Modern.az

ReAl partiyası parlament seçkilərinə hazırlığa başladı: “İki siyahı üzərində çalışırıq” - ŞƏRTLƏR

ReAl partiyası parlament seçkilərinə hazırlığa başladı: “İki siyahı üzərində çalışırıq” - ŞƏRTLƏR

19 Aprel 2019, 15:17

“Bir müddətdir, ReAl partiyası olaraq, parlament seçkilərinə hazırlıq üçün ciddi partiyadaxili işlərə başlamışıq”.

Bu barədə Modern.az-a  ReAl partiyasının icra katibi Natiq Cəfərli danışıb. O qeyd edib ki, namizədlərin müəyyənləşdirilməsi, onlarla ilkin söhbətlərin aparılması, yeni namizəd profilinin hansı formada olması, onların hansı keyfiyyətlərinin öndə olması ilə bağlı ciddi konseptual yanaşma mövcuddur:

“Amma ilkin olaraq seçkilərin vacibliyini əhaliyə çatdırmaq üçün namizədlərin üzərinə böyük yük düşdüyü bildirildi.

Namizədlərin kriteriyalarına gəlincə, özünün bəlli uğur hekayəsi olan, sahəsi üzrə nailiyyətlər qazanmış, yaxşı təhsilinin olması əsas şərtlərdən biridir. İstər ölkə daxilində, istərsə də, xaricdə yüksək səviyyədə təhsil alan şəxslərin namizədliyi nəzərə alınacaq. Gənc və orta nəsildən olan yeni simaların önə çəkilməsi əsas məqsədlərimizdən biridir.

Təəssüf ki, Azərbaycanda siyasi partiyalar seçkilərə bir neçə ay qalmış, bu hazırlıqlara başlayırlar. Belə halda uğur qazanmağa imkan olmur. Ona görə, düşündük ki, seçkilərə il yarım qalmış bu prosesi başlayaq. Namizədlərin daha çox hansı dairələrdə uğur qazana biləcəyi ehtimalını hesablayaraq, onların kiçik komandasının formalaşmasına imkan yaratmağa çalışırıq. Seçicilərlə görüşmək, “PR” kampaniyasının aparılması, seçki kampaniyasının həyata keçirilməsi və s. işləri yüksək səviyyədə görməliyik”.


N.Cəfərli söyləyib ki, digər partiyalardan seçkidə iştirak edən namizədlərə ReAl-ın qapıları açıq olacaq:

“Amma boykot yolunu seçən partiyalar haqqında eyni fikirdə deyilik. Boykot çox primitiv yoldur, indiyə qədər heç bir effektə gətirməyib.

Digər partiyalarla məsləhətləşmələrin aparılması, namizədlərin dairələrdə bir-birinə mane olmaması ilə əlaqədar razılaşmalar mümkündür. Buna baxmayaraq, hər hansı seçki blokunun yaradılmasında iştirak etmək fikrində deyilik. Sadəcə funksional əməkdaşlıq ola bilər.

Seçki platformamız seçkilərə xeyli qalmış elan olunacaq. Bu zaman qırmızı cizgilərimizə uyğun gələn, gələcəkdə Azərbaycanın inkişaf yolunu bizim kimi görən digər partiya namizədləri olacaqsa, onları dəstəkləyə bilərik”.

Qeyd edək ki,  ReAl sədri İlqar Məmmədov da özünün sosial şəbəkə hesabında parlament seçkilərinə hazırlıqla bağlı paylaşım edib:

“Parlament seçkiləri təqvimində ReAl hardadır? Təqvimin bir neçə nöqtəsində. Onlardan birini qeyd edim: namizədlərin ilkin olaraq müəyyən edilməsi. İki siyahı üzərində çalışırıq: 1) öz namizədlərimiz; 2) partiyanın dəstəkləyə biləcəyi kənar namizədlər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu