İranın təhlükəsizlik qüvvələrinin Tehranda Fransa səfirliyinin iki əməkdaşını saxlayaraq fiziki zorakılığa məruz qoyduğu bildirilir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, insident paytaxt Tehranda baş verib. Məlumata görə, İslam Respublikasının güc strukturlarının əməkdaşları Fransa səfirliyində çalışan iki nəfəri saxlayaraq sorğu-suala aparıblar.
İddialara əsasən, dindirmə zamanı səfirlik əməkdaşları döyülüb. Sorğu-sual başa çatdıqdan sonra onlar sərbəst buraxılıb və yenidən Fransa səfirliyinə qayıdıblar.
Hadisənin hansı səbəbdən baş verdiyi barədə rəsmi açıqlama verilməyib. Həm İran, həm də Fransa rəsmiləri insidentlə bağlı hələlik ətraflı məlumat yaymayıblar.
Qeyd edək ki, son aylarda İran ilə Qərb ölkələri arasında siyasi və diplomatik gərginlik artıb. Belə hadisələrin iki ölkə arasındakı münasibətlərə necə təsir göstərəcəyi isə yaxın günlərdə daha aydın olacaq.