Modern.az

Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: “Uşaqlığın son gecəsi”ndən sonra yoxa çıxan Elya

Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: “Uşaqlığın son gecəsi”ndən sonra yoxa çıxan Elya

29 May 2017, 11:38

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin bəzi yaddaqalan obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil. 

Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas və epizodik rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir.  

Bu dəfə Azərbaycan tamaşaçılarınının hər zaman maraqla izlədiyi “Uşaqlığın son gecəsi” filmindən bəhs edirik. 

 

“Uşaqlığın son gecəsi” filmi 1968-ci ildə çəkilib. Ssenari müəllifi Maqsud İbrahimbəyov, quruluşçu rejissor  Arif  Babayevdir.

Bu kinopovest gənclər haqqındadır. Burada şəxsiyyətin formalaşmasından, həyata yenicə atılan gəncin çətinliklərə, həyatdakı mənəvi təzadlarla qarşılaşmasından, gənc yaşlarından əsl insan, prinsipal, məsuliyyətli vətəndaş olmağın zəruriliyindən danışılır.



Filmdə çox maraqlı aktyor komandası çıxış edir. Bu komandanın üzvləri sırasında əcnəbi aktrisa da var. Söhbət Elya rolunun ifaçısı Megi Kejeradzedən gedir.

Gürcüstanlı aktrisa Megi Kejeradze cəmi 4 filmdə çəkilib ki, bunlardan da biri Azərbaycanda lentə alınan “Uşaqlığın son gecəsi”dir.

Təəssüf ki, hazırda onun haqqında ətraflı məlumat yoxdur. Bu aktrisa indi hardadır, sağdırsa neçə yaşındadır, həyatdan köçübsə hadisə nə zaman olub – məlum deyil. Nə rusdilli, nə də gürcü internet resurslarında, mediada Megidən bəhs olunmur.

Megi Kejeradzenin vətəninin hüdudularından xaricdə yaşadığı da ehtimallar sırasındadır.


Bilinən odur ki, Megi Kejeradze 1960-65-ci illərdə Tbilisi Xarici Dillər İnstitutunda təhsil alıb. Bu da onun peşəkar aktrisa olmadığı qənaətinə gəlməyə əsas verir. 


“Uşaqlığın son gecəsi”də baş qəhrəmanlarından birini - Murad rolunu oynamış aktyor Ənvər Həsənov da bir müddər gürcü aktrisasını axtarıb, amma ondan bir soraq ala bilməyib. O, bu haqda Modern.az-a müsahibəsində bunları deyib:

“Filmdə Elya rolunu oynamış gürcü aktrisasının taleyindən heç bir xəbər tutmaq olmur. Bir neçə bundan əvvəl Gürcüstanda idim. Xeyli axtardım onu. Hələ 1995-ci ildən mən onu axtarıram. Təəssüf ki, bir xəbər ala bilmirəm”.

 

Qeyd edək ki, gürcüstanlı aktrisa Megi Kejeradzenin “Uşaqlığın son gecəsi”ndə canlandırdığı Elya obrazını Əminə Yusifqızı səsləndirib.


Ə.Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı