"Aknenin əsas səbəbi çox vaxt hormonal dəyişikliklərdir"
"Qidalanmaya diqqət etməliyik"
Bakı Sağlamlıq Mərkəzinin həkim-dermatoveneroloqu Nəzrin Cəlilli Modern.az saytına geniş müsahibə verib:
- Nəzrin xanım, son illərdə Azərbaycanda dermatoloqlara müraciət edən xəstələr arasında ən çox hansı dəri problemlərinə rast gəlinir? Bu halların artmasına təsir edən əsas amillər nələrdir?
- Gündəlik praktikamda ən çox rast gəldiyim xəstələr akne, yəni adi sızanaq problemi ilə müraciət edənlərdir. Bundan başqa, müxtəlif bakterial və göbələk mənşəli dəri infeksiyalarına da tez-tez rast gəlirik. Xüsusilə yaz-yay aylarında göbələk və bakterial infeksiyalar daha çox şiddətlənir. Bu xəstəliklərin yaranma səbəbləri fərqlidir. Göbələk və bakterial infeksiyalar infeksion mənşəli olub yoluxma nəticəsində meydana çıxır. Lakin onların yaranmasına təkan verən amillər də var. Məsələn, immunitetin zəifləməsi, həkim məsləhəti olmadan uzunmüddətli antibiotik qəbulu, bəzi endokrin problemlər risk faktorları sırasındadır.
Yaz-yay aylarında bu xəstəliklərin daha çox müşahidə olunmasının əsas səbəbləri isə tərləmə, yüksək rütubət, isti hava və günəş şüalarının təsiridir. Bunlar xəstəliyin aktivləşməsinə şərait yaradır. Akne ilə ilin bütün fəsillərində qarşılaşırıq. Lakin yay aylarında tərləmənin artması, günəş şüalarının dəridə qara nöqtələrin, ağ nöqtələrin və irinli səpkilərin çoxalmasına səbəb olması səbəbindən müraciətlər artır. Digər tərəfdən, insanlar yay mövsümündə daha çox sosiallaşır, açıq geyimlərə üstünlük verirlər. Bu zaman dəri problemləri onlarda psixoloji narahatlıq və kompleks yaradır. Pasiyentlər də həmin problemlərdən xilas olmaq üçün daha çox dermatoloqa müraciət edirlər.
- Sosial şəbəkələrdə dəriyə qulluqla bağlı geniş şəkildə yayılan tövsiyələr və məsləhətlər insanların dəri sağlamlığına daha çox müsbət, yoxsa mənfi təsir göstərir?
- Mən deyərdim ki, sosial şəbəkələrin bu sahədə həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi ondan ibarətdir ki, insanlar əvvəlki nəsillərlə müqayisədə dəriyə qulluq haqqında daha məlumatlıdırlar. Xüsusilə gənclər müxtəlif mənbələrdən məlumat əldə edir, məhsulları araşdırır, bizə suallar ünvanlayırlar. Əvvəllər bu məlumatlara çıxış məhdud idi. Bu gün isə insanlar təmizləyici vasitələr, yaşlanma əleyhinə qulluq, gündüz və gecə rutinləri barədə kifayət qədər məlumatlıdırlar. Lakin mənfi tərəfi də odur ki, sosial şəbəkələrdə yayılan hər məlumata inanmaq düzgün deyil. Bəzən yanlış məsləhətlər dəri problemlərini daha da ağırlaşdıra bilir. Məsələn, akneli xəstələrə tez-tez müxtəlif pilinq və skrablardan istifadə etmək tövsiyə olunur. Halbuki bu vasitələr bəzi hallarda akneni daha da şiddətləndirə bilər. Eyni vəziyyət retinol tərkibli məhsullara da aiddir. Bu vasitələrin istifadə qaydaları var və hər kəs üçün uyğun olmaya bilər. Ona görə də sosial şəbəkələrdə əldə olunan məlumatlar mütləq həkim rəyi ilə yoxlanmalıdır.
- Gecə baxımı, gündüz baxımı, bunların düzgün istifadəsi, əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Dəri qulluğunda ən vacib mərhələ düzgün təmizlənmədir. Pasiyentlərin bir qismi düşünür ki, üzü sadəcə su ilə yumaq kifayətdir. Halbuki dərinin sağlam və gənc qalması üçün bu kifayət etmir. Əgər dəri çox yağlıdırsa, gündə iki dəfə, normal və ya quru dəridirsə, gündə ən azı bir dəfə üzyuma geli ilə təmizlənməlidir. Şəhər mühitində havadakı toz, avtomobil qazları və digər çirkləndiricilər məsamələrdə toplanır. Bu səbəbdən məsamələrin təmiz saxlanılması vacibdir. Təmizlənmədən sonra növbəti mərhələ tonik istifadəsidir. Tonik məsamələrdə qalan yağ və çirkləri daha dərindən təmizləməyə kömək edir.
Dəri baxımında digər vacib vasitə nəmləndirici kremlərdir. Xüsusilə duşdan sonra dərinin nəmləndirilməsi vacibdir. Yaşlanma əleyhinə qulluq istəyən, xüsusilə 40 yaşdan yuxarı xanımlara kollagen, peptid və retinol tərkibli serumlar tövsiyə edirəm. Daha gənc yaş qrupunda isə vitamin C və vitamin E tərkibli antioksidant serumlar daha uyğun ola bilər. Bundan əlavə, unutmaq olmaz ki, nəmləndirici krem seçimi dəri tipinə uyğun olmalıdır. Yağlı dərilərdə daha yüngül, su bazlı məhsullar, quru dərilərdə isə daha qidalandırıcı kremlər seçilməlidir. AHA və BHA turşuları tərkibli toniklər də dərinin təmizlənməsində və ölü hüceyrələrin uzaqlaşdırılmasında mühüm rol oynayır. Bu proses kollagen sintezini stimullaşdırır və dərinin daha sağlam görünməsinə kömək edir. Retinol və digər vitamin A törəmələrinə isə 20 yaşdan sonra aşağı faizlə başlamaq mümkündür.
- Son dövrlərdə gənclər arasında akne və digər dəri problemlərinin artdığı ilə bağlı fikirlər səsləndirilir. Siz öz praktiki fəaliyyətinizdə belə bir tendensiya müşahidə edirsinizmi?
- Bəli, bunu çox müşahidə edirik. Gündəlik qəbul etdiyim xəstələrin əhəmiyyətli hissəsini akneli pasiyentlər təşkil edir. Xüsusilə 13-15 yaşlı yeniyetmələr arasında daha çox rast gəlinir. Akne çox yayılmış xəstəlikdir və insanlarda ciddi psixoloji narahatlıq yaradır. Çünki əsasən üz nahiyəsində meydana çıxır və insan özünü hər gün güzgüdə görür. Pasiyentlərin ən çox verdiyi suallardan biri də aknenin daxili orqanlarla əlaqəli olub-olmamasıdır. Çoxları qaraciyər, mədə-bağırsaq və ya digər problemlərlə əlaqələndirməyə çalışır. Lakin əksər hallarda əsas səbəb dərinin yağlı olması və hormonal dəyişikliklərdir.
Yeniyetməlik dövründə androgen hormonlarının artması piy vəzilərinin fəaliyyətini gücləndirir. Nəticədə artıq sebum ifraz olunur, məsamələr tutulur və akne yaranır. Sonradan həmin sahələrdə bakteriyalar çoxalaraq iltihabi prosesə səbəb olur. Tərləmə, günəş şüaları, düzgün seçilməyən kosmetik vasitələr, məsamələri bağlayan tonal kremlər və uyğun olmayan günəş qoruyucuları da vəziyyəti ağırlaşdıra bilər. Digər mühüm problem isə insanların həkim məsləhəti olmadan müxtəlif kremlərdən istifadə etməsidir. Bəzi hormonal tərkibli vasitələr akneni daha da şiddətləndirə və qalıcı problemlərə səbəb ola bilər.
- İnsanlar hansı hallarda dəri problemlərini ev şəraitində müalicə etməyə çalışmamalı və vaxt itirmədən dermatoloqa müraciət etməlidirlər?
- Düşünürəm ki, insanlar dəri problemlərini özbaşına müalicə etməyə çalışmamalıdırlar. Dermatoloji xəstəliklər çox müxtəlifdir və eyni görünən səpkilərin səbəbi tamamilə fərqli ola bilər. Nümunə olaraq, bir səpki bakterial mənşəli ola bilər, digəri göbələk və ya virus infeksiyası ola bilər. Hər birinin müalicəsi də fərqlidir. Bu gün sosial şəbəkələrin geniş yayılması səbəbindən insanlar tez-tez şəkil göndərərək məsafədən diaqnoz qoyulmasını istəyirlər. Halbuki düzgün diaqnoz üçün pasiyentin tam və real müayinəsi vacibdir. Dəri xəstəliklərində ilk mərhələ düzgün diaqnozun qoyulmasıdır. Yalnız bundan sonra uyğun müalicə üsulu seçilə bilər.
- Stress, yuxusuzluq, qidalanma vərdişləri və ümumilikdə həyat tərzi dəri sağlamlığına nə dərəcədə təsir göstərir?
- Sadaladığınız bütün amillər dəri sağlamlığına ciddi təsir göstərir. Pasiyentlərə müraciətlərində ilk suallarımdan biri yuxu rejimi və stress səviyyəsi ilə bağlı olur. Sinir sistemi nə qədər sakitdirsə, müalicə prosesi də bir o qədər uğurlu gedir. Dəri xəstəlikləri görünən problemlər olduğu üçün insanlarda əlavə psixoloji gərginlik yaradır. Qaşınma və ağrı kimi əlamətlər də yuxusuzluğa səbəb olur və bu, vəziyyəti daha da ağırlaşdırır. Həmçinin qidalanma da mühüm rol oynayır. Hətta elə xəstəliklər var ki, xüsusi pəhrizlər təyin olunur. Ümumiyyətlə isə pasiyentlərə onları qıcıqlandıran qidaları müəyyən edib müvəqqəti olaraq qida rasionundan çıxarmağı tövsiyə edirəm.
- Bəs hansı qidalar dəri sağlamlığı üçün zərərli sayılır?
- Ümumilikdə fast-food məhsulları, burger, dönər, enerji içkiləri, qazlı içkilər, spirtli içkilər və siqaret istifadəsi dəri sağlamlığına mənfi təsir göstərir. Akne xəstələrinə acılı, ədviyyatlı qidalar, çox yağlı yeməklər, qızartmalar, ketçup, mayonez, cips və şokoladdan uzaq durmağı tövsiyə edərdim. Həddindən artıq süd məhsulları da bəzi hallarda akneni şiddətləndirə bilər. Rosasea və digər bəzi xəstəliklərdə isə acı, turş, duzlu qidalar, hətta çox isti çay, isti yeməklər, həddindən artıq soyuq yeməklər belə problemləri artırır. Hər xəstəliyin özünəməxsus qidalanma xüsusiyyətləri var və pəhriz fərdi şəkildə müəyyənləşdirilməlidir.
- Yay aylarında dermatoloqlara müraciətlərin sayında artım müşahidə olunurmu? Bu mövsümdə daha çox hansı dəri problemləri ilə bağlı müraciətlər edilir?
- Bəli, yay aylarında müraciətlərin sayı nəzərəçarpacaq dərəcədə artır. Ən çox rast gəldiyimiz problemlərdən biri göbələk xəstəlikləridir. Xüsusilə əlvan dəmirov kimi tanınan göbələk mənşəli xəstəlik yaz-yay aylarında daha aktiv olur. Ayaq göbələyi, qasıq nahiyəsi göbələyi, hovuz və çimərliklərlə əlaqəli bakterial və virus infeksiyaları da bu dövrdə artır. Ziyillər və kontagioz molyusk kimi virus mənşəli xəstəliklərə də daha çox rast gəlinir. Yay aylarında melazma, yəni hamiləlik maskası adlandırılan piqment ləkələri də tündləşir. Günəş şüaları bu xəstəliyin əsas təhrikedici faktorlarından biridir. Bundan əlavə, böcək və gənə dişləmələri, günəş allergiyaları, günəş yanıqları, çillərin artması və müxtəlif piqment ləkələri ilə bağlı müraciətlər çoxalır. Pasiyentlərə daim günəşdən qoruyucu vasitələrdən istifadə etməyi tövsiyə edirik. Çünki günəş yalnız dərinin vaxtından əvvəl qocalmasına deyil, həm də dəri xərçəngi riskinin artmasına səbəb ola bilər. Melanoma, bazal hüceyrəli və yastıhüceyrəli dəri xərçəngləri kimi xəstəliklərin yaranmasında günəş şüalarının mühüm rolu var. Vitiliqo, rosasea və digər bəzi dəri xəstəlikləri olan şəxslər günəşdən xüsusilə diqqətlə qorunmalıdırlar. Günəş bu xəstəliklərin gedişatını ağırlaşdıra bilər. Yay aylarında günəşdən qoruyucu vasitələrin istifadəsi, saat 10:00-16:00 aralığında birbaşa günəş altında qalmamaq və düzgün dəri baxımı ən vacib qoruyucu tədbirlərdən biri hesab olunur.
- Günəşdən qoruyucu kremlər xüsusilə yay aylarında ən çox tövsiyə olunan vasitələrdəndir. Bu məhsullarla bağlı cəmiyyətdə hansı yanlış təsəvvürlər daha geniş yayılıb?
- Ən çox rast gəldiyimiz yanlış yanaşma odur ki, insanlar günəşdən qoruyucu vasitələrin istifadəsinə qeyri-ciddi yanaşırlar. Mən pasiyentlərə deyəndə ki, günəşdən qoruyucu mütləq istifadə olunmalıdır, bəziləri bunu vacib hesab etmir. Amma sevindirici haldır ki, gənc nəsil bu mövzuda daha məlumatlıdır və tövsiyəni daha tez qəbul edir. Günəşdən qoruyucu kremlər yalnız yayda yox, ilin bütün fəsillərində istifadə olunmalıdır. Dəri xəstəliyinin olub-olmamasından asılı olmayaraq, günəş şüalarının dəriyə zərərli təsiri var. İnsanlar bəzən düşünürlər ki, qışda, yağışlı və soyuq havada günəşdən qoruyucuya ehtiyac yoxdur. Halbuki ultrabənövşəyi şüalar həmin dövrdə də aktiv olur. Digər yanlış fikir isə odur ki, ofisdə və qapalı məkanda işləyənlər günəş şüalarından qorunmağa ehtiyac duymurlar. Halbuki günəş şüaları pəncərə şüşəsindən keçərək də dəriyə təsir göstərə bilir. Son vaxtlar ən çox eşitdiyimiz yanaşmalardan biri də günəşdən qoruyucu kremlərin D vitamini qəbuluna mane olması ilə bağlıdır. Pasiyentlər deyirlər ki, günəşdən qorunsalar, D vitamini necə alacaqlar? Mən isə izah edirəm ki, fayda və ziyanı müqayisə etdikdə günəşdən qoruyucu vasitələrin faydası daha çoxdur.
Əgər D vitamini çatışmazlığı varsa, bunu həkim məsləhəti ilə oral preparatlar, kapsullar və ya tabletlər vasitəsilə bərpa etmək olar. Amma dərini günəşin zərərli təsirindən qorumaq vacibdir. Beynəlxalq konfranslarda da əsas yanaşma budur ki, insanlara günəşdən qoruyucu vasitələrdən gündəlik istifadə vərdişi aşılanmalıdır. Digər yanlışlıq isə günəş kremindən yalnız bir dəfə istifadə edilməsidir. Məsələn, pasiyent səhər evdən çıxmamışdan əvvəl krem çəkir və bunun kifayət etdiyini düşünür. Halbuki SPF 50 və ya SPF 100 istifadə edilirsə, krem çölə çıxmazdan təxminən 20 dəqiqə əvvəl çəkilməli və açıq havada olduqda hər 2 saatdan bir yenilənməlidir. Dənizə və ya hovuza girib çıxdıqdan sonra da günəşdən qoruyucu yenidən çəkilməlidir.
- Günəşdən qoruyucu vasitə seçərkən SPF göstəricisi ilə yanaşı, daha hansı məqamlara diqqət yetirilməlidir?
- İlk növbədə məhsulun spektrinə baxmaq lazımdır. Günəşdən qoruyucu vasitə geniş spektrli olmalı, həm UVA, həm də UVB şüalarından qoruma təmin etməlidir. SPF göstəricisi də önəmlidir. SPF 30, SPF 50 və SPF 100 arasında seçim edilə bilər. Mən pasiyentlərimə daha çox SPF 50 və ya SPF 100 tövsiyə edirəm. SPF 50 ilə SPF 100 arasında qoruyuculuq baxımından çox böyük fərq olmasa da, qoruma səviyyəsi yüksək olan məhsullara üstünlük vermək daha məqsədəuyğundur. Bundan başqa, məhsulun dəri tipinə uyğun seçilməsi vacibdir. Pasiyentlərin ən çox şikayət etdiyi məqamlardan biri odur ki, SPF krem dəridə səpki və komedon yaradır. Əslində bunun səbəbi çox vaxt məhsulun dəri tipinə uyğun seçilməməsidir. Əgər pasiyentin dərisi yağlıdırsa, quru dəri üçün nəzərdə tutulan, yağlı teksturalı SPF məhsulları ona uyğun deyil. Belə məhsullar məsamələri tuta və səpkiləri artıra bilər. Yağlı və akneyə meyilli dəri üçün su əsaslı, yüngül teksturalı və “komedogen deyil” qeyd olunan məhsullar seçilməlidir. Bəzi SPF-lər dəridə ağ iz buraxır və bu da pasiyentlərin xoşuna gəlmir. Amma indi günəşdən qoruyucu vasitələr əvvəlki dövrlə müqayisədə çox inkişaf edib. Keyfiyyətli məhsullar dəridə ağır hiss yaratmadan və ağ iz qoymadan qorunma təmin edə bilir.
- Bəzi insanlar günəşdən qoruyucu kremlərdən yalnız dənizdə və ya istirahət zamanı istifadə etməyi kifayət hesab edirlər. Əslində bu vasitələrin gündəlik istifadəsi nə qədər vacibdir?
- Günəşdən qoruyucu vasitələrin gündəlik istifadəsi çox vacibdir. Bu kremlər yalnız dənizdə, hovuzda və ya istirahət zamanı istifadə olunmalı vasitə deyil. Gün ərzində evdən çıxarkən, işə gedərkən, hətta qapalı mühitdə işləyərkən belə dərini qorumaq lazımdır. Günəş şüaları dərinin vaxtından əvvəl qocalmasına, ləkələrin yaranmasına, mövcud ləkələrin tündləşməsinə və bəzi dəri xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər. Ona görə SPF gündəlik dəri qulluğunun əsas mərhələlərindən biri olmalıdır.
- Dərinin qaralmasını sağlam və estetik görünüşün göstəricisi hesab edənlər az deyil. Bu yanaşma tibbi baxımdan nə dərəcədə doğrudur?
- Bu yanaşma tibbi baxımdan yanlışdır. Günəş altında uzun müddət qalmaq, xüsusilə saatlarla qaralmağa çalışmaq dəri üçün zərərlidir. Solariuma getmək də eyni şəkildə düzgün yanaşma deyil. Səhər erkən saatlarda qısa müddətli günəş vannası müəyyən qədər faydalı ola bilər. Amma günün aktiv saatlarında uzun müddət günəş altında qalmaq dəriyə ciddi zərər verir. Günəş şüaları fotoqocalmaya, dəridə ləkələrə, allergik reaksiyalara və mövcud ləkələrin daha da tündləşməsinə səbəb olur. Ən mühüm risklərdən biri də dəri xərçəngidir. Dəri xərçənginin əsas səbəblərindən biri günəş şüalarının uzunmüddətli təsiridir. Hər il may ayında melanoma ilə bağlı maarifləndirici aksiyalar keçirilir, pasiyentlərin xalları və ləkələri dermatoskopik müayinə olunur. Bu müayinələrdə xalların xoşxassəli, bədxassəli və ya bədxassəliyə meyilli olub-olmaması qiymətləndirilir. Ona görə də insanlara daim izah edirik ki, günəşdən qorunmaq lazımdır. Günəş yeni xalların, ləkələrin və bədxassəli dəri törəmələrinin yaranmasına təkan verə bilər.
- Yeniyetmələr və gənclər arasında aknenin geniş yayılmasının əsas səbəbləri nələrdir?
- Əsas səbəb yaş dövrü və hormonal dəyişikliklərdir. Cinsi yetişkənlik dövründə hormonal balans dəyişir, xüsusilə androgen hormonlarının səviyyəsi artır. Bu isə dərinin altındakı piy vəzilərinin fəaliyyətinə birbaşa təsir göstərir. Piy vəzilərinin aktiv işləməsi nəticəsində normadan artıq sebum ifraz olunur. Məsamələr yağla dolur, tutulur və nəticədə akne yaranır. Buna görə yeniyetmələr və gənclər arasında akne daha çox müşahidə olunur. Piy vəzilərinin aktivliyi yeni doğulmuş uşaqlarda da müşahidə oluna bilər. Bəzən körpələrin dərisində xırda səpkilər görünür. Bu da piy vəzilərinin aktivliyi ilə bağlıdır və müəyyən dövrdən sonra normallaşır. Yeniyetməlik dövründə isə hormonların təsiri ilə bu proses yenidən aktivləşə bilir.
- Sosial şəbəkələrdə məşhurlaşan müxtəlif maskalar, təbii qarışımlar və ev üsulları aknenin müalicəsində həqiqətən effektiv hesab oluna bilərmi?
- Buna birmənalı şəkildə güvənmək doğru olmazdı. Bəzən sosial şəbəkələrdə tövsiyə olunan məhsul və ya maskaların tərkibinə baxanda görürük ki, müəyyən problem üçün faydalı ola bilər. Amma bu, hər tövsiyənin doğru və təhlükəsiz olması demək deyil. Sıravi insanlar məhsulların tərkibini, aktiv maddələrin təsirini və hansı dəri tipinə uyğun olub-olmadığını bilmir. Ona görə də sosial şəbəkələrdə yayılan hər məsləhətə əməl etmək risklidir. Təbii qarışımlar da hər kəs üçün təhlükəsiz deyil. Məsələn, meyvələr, yumurta, mayonez və yağlı qarışıqlar dəriyə çəkildikdə allergik reaksiya və ya səpki yarada bilər. Bir insana yaxşı təsir edən vasitə digər insanda ciddi qıcıqlanma verə bilər. Allergik reaksiyalar da hər zaman əvvəlcədən büruzə vermir. İnsan bir məhsulu illərlə istifadə edə bilər, amma müəyyən dövrdə həmin məhsula qarşı reaksiya yarana bilər. Dərinin həssaslaşması, immunitetin zəifləməsi belə hallara səbəb ola bilər. Ona görə də akne və digər dəri problemlərində ev üsullarına deyil, dermatoloq məsləhətinə əsaslanmaq lazımdır.
- Akne sonrası yaranan iz və ləkələrin aradan qaldırılması üçün hazırda hansı müasir müalicə üsullarından istifadə olunur?
- Mən pasiyentlərə həmişə tövsiyə edirəm ki, dərilərinə travma verməsinlər. Sızanaqları qoparmaq, sıxmaq, dərini skrabla qıcıqlandırmaq iz və ləkələrin daha dərin qalmasına səbəb olur. Akne sonrası müəyyən ləkənin qalması normaldır və dəri özünü bərpa etdikcə bu ləkələr zamanla azala bilər. Amma pasiyent özü dərini zədələdikdə sağalma prosesi uzanır. Akne sonrası ləkə və izlərin müalicəsində kremlər, serumlar, ləkəaçıcı vasitələr və çapıq əleyhinə məhsullardan istifadə olunur. Əgər defektlər minimaldırsa, bu vasitələr kifayət qədər faydalı ola bilər. Daha dərin çapıqlar və uzunmüddətli problemlər olduqda isə prosedurlara ehtiyac yaranır. Yaz-yay aylarında daha çox xarici vasitələrə üstünlük veririk. Günəş şüalarının təsiri azaldıqdan sonra, əsasən noyabr-mart aylarında lazer prosedurları, fraksional lazer, radiofrekans, IPL lazer, qızıl iynə, PRP kimi üsullardan istifadə oluna bilər. Bu prosedurların əsas mexanizmi dərinin yenilənməsini stimullaşdırmaqdır. Dərinin üst təbəqəsi yeniləndikcə, aşağı qatlarda kollagen sintezi artır, ləkələr azalır, çapıqların görünüşü yaxşılaşır.
- Aknesi olan şəxslər dəriyə qulluq və kosmetik vasitələrdən istifadə zamanı ən çox hansı səhvlərə yol verirlər?
- Ən çox edilən səhvlərdən biri məhsul seçərkən dəri tipinə diqqət etməməkdir. Hər bir məhsulun üzərində hansı dəri tipi üçün nəzərdə tutulduğu qeyd olunur. Amma pasiyentlər bəzən quru dəri üçün olan məhsulu yağlı və akneli dəriyə istifadə edirlər. Akne və yağlanmaya meyilli dəri üçün məhsul seçərkən mütləq bu dəri tipinə uyğun olmasına diqqət edilməlidir. Çünki məhsul ən azı akneni artırmamalı, əksinə, mümkün qədər nəzarətdə saxlamağa kömək etməlidir. Akne xəstələri ağır, yağlı teksturalı məhsullardan uzaq durmalıdırlar. Daha yüngül, su əsaslı və məsamələri tıxamayan vasitələr seçilməlidir. Müalicə dövründə əlavə məhsul istifadə etmək istəyirlərsə, bunu mütləq həkimlə məsləhətləşməlidirlər. Çünki müalicə ilə əldə olunan nəticə yanlış seçilmiş bir kosmetik vasitə ilə yenidən pozula bilər.
- Müşahidələr göstərir ki, saç dərisi problemlərindən əziyyət çəkənlər artıb. Saç tökülməsi, saçda kəpəyin yaranması, saçın yağlanması kimi problemlər çoxlarını narahat edir. Bunlar hansı səbəblərdən irəli gəlir?
- Bu problemlər fərdi xarakter daşıyır və səbəbləri müxtəlifdir. Saç tökülməsi hazırda çox yayılmış şikayətlərdəndir. Burada stress mühüm rol oynayır. Pasiyentdən ilk soruşduğum məsələlərdən biri də sinir sisteminin vəziyyəti olur. Əlavə olaraq, laborator göstəricilər mütləq yoxlanmalıdır. Qan azlığı, dəmir çatışmazlığı, fol turşusu, D vitamini, sink çatışmazlığı, qalxanabənzər vəz problemləri saç tökülməsinə səbəb ola bilər. Əgər pasiyentdə daxili çatışmazlıq varsa, yalnız xarici vasitələrlə, şampun və losyonlarla problemi tam həll etmək mümkün deyil. Saç yağlanması isə əsasən piy vəzilərinin aktivliyi ilə bağlıdır. Hər kəsin dəri tipi fərqlidir: kiminsə saç dərisi quru, kiminsə normal, kiminsə isə yağlı olur. Kəpək problemi də müxtəlif səbəblərdən yarana bilər. Seboreyalı dermatit bu səbəblərdən biridir və onun yağlı və quru olmaqla iki forması var. Yağlı seboreyada saç həm yağlı, həm də kəpəkli olur. Quru seboreyada isə saç normal və ya quru ola bilər, amma kəpəklənmə müşahidə olunur. Genetik meyillilik də rol oynaya bilər. Bundan əlavə, psoriaz kimi bəzi dəri xəstəliklərində də saç dərisində kəpəklənmə görünür. Düzgün seçilməyən şampun, maska və digər qulluq vasitələri də problemi artıra bilər.
- Saç dərisinə qulluq etmək üçün - tökülmənin, kəpəklənmənin qarşısının alınması üçün müxtəlif vasitələr təklif olunur. Siz nələri tövsiyə edərdiniz?
- Əvvəlcə problemin səbəbi müəyyən edilməlidir. Əgər söhbət seboreyalı dermatitdən və saç dərisinin həddindən artıq yağlanmasından gedirsə, pasiyentlər çox vaxt saçlarını hər gün yuduqlarını deyirlər. Mən isə izah edirəm ki, saç dərisini hər gün yumaq bəzi hallarda yağlanmanı daha da artıra bilər. Dəri buna öyrəşir və daha çox sebum ifraz etməyə başlayır. Amma elə pasiyentlər var ki, saç dərisi o qədər yağlanır ki, hər gün yumadan qala bilmirlər. Belə hallarda yağlanma əleyhinə xüsusi şampunlar və preparatlar tövsiyə olunur. Bu vasitələr piy vəzilərinin aktivliyini azaltmağa kömək edir. Əgər xarici vasitələr kifayət etmirsə, bəzi hallarda daxili preparatlar da təyin olunur. Kəpək problemi zamanı isə sidik cövhəri, yəni uriya tərkibli şampunlar, daha ağır qabıqlanma hallarında isə xüsusi məlhəm və mazlardan istifadə edilə bilər. Saç tökülməsində isə yalnız şampunla kifayətlənmək olmaz. Qan göstəriciləri, vitamin və mikroelement çatışmazlığı, hormonal problemlər və stress faktorları birlikdə qiymətləndirilməlidir.
- Son illərdə estetik və kosmetoloji prosedurlara marağın artdığı müşahidə olunur. Sizcə, bunun əsas səbəbləri nələrdir və bu tendensiya dəri sağlamlığına necə təsir edir?
- Zənnimcə, bunun əsas səbəblərindən biri sosial şəbəkələrdir. İnsanlar telefon vasitəsilə daim müxtəlif görüntülərə baxır, məşhurların üz cizgilərini, dodağını, çənə formasını bəyənir və onlara bənzəmək istəyirlər. Nəticədə öz üzlərində kompleks hesab etdikləri məqamları dəyişdirməyə çalışırlar. Estetik dermatologiya çox inkişaf edib. Amma təəssüf ki, bu prosedurları bəzən tibbi təhsili olmayan şəxslər də icra edir. Bu isə ciddi fəsadlara səbəb ola bilər. Tibbi təhsili olan mütəxəssis pasiyenti dəyərləndirir və prosedura həqiqətən ehtiyac olub-olmadığını müəyyən edir. Hər kəsə estetik prosedur etmək lazım deyil. Ehtiyac varsa, dozasında və təbii görünüşü qorumaqla aparılmalıdır. Dolğu prosedurlarına isə bir həkim kimi ehtiyatla yanaşıram. Çünki bu, orqanizm üçün yad cisimdir və fəsadları ola bilər. Burun nahiyəsində nekroz, dodaq dolğusundan sonra toxuma zədələnməsi kimi hallarla qarşılaşırıq. Botoks da yalnız savadlı həkim tərəfindən icra olunmalıdır, çünki onun da əks və yan təsirləri ola bilər.
- Xüsusilə gənclər arasında botoks və dolğu prosedurlarına son dövrlər həddindən çox maraq nəzərə çarpır. Bəs, bu cür prosedurlara müraciət edənlərin yaş həddində dəyişiklik müşahidə olunurmu?
- Şəxsi fikrimə görə, gənc yaşlarda botoks və dolğu prosedurlarını tövsiyə etməzdim. Müəyyən yaşdan sonra ehtiyac yaranarsa, bu prosedurlar düşünülə bilər. Bizdə kollagen sintezi 30 yaşdan sonra azalır və dəri fizioloji olaraq yaşlanmağa başlayır. Əgər 30 yaşdan sonra mimiki qırışlar, göz ətrafında qırışlar yaranıbsa və həqiqətən ehtiyac varsa, botoks edilə bilər. Amma hər 30 yaşlı insana botoks lazımdır demək doğru deyil. Gənc yaşlarda daha çox düzgün dəri baxımı, serumlar, kremlər, mezoterapiya, biorevitalizasiya, PRP kimi qidalandırıcı prosedurlar daha məqsədəuyğundur. Bu üsullarla dərinin təravətini qorumaq və botoksa ehtiyacı gecikdirmək mümkündür. Dolğunu isə ümumiyyətlə yalnız real ehtiyac olduqda tövsiyə etmək olar. Məsələn, insanda ciddi bir asimmetriya və ya onu narahat edən qüsur varsa, həkim nəzarəti ilə minimal müdaxilə edilə bilər. Burun nahiyəsinə dolğu edilməsini isə məsləhət görmürəm. Təəssüf ki, indi 19 yaşından botoks və dolğu etdirən gənclər var. Sərt çənə xətləri, həddindən artıq dolğun dodaqlar və digər müdaxilələr geniş yayılıb. Mən düşünürəm ki, təbiilik daha gözəldir.
- Estetik və kosmetoloji prosedurlara müraciət etməzdən əvvəl insanlar hansı risklər barədə məlumatlı olmalıdırlar?
- Dermatoloji baxımdan yanaşsaq, hazırda estetik prosedurlardan sonra müxtəlif fəsadlarla tez-tez rastlaşırıq. Plastik cərrahiyyə sahəsində ölüm halları da gündəmə gəlir. Mənim sahəmdə isə ən çox rast gəlinən ağır fəsadlardan biri nekrozdur. İnsan bəzən gözəlləşmək istəyir, amma nəticədə vəziyyət əksinə dəyişə bilər. Dəri toxumasında çürümə, yaranın açılması, həmin nahiyədə ciddi zədələnmə yarana bilər. Bundan əlavə, estetik prosedurlarda artıq eyniləşmə tendensiyası da var. Üzlərə baxanda görürük ki, çox insan bir-birinə oxşayır. Halbuki hər kəsin üz quruluşu fərqli və fərdi olmalıdır. Qalxıq qaşlar, “tülkü göz”, sərt çənə xətləri hər kəsə uyğun deyil. Bu qədər sərt üz cizgilərinə ehtiyac yoxdur. Düşünürəm ki, təbii görünüş daha gözəldir.
- Son illərdə qeyri-peşəkar şəxslər tərəfindən həyata keçirilən kosmetoloji müdaxilələr geniş müzakirə olunur. Belə halların insan sağlamlığı üçün yaratdığı əsas təhlükələr nələrdir?
- Hər kəsə tövsiyə edirəm ki, hər hansı qulluq, inyeksiya və ya estetik müdaxilə etdirmək istəyirsə, müraciət etdiyi yerin etibarlı olmasına diqqət etsin. Proseduru icra edən şəxsin həqiqətən tibbi təhsili olub-olmadığını araşdırsınlar. Dəriyə vurulan preparatın adına, mənşəyinə, orijinal olub-olmamasına baxmaq lazımdır. Çünki bazarda ucuz, saxta, effektsiz və hətta zərərli məhsullar da var. Əsas təhlükə ondan ibarətdir ki, üz nahiyəsində çoxlu damar və sinir strukturları var. Anatomiyanı bilməyən şəxs müdaxilə etdikdə damar və sinirlər zədələnə bilər. Bu isə mimika pozğunluğu, toxuma zədələnməsi, nekroz və digər ağır fəsadlara səbəb ola bilər. Normadan artıq müdaxilələr də çox ciddi nəticələr yarada bilər.
- Dəri xərçənginin ilkin əlamətləri hansılardır və insanlar hansı dəyişikliklərə xüsusi diqqət yetirməlidirlər?
- Dəri xərçənginin əsas səbəblərindən biri günəş şüalarıdır. İnsanlar özlərini mütəmadi müşahidə etməlidirlər. Bundan əlavə, ildə bir dəfə mütləq dermatoloji müayinədən keçmək lazımdır. Bəzən insanda əvvəldən mövcud olan xal zamanla dəyişərək təhlükəli hala keçə bilər. Bəzən isə günəşin təsiri ilə dəridə yeni törəmələr yaranır. Bu törəmələrdə ölçü böyüyürsə, rəng dəyişirsə, simmetrik forma asimmetrikləşirsə, sərhədlər qeyri-bərabərdirsə, bu, şübhəli əlamət sayılır və dermatoloqa müraciət edilməlidir. Xalın və ya törəmənin çox tünd olması, eyni törəmədə həm tünd, həm açıq rəngli sahələrin görünməsi də diqqət tələb edir. Belə hallarda dermatoskopik müayinə vacibdir. Müayinədən sonra onun xoşxassəli xal, fibroma, papilloma, günəş ləkəsi və ya bədxassəli törəmə olub-olmadığı müəyyənləşdirilir. Ən böyük yanlışlardan biri də müayinə olunmadan xalı və ya törəməni yandırmaq istəməkdir. Əgər orada bədxassəli proses varsa, onu qıcıqlandırmaq və xəstəliyin yayılmasına səbəb olmaq mümkündür. Ona görə əvvəlcə dermatoskopik müayinə aparılmalı, törəmənin xarakteri müəyyən edilməlidir. Xoşxassəlidirsə, elektrokoaqulyasiya və ya kriodestruksiya ilə götürülə bilər. Bədxassəli şübhəsi varsa, cərrahi yolla çıxarılmalı və biopsiyaya göndərilməlidir.
- Son illərdə süni qaralma prosedurları, xüsusilə solarium xidmətləri hələ də populyarlığını qoruyur. Bu üsulların dəri sağlamlığı üçün yaratdığı risklər nələrdir və onların dəri xərçəngi ilə əlaqəsi varmı?
- Bəli, solariumun dəri xərçəngi ilə birbaşa əlaqəsi var. Ona görə də solariumdan istifadəni tövsiyə etmirik. Günəş altında uzun müddət qalmaq da düzgün deyil. Ultrabənövşəyi şüalar D vitamini sintezində müəyyən rol oynasa da, eyni zamanda dəridə xərçəngönü proseslərin və dəri xərçənginin yaranmasına təkan verə bilər. Bu şüalar dəridə qızartı, ləkə, xalların artması və xərçəngönü törəmələrin yaranmasına səbəb ola bilər. Bəzi insanlar xallanmağa və ləkələnməyə daha meyillidirlər. Belə şəxslər günəş altında çox qaldıqda bu problemlər daha da artır.
- Qadın və kişi dərisi arasında hansı əsas fərqlər mövcuddur? Dəriyə qulluq baxımından hər iki cins üçün tövsiyə olunan yanaşmalar fərqlənirmi?
- Cinsiyyət baxımından dəriyə qulluqda ciddi fərq yoxdur. Əsas məsələ insanın dəri tipidir. Cinsindən asılı olmayaraq, dərilər normal, quru, yağlı və ya qarışıq ola bilər. Məsələn, T bölgəsi yağlı olan qarışıq dəri tipinə həm qadınlarda, həm də kişilərdə rast gəlinir. Ona görə qulluq seçərkən qadın və ya kişi olmasına deyil, dərinin tipinə və mövcud problemə baxmaq lazımdır.
- Dərinin qocalma prosesini ləngitmək və uzun müddət sağlam görünüşünü qorumaq üçün insanlar hansı gündəlik qulluq vərdişlərinə və profilaktik tədbirlərə üstünlük verməlidirlər?
- Dərini yaşlanmadan qorumaq üçün ilk növbədə ilin bütün fəsillərində günəşdən qorunmaq lazımdır. Günəş şüaları dərini qocaldır, qırışların yaranmasına səbəb olur. İkinci vacib məsələ dəri təmizliyidir. Gündüz və gecə baxımı düzgün aparılmalıdır. İstifadə olunan məhsulların tərkibinə diqqət etmək lazımdır. Dərinin cavan və sağlam qalması üçün vitamin A tərkibli məhsullar, retinol, kollagen, vitamin C, vitamin E və peptid tərkibli vasitələrdən istifadə oluna bilər. Bu maddələr dəridə yaşlanma əlamətləri ilə mübarizəyə kömək edir.
- Sosial şəbəkələrdə ucuz kosmetik və makiyaj məhsullarının reklamı geniş yayılıb. Dəri sağlamlığı baxımından məhsul seçərkən əsas meyar qiymət olmalıdır, yoxsa tərkib və keyfiyyət? Bahalı məhsul həmişə daha təhlükəsiz və effektiv hesab edilə bilərmi?
- Burada əsas meyar qiymət yox, tərkib və keyfiyyət olmalıdır. Kosmetik vasitələr dəridə allergik reaksiyalar, qızarıqlıq, səpki və akne yarada bilər. Ona görə məhsulun tərkibi və dəriyə uyğunluğu çox önəmlidir. Elə məhsullar var ki, qiyməti çox baha deyil, amma tərkibi yaxşıdır və pasiyentin dərisinə uyğun gəlir. Əksinə, bəzən bahalı məhsul da insanın dərisinə uyğun olmur, səpki və qıcıqlanma yaradır. Ona görə “bahalı məhsul mütləq yaxşıdır” yanaşması doğru deyil. Əsas olan məhsulun keyfiyyəti, tərkibi və konkret dəri tipinə uyğunluğudur.
- Dəridə yaranan ləkə, xal və ya digər dəyişikliklərin hansı hallarında mütləq həkim müayinəsinə ehtiyac yaranır?
- Bütün hallarda dermatoloqa müraciət vacibdir. Xallar və törəmələr mütləq dermatoloq tərəfindən qiymətləndirilməlidir. Dermatoskopik müayinə aparılmalı, onların xoşxassəli və ya bədxassəli olub-olmadığı müəyyən edilməlidir. Hər kəs ildə bir dəfə dəri kontrolundan keçməlidir. Bu, dəri xərçəngi ilə mübarizə baxımından çox vacibdir. Ləkələrə gəlincə, bu, çox geniş anlayışdır. Ləkə infeksion xəstəlikdən, bakteriya və göbələkdən, günəşdən və ya başqa səbəblərdən yarana bilər. Xəstə bunu adi gözlə ayırd edə bilməz. Məsələn, ağ ləkə vitiliqo, göbələk xəstəliyi və ya günəş ləkəsi ilə bağlı ola bilər. Bəzən həkim də adi işıqda bunu dəqiq ayırd edə bilmir. Belə hallarda qaranlıq otaqda xüsusi Vud lampası ilə müayinə aparılır. Ləkənin həmin işıq altında necə göründüyünə əsasən daha dəqiq diaqnoz qoymaq mümkündür.
- Sizcə, Azərbaycanda dəri xərçəngi ilə bağlı maarifləndirmə işləri yetərli səviyyədədirmi?
- Düşünürəm ki, əvvəlki illərlə müqayisədə maarifləndirmə daha yaxşı səviyyədədir. Əvvəllər bu qədər məlumatlandırma görmürdük. İndi sosial şəbəkələrin müsbət tərəflərindən biri də insanları məlumatlandırmaq və maarifləndirmək imkanı yaratmasıdır. Biz də dermatoloqlar olaraq bu istiqamətdə insanları maarifləndirməyə çalışırıq.
- Praktikanıza əsasən ortalama dəri problemi ilə qarşılaşan xəstə nə qədər müddətə sağala bilir?
- Ən qısa müddətdə sağalan xəstəliklərdən biri qoturluqdur. Bu xəstəlik şiddətli qaşınma ilə müşayiət olunsa da, müalicəsi nisbətən qısadır. Adətən 5 günlük müalicə kursu ilə sağalma mümkündür. Sonradan simptomatik müalicə davam edə bilər. Bakterial dəri infeksiyaları da nisbətən tez sağalan xəstəliklər sırasındadır. Amma dəri xəstəliklərinin böyük bir qismi xroniki xarakter daşıyır. Xroniki xəstəliklər kəskinləşmə və sakitləşmə dövrləri ilə gedir. Bir fəsildə səpkilər yaranır, müalicə olunur, bir müddət sonra yenidən kəskinləşə bilir. Akne isə orta hesabla 6-8 aylıq müalicə tələb edir. Müalicə müddəti pasiyentin vəziyyətindən, çəkisindən, boyundan və xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Vitiliqo, sklerodermiya, psoriaz, rosasea kimi xəstəliklər isə xroniki xəstəliklərdir. Bu hallarda məqsəd xəstəliyi nəzarətdə saxlamaq, kəskinləşmələrin qarşısını almaqdır. Ən çox müraciət edən pasiyentlər əsasən 17-40 yaş aralığındadır. Uşaqlarda da dəri problemlərinə rast gəlinir, amma müraciətlərin böyük hissəsi yeniyetmə və gənclərdən ibarətdir. Bəzi xəstəliklərin müalicəsi daha uzun çəkir. Məsələn, pemfiqus adlanan xəstəlik var. Azərbaycanda, təəssüf ki, bu xəstəliklə bağlı məlumatlılıq kifayət qədər deyil. Bu, dəridə suluqların yaranması ilə müşayiət olunan, ciddi və ölümcül ola bilən autoimmun xəstəlikdir. Bəzən ağız içində də yaralar və suluqlar yaranır. Pasiyent əvvəl terapevtə və ya stomatoloqa müraciət edir, xəstəlik gecikmiş halda dermatoloqa çatır. Suluqlar partladıqca dəridə geniş yara sahələri açılır, su-elektrolit itkisi yaranır və bu, xəstənin həyatı üçün təhlükəli ola bilər. Ona görə belə xəstəliklərdə erkən diaqnoz və uzunmüddətli nəzarət çox vacibdir.
- Hansı bölgələrdə daha çox rast gəlinir?
- Pemfiqusa Azərbaycan, Türkiyə və ümumilikdə Qafqaz bölgəsində daha çox rast gəlinir. Yaxın Şərqdə də bu xəstəliyin yayılması ilə bağlı məlumatlar var. Araşdırmalarda bu bölgələrdə xəstəliyin daha çox müşahidə olunduğu göstərilir. Amma xəstəliyin konkret nə ilə bağlı yarandığı tam məlum deyil. Bu, autoimmun xəstəlikdir. Orqanizm öz bədənində olan strukturları yad kimi qəbul edir, onlara qarşı mübarizə aparır və nəticədə xəstəlik yaranır.
- Bir dermatoloq kimi, insanların dəri sağlamlığı ilə bağlı ən çox yol verdiyi səhvlər barədə nə deyə bilərsiniz?
- Ən çox yol verilən səhv həkim müayinəsindən keçmədən, diaqnoz qoyulmadan müxtəlif kremlərdən, mazlardan və dərmanlardan istifadə etməkdir. Bəzi məhsulların istifadəsində ciddi məhdudiyyətlər var. Pasiyentlər bəzən problem müvəqqəti azaldığı üçün həmin vasitələrə güvənir və uzun müddət istifadə edirlər. Amma bu, sonradan ciddi əks təsirlər yarada bilər. Həkim məsləhəti olmadan antibiotik qəbul etmək, göbələk əleyhinə dərman içmək, steroid tərkibli məlhəmlərdən istifadə etmək düzgün deyil. Məsələn, pasiyent bilmir ki, onun problemi həqiqətən göbələkdir, yoxsa başqa xəstəlik. Amma göbələk əleyhinə preparat qəbul edir. Bu isə qaraciyərə mənfi təsir göstərə bilər. Steroid məlhəmlər isə dəridə qalıcı qızarıqlıq, səpki, tüklənmə, damar genişlənməsi və ən təhlükəlisi, dəri atrofiyası yarada bilər. Hər problemin özünə uyğun müalicəsi olmalıdır.
- Gələcəkdə dəri xəstəliklərinin daha geniş yayılmasına səbəb ola biləcək əsas risk faktorları hansılardır?
- Bu gün həyat tərzimizdə olan bir çox amil risk faktoruna çevrilə bilər. Qidalanmaya diqqət etməliyik. Kosmetik və dəriyə qulluq vasitələri çox geniş yayılıb, amma onları düzgün seçmək lazımdır. Sinir sistemimizi mümkün qədər sakit saxlamağa çalışmalıyıq. Günəşdən qorunmaq da çox vacibdir. Elə bir mühitdə yaşayırıq ki, nə qidadan, nə havadan orqanizm üçün lazım olanları tam ala bilirik. Ona görə sağlam qidalanmaq, sağlam vərdişlər qazanmaq önəmlidir. Son vaxtlar pasiyentlərdə xolesterin və qlükoza səviyyəsinin yüksək olmasına tez-tez rast gəlirik. Oturaq həyat tərzi, fiziki aktivliyin azlığı da sağlamlığa təsir edir. Ən azı gündə yarım saat piyada gəzmək, uyğun saatlarda günəş vannası qəbul etmək, kosmetik vasitələrin tərkib və keyfiyyətinə diqqət etmək lazımdır.
- Bəs günəş şüalarının faydalı olduğu dövr nə zaman hesab oluna bilər?
- Səhər saat 09:00-10:00-dək olan günəş şüaları daha faydalı hesab olunur. Saat 10:00-dan sonra, xüsusilə yay aylarında günəş şüaları dəri üçün faydalı sayılmır. Pasiyentlərimə tövsiyə edirəm ki, yay aylarında səhər saatlarında, məsələn, saat 07:00-dan başlayaraq günəşdən qoruyucu krem istifadə etməklə qısa müddətli günəş qəbul etsinlər. Həmin saatlarda günəş şüaları orqanizm üçün daha faydalı ola bilər. Amma yay aylarında saat 10:00-dan sonra, xüsusilə 11:00-15:00 aralığında günəş altında qalmaq dərini yandıra bilər. Günəş yanıqları isə xərçəngönü proseslər baxımından ciddi risk yaradır.
- Son olaraq dəri sağlamlığı problemindən əziyyət çəkən insanlara hansı tövsiyələri verərdiniz?
- Tövsiyəm budur ki, dəridə narahatlıq yaradan hər hansı problem olduqda aptekdən, qonşu məsləhətindən və ya türkəçarə üsullarından istifadə etmədən birbaşa dermatoloqa müraciət etsinlər. Çünki ağırlaşma ilə gələn xəstələrin sayı az deyil. Bəzən insan kiminsə məsləhəti ilə hansısa vasitəni istifadə edir, nəticədə xəstəlik daha da kəskinləşir. Sonra müalicə müddəti uzanır. Əgər problem 3-5 günlük müalicə ilə aradan qalxa bilərdisə, yanlış müdaxilə səbəbindən aylarla, hətta illərlə davam edə bilir. Dəri üçün ən vacib məsələlərdən biri təmizlikdir. Üz dəsmalları, yastıq üzləri, gündəlik gigiyena çox önəmlidir. Qidalanmanın da dəri sağlamlığına birbaşa təsiri var. Sağlam qidalanmaq, sağlam həyat tərzi keçirmək lazımdır. Dərinin təravətli və sağlam qalması üçün keyfiyyətli, tərkibi təmiz, dəri tipinə uyğun baxım məhsullarından istifadə etmək vacibdir. Üz təmizliyi, serum, krem, tonik və SPF istifadəsi gündəlik rutinin bir hissəsi olmalıdır.