Modern.az

Gürcüstan-Azərbaycan münasibətlərini kimlər pozmaq istəyir?

Gürcüstan-Azərbaycan münasibətlərini kimlər pozmaq istəyir?

Analitika

Bu gün, 15:31

Son günlər Gürcüstanda Azərbaycanla bağlı bir neçə hadisə diqqət çəkib. Sentyabrın 21-də Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurulub, sentyabrın 29-da isə Krtsanisi Milli Meşə Parkında Azərbaycan və Gürcüstan bayraqlarının yer aldığı stend aşırılıb. Bundan əlavə, Gürcüstan Pravoslav Kilsəsi Qaxdakı Kürmük məbədi ilə bağlı iddia irə sürüb.

Baş verənlər fonunda Gürcüstan-Azərbaycan münasibətləri ətrafında müzakirələr yenidən aktuallaşıb. İki ölkə arasında münasibətlərə zərbə vurmaq istəyənlərin arxasında kimlərin durduğu maraq doğurur.

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında əslən Gürcüstandan olan sabiq diplomat Nəsib Nəsibli bildirib ki, Azərbaycan strateji müttəfiq ölkələrlə münasibətlərdə xoşagəlməz halların baş verməsinə soyuqqanlı yanaşmalıdır:

“Azərbaycan strateji müttəfiqdir. Təbii ki, münasibətlər çərçivəsində xoşagəlməz hadisələr də baş verə bilər. Amma belə məsələləri şişirtmək və böyük hadisə kimi təqdim etmək doğru deyil. Əsas məsələ yaranan vəziyyəti yerindəcə araşdırmaq, məsələyə aydınlıq gətirmək və bununla kifayətlənməkdir”.

Gürcüstan-Azərbaycan münasibətləri fonunda yaranan müzakirələrə Gürcüstandan da reaksiya verilib.

İlya Çavçavadze Mərkəzinin təsisçisi Zaza Bibilaşvi Gürcüstan-Azərbaycan dostluğuna təhlükə yaranacağını istisna etdiyini bildirib. O, sosial şəbəkədə paylaşdığı açıqlamasında iki ölkə arasındakı münasibətlərə xələl gətirmək istəyən qüvvələrin olduğunu və bu proseslərin arxasında Rusiyanın dayandığını iddia edib.

Bibilaşvinin sözlərinə görə, hətta məişət xarakterli anlaşılmazlıqlar belə daha geniş münaqişəyə çevrilə və iki ölkə arasında münasibətlərə ciddi zərər vura bilər.

O, Gürcüstanın işğal olunmuş ərazilərindəki tarixi və dini abidələrin vəziyyətinə də diqqət çəkib:

“Rusiyanın işğal etdiyi Gürcüstan ərazilərində – Tsxinvali rayonunda və Abxaziyada çoxsaylı abidələr və müqəddəs məkanlar var. Onların arasında Gürcüstan üçün xüsusi əhəmiyyət daşıyan İlori kilsəsi də var. Təəssüf ki, həmin abidələrin dağıdılması və ya vandalizmə məruz qalması ilə bağlı Gürcüstanda, o cümlədən hökumət və Patriarxlıq tərəfindən rəsmi açıqlamalar verilməyib”.

Bibilaşvi hesab edir ki, Azərbaycanla bağlı yaranan narahatlıqlar varsa, onların diplomatik kanallarla həll edilməsi mümkündür.

“Diplomatik yollarla həll oluna biləcək narahatlıqlar, əgər belə narahatlıqlar varsa, ictimai hissləri qızışdırmadan müvafiq kanallar vasitəsilə çatdırılmalıdır. Bu baxımdan belə bəyanatların məqsədinin nə olduğunu bilmirəm”, – deyə o bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında tarixi məsələlərə dair müxtəlif yanaşmaların mövcudluğu iki ölkə arasında münasibətlərin inkişafına mane olmamalıdır:

“Avropada və ya Qafqazda tarixi şərhlərdə, tarixi sərhədlərdə heç bir fərqi olmayan iki qonşu dövlət və xalq yoxdur. Əsrlər boyu bu cür fikir ayrılıqlarına və anlaşılmazlıqlara səbəb olan məsələlər mövcud olub. Gürcüstan və Azərbaycan da bu baxımdan istisna deyil. Xoşbəxtlikdən, Gürcüstan müstəqillik əldə etdiyi gündən Azərbaycanla münasibətləri inkişaf etdirib və bu əlaqələr qarşılıqlı strateji maraqlara əsaslanıb”.

Bibilaşvi qeyd edib ki, Rusiya uzun illər ərzində Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışsa da, bunun qarşısını almaq mümkün olub.

O, hazırda da iki ölkə arasında münasibətlərdə problem yaratmağa çalışan qüvvələrin olduğunu iddia edib və Gürcüstan hökumətini Azərbaycanla əlaqələri gücləndirməyə çağırıb.

“35 ildir özünü möhkəm dost və strateji tərəfdaş kimi təsdiq edən Azərbaycanın Gürcüstan üçün əsas strateji tərəfdaşlardan biri olduğunu nəzərə alaraq, bu münasibətləri daha da gücləndirmək lazımdır”, – deyə o vurğulayıb.

Bibilaşvi daha sonra David Qareci məsələsinə də toxunaraq bildirib ki, 2020–2021-ci illərdə bu mövzu Gürcüstan-Azərbaycan münasibətlərində ayrıca müzakirə predmetinə çevrilib.

Onun sözlərinə görə, əvvəllər Gürcüstan və Azərbaycan vətəndaşlarının David Qareci monastır kompleksinə səfərləri ilə bağlı ciddi problem olmayıb. Bibilaşvi bu məsələnin sonradan siyasi müstəviyə keçirildiyini iddia edib.

O, hazırda Gürcüstanın işğal olunmuş ərazilərində mövcud olan işğal xətti, insanların oğurlanması və digər problemlərin diqqətdən kənarda qalması fonunda Azərbaycanla bağlı tarixi məsələlərin gündəmə gətirilməsini də tənqid edib.

Zaza Bibilaşvi hesab edir ki, bu cür proseslərdən fayda götürən əsas tərəf Rusiya ola bilər.

“Belə hərəkətlərdə yalnız ortaq düşmənimiz maraqlıdır-Rusiya”, -deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım