Modern.az

Tanınmış cərrahdan orqan nəqli ilə bağlı TƏKLİFLƏR

Tanınmış cərrahdan orqan nəqli ilə bağlı TƏKLİFLƏR

9 Fevral 2018, 13:01

“Qəza və ya təbii fəlakətlər zamanı həyatını itirmiş şəxslərin yanında qohumları olmadığı halda razılıq və vəsiyyət axtarılmadan ondan transplantasiya üçün orqan və ya toxumanın götürülməsinə icazə verilməlidir”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə çıxış edən Mərkəzi Neftçilər Xəstəxanasının cərrah-transplantoloqu Mircəlal Kazımi deyib.

 

M.Kazımi bildirib ki, şəxs sağlığında orqan transplantasiyasına münasibətini bildirməyibsə, həyat yoldaşı, həddi buluğa çatmış uşaqlarından biri, valideynlərindən biri, bacı-qardaşının razılığı ilə onun toxuma və orqanı götürülə bilər.

“Qəza və ya təbii fəlakətlər zamanı həyatını itirmiş şəxslərin yanında adı sadalanan şəxslər olmadığı halda, müvafiq beyin ölümünün baş verdiyi təsdiqlənərsə, transplantasiya üçün qohumların razılığı və vəsiyyət axtarılmadan transplantasiya aparıla bilər və buna icazə verilməlidir”.

 

O deyib ki, transplantasiya əməliyyatını bu sahə üzrə ən azı 3 il təhsil alan həkimlər həyata keçirməlidir. “Mütləqdir ki, həkim-cərrah bu sahə üzrə təhsil almış olsun. Transplantasiya edən həkimlərin harada və necə təhsil alması da vacibdir. Transplantasiya əməliyyatının Azərbaycan vətəndaşı olmayan şəxs tərəfindən icra edilməsi üçün onların buna icazə verən şəhadətnaməsinin olması vacibdir”.

 

Transplantoloq qeyd edib ki, canlı donordan onun ölümünə səbəb ola bilən orqanın transplantasiyası qadağan edilməlidir. “Canlı donor xəstənin həyat yoldaşı olduğu halda, onların nikah müddəti ən azı bir il olmalıdır. Çünki bu, saxta evlilik də ola bilər”.

 

Mircəlal Kazımi canlı donor qohum olmayan donor olduğu halda etik məsələlərin araşdırılması üçün ictimai əsaslarla Etika Komissiyası yaradılmasını təklif edib.

 

“Komissiya üzvü tibb və qeyri-tibb sahəsi üzrə çalışan insanlar ola bilərlər”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub