirəm ki, Ermənistan Rusiya sərhədçilərini oradan uzaqlaşdıraraq sərhədə nəzarəti tamamilə öz üzərinə götürə bilər. Məncə, bu, daha məqbul variantdır. Rusiyanın orada saxlanılması məsələsi isə Ermənistanın qərarından asılıdır. Ancaq hələlik ABŞ-ın buna razılıq verəcəyi mənə inandırıcı görünmür. Bu məsələ Rusiya, ABŞ və Ermənistan arasında müzakirə olunmalıdır. Hər halda, Rusiyanın dəmir yollarının bilavasitə TRIPP layihəsinə qoşulmasını real hesab etmirəm”, - deyə Rasim Musabəyov fikrini yekunlaşdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar