Modern.az

YAP-dan Əkrəm Əylisliyə TƏKLİF: “Baş Prokurorluğa müraciət et”

YAP-dan Əkrəm Əylisliyə TƏKLİF: “Baş Prokurorluğa müraciət et”

19 Aprel 2016, 18:16

 

“Mən hesab edirəm ki, Əkrəm Əylislinin nə müraciətinin ünvanı və nə də ki, məğzi düzgün deyil.  Çünki Cənab Prezident ölkədə dövlət hakimiyyətinin icra hakimiyyəti qolunun rəhbəridir”.

Bu barədə Modern.az saytına açıqlamasında deputat, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadə Əkrəm Əylislinin prezidenti İlham Əliyevə ünvanlandığı müraciətinə münasibət bildirərkən qeyd edib ki, yazıçı müstəntiqə izahat verməlidir:

“Əkrəm Əylisliyə qarşı isə bu gün başlanan cinayət işi hüquq mühafizə orqanları tərəfindən başlanılıb, aparılır. Bu baxımdan o müraciətini ya daxili işlər nazirinə, yaxud da ki, Baş Prokurorluğa müraciət edə bilər. Onunla bağlı işin icraatı həmin hüquq mühafizə orqanlarındadır. O, cənab prezidentin qarşısında yox, müstəntiq qarşısında cavab verməlidir.

Həmin o hadisənin olub-olmadığını, yaxud da ki, təfsilatı barəsində düzgün izahatında, verəcəyi izahatında qaçıqlamalıdır”.

Aydın Mirzəzadə hesab edir ki, Azərbaycan xalqı Əkrəm Əylislidən şikayət etməlidir: “Eyni zamanda Əkrəm Əylisli ona qarşı basqıların, təzyiqlərin olmasından şikayətlənir. Azərbaycan xalqı Əkrəm Əylislidən şikayət etməlidir. Çünki böyüyüb boya-başa çatdırdığı, şöhrətləndirdiyi, çörək verdiyi oğulu ona böhtan atır, Azərbaycanın adın ləkələyir. Azərbaycan xalqına xas olmayan görüntünü Azərbaycana aid etmək istəyir”.

YAP üzvü  müəllifin “Daş yuxular” əsərini erməni Zori Balayanın əsəri ilə eyni hesab edir: “Onun yazdığı “Daş yuxular” əsəri Azərbaycan xalqına qarşı ən böyük təhqir və böhtanlardan biridir. Mən onun o əsəri Zori Balayanın “Ocaq” kiabı ilə yanaşı tuturam. Hər ikisi Azərbaycan xalqına, türk dünyasına  qarşı təhqir, böhtanlardan ibarətdir. Əgər Əkrəm Əylisli hesab edirsə ki, o xalqı təhqir edib aşağılaya bilər, amma əvəzində cəmiyyətin ziyalı təbəqəsi ona heç bir söz deyə bilməz. Mənə elə gəlir ki, o çox böyük səhv edir. Heç kəs üzərinə öhdəlik götürməyib ki, Əkrəm Əylislinin etdiyi əməllərə görə ona qarşı əks reaksiya gəlməyəcək”-deyə deputat bildirib.

Aydın Mirzəzadə söyləyib ki, Əkrəm Əylislinin indiki durumu onun həyatının və əməllərinin məntiqi nəticəsidir: “Hazırda Əkrəm Əylislinin düşdüyü vəziyyət onun həyatının məntiqi nəticəsidir. Onun atdığı, bohtanlar etdiyi naqis əməllərin nəticəsidir. İlk növbədə özü özünə sual verməlidir ki, niyə görə xalqına mənəvi xəyanət edib və indi də bu acıları çəkir? Konkret cinayət əməlinə gəldikdə isə o nahaq yerə cinayət məsuliyyətindən qaçır. Müstəntiq qarşısında  oturmalı, suallara cavab verməlidir.

Ona qarşı irəli sürülən ittihamları özü üçün aydınlaşdırmalıdır.

Əgər hər hansı bir vətəndaşa qarşı irəli sürülən ittihamları müraciətlə yoluna qoymaq mümkündürsə, o zaman biz hüquq mühafizə və istintaq orqanlarını neynirik? Hər kəs elə poçtla prezidentə bir məktub yazar və məsuliyyətdən yaxa qurtarar. Belə bir şey mümkün deyil. Təhqiqatda və istintaqda hər şeyə aydınlıq gələcək. Orada video görüntülər, ortada hal şahidləri var. Nə qanunvericilikdə və nədə ki Cinayət Məcəlləsində törətdiyi cinayət əməlinə görə heç kəsə güzəştlər nəzərdə tutulmur”.

Xatırladaq ki, yazıçı Əkrəm Əylisli ona qarşı qaldırılan cinayət işi ilə bağlı ölkə başçısına müraciət edib.

Ağa AKİFOĞLU


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi