Modern.az

Keçmiş deputatlar nə işlə məşğuldurlar? (IV hissə)

Keçmiş deputatlar nə işlə məşğuldurlar? (IV hissə)

Ölkə

9 Noyabr 2009, 14:16

İkinci Çağırış Milli Məclisin deputatları olmuş şəxslərin hazırda hansı işlə məşğul olmaları maraq doğurur. Qeyd edək ki, 2005-ci il parlament seçkilərində İkinci Çağırış zamanı deputat olmuş şəxslərin əksəriyyəti yenidən namizədliklərini irəli sürmüşdülər. Amma onların təxminən yarısı yenidən mandat qazana bilmədi. Onlar indi haradadırlar, nə işlə məşğuldurlar? Modern.az saytı ötən günlərdə 40-a yaxın keçmiş deputat barədə məlumatları oxusulara təqdim edib. Bu dəfə isə son 15 sabiq parlamentarinin yerini dəqiqləşdirdik. 

80 saylı Oğuz – Şəki – Qəbələ seçki dairəsinin sabiq deputatı Eldar Qəhrəmanovla bağlı araşdırma apararkən onun hazırda işsiz olduğu barədə məlumat aldıq.

 

Milli Məclisin keçmiş üzvü Cahangir Hüseynov vaxtilə parlamentin fəal deputatlarından biri idi. 83 saylı Sabirabad-Saatlı seçki dairəsinin sabiq bitərəf təmsilçisi 2005-ci ildə Milli Məclisə düşə bilmədi. Cahangir Hüseynov hazırda AMEA yanında Milli Münasibətlər İnstitutunun direktor müavini vəzifəsini tutur.

 

84 saylı Salyan seçki dairəsindən sabiq deputat Rifət Ağalarov da 2005-ci ildə Üçüncü Çağırış Milli Məclisə seçkilərdən kənarda qaldı. O, hazırda Milli Məclis aparatında çalışır.

85 saylı Samux – Şəmkir – Goranboy  seçki dairəsinin Milli Məclisdəki keçmiş təmsilçisi Xalis Ələsgərov hazırda işsiz olan sabiq parlamentarilərdəndir.

Keçmiş YAP-çı deputat, 91 saylı Xanlar – Daşkəsən seçki dairəsinin təmsilçisi Yaşar Əliyev hazırda Azərbaycanın Çindəki səfiridir.

Hazırda İctimai Teleradionun baş direktoru vəzifəsini tutan İsmayıl Ömərov 2000-2005-ci illərdə 92 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat idi. 99 saylı Şəmkir şəhər seçki dairəsindən sabiq deputat, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb

Səmədov 2005-ci ildə növbəti dəfə deputat seçilmək istəsə də, arzusuna qovuşmadı. Bununla belə, işsiz də qalmadı. Ölkə başçısı onu Müəllif Hüququları Agentliyinin sədri təyin etdi. 2008-ci ildə A.Səmədov bu vəzifədən azad edildi. Amma yenə də işsiz qalmadı, bu dəfə o, Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədr müavini təyin olundu.

 

64 saylı Quba – Dəvəçi seçki dairəsinin sabiq deputatı Hikmət Osmanov hazırda Həmkarlar İttifaqları Konfederasiyasında işləyir.

Majoritar qaydada 29 saylı Səbail seçki dairəsindən sabiq deputat Afət Xanbabayeva parlamentdə ən az işləyən millət vəkili oldu. 2004-cü il oktyabrın 19-da təkrar seçki nəticəsində deputat seçilən A.Xanbabayeva bir il sonra formalaşan yeni parlamentin üzvü ola bilmədi. Onun hazırda dövlət işində çalışmadığı bildirilir.

Yeni Azərbaycan Partiyasından sabiq deputat Asya Manafova hazırda Azərbaycanın Belarusdakı səfirliyində çalışır.

 

Hakim partiyadan olan daha bir keçmiş deputat, qocaman Zahid Qaralov indi Yeni Azərbaycan Partiyası Yasamal təşkilatının sədridir.

 

2000-ci ildə proporsional qaydada parlamentə seçilən Kərim Kərimov isə hazırda Yeni Azərbaycan Partiyasının aparatında çalışır.

”Səs” qəzetinin keçmiş baş redaktoru, sabiq deputat Ağabəy ƏsgərovAzərbaycan” Nəşriyyatının direktorudur.

Başqa biq sabiq YAP-çı deputat Musa Musayev hazırda Naftalan şəhər İcra Hakimiyyətinin başçısıdır.

 

Hakim Partiyanın parlamentdəki sabiq təmsilçisi Aynur Sofiyeva isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavinidir.

2000-2005-ci illərdə Azərbaycan Kommunist Partiyasını Milli Məclisdə təmsil etmiş Rauf Qurbanov hazırda ancaq siyasi fəaliyyətlə məşğuldur. O, bir neçə yerə parçalanmış Kommunist Partiyasının qollarından birinin sədridir.

Sabiq deputat, sabiq AXCP-çi Qulamhüseyn Əlibəyli Aydınlar Partiyasının sədri olmaqla yanaşı, BDU-da da dərs deyir.

Tanınmış müxalifət lideri Əli Kərimli də 2005-ci ildə Üçüncü Çağırış Milli Məclisə düşə bilmədi. O, hazırda siyasi fəaliyyətini davam etdirir, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir.

Hakim partiyanın parlamentdəki sabiq təmsilçilərindən olan Asif İmaməliyev indi Yeni Azərbaycan Partiyası Sumqayıt təşkilatının sədridir.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?