Arxiv
1 İyun 2019, 16:16 | REPORTAJ
Kürdəxanı, “Savalan yolu”, köçkün şəhərciyi... sönməyən ümidlər - REPORTAJ

Kürdəxanı qəsəbəsi Sabunçu rayonunun ən qədim, eyni zamanda ən müasir tikililəri ilə tanınan məkanlarından biridir. Günbəgün sürətlənən tikinti –abadlıq işləri bu qəsəbənin görkəmini daha da mükəmməlləşdirir. Bu günlərdə Kürdəxanıda 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi qəsəbənin görünüşünə bir gözəllik də əlavə edib.

Yolumuz Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış kompleksinədir. Qəsəbədə el arasında “Savalan yolu” kimi tanınan  yolun başlanğıcında şəhərciyə getmək üçün kiçik tutumlu avtobuslar dayanıb. 15 hektar torpaq sahəsində salınan yeni məkana cəmi 9 dəqiqəyə çatırıq.

Bura şəhərcik demək tam bir haqsızlıqdır. Əslində şəhər içində möhtəşəm bir şəhər desək, daha doğru olar. Qəsəbənin açılış mərasimi aprel ayına təsadüf etdiyindən baharın gözəlliyi də şəhərciyə bir başqa mənzərə əlavə edib. Hər tərəf yaşıllığa bürünüb. Yaşıl çəmənliyin ətrafı isə gül-çiçək kolları ilə bəzədilib. İri Eldar şamı, küknar ağacları isə bir adamboyundan uca olub. Bir sözlə, baharın xoş ətri və yüksək əhval-ruhiyyənin müşayəti ilə şəhərciyi gəzirik.  

Layihə üzrə doqquzmərtəbəli 15 bina tikilib ki, bunlardan 9-u 54, 4-ü 36, digərləri isə 108 və 72 mənzillidir. Yeni yaşayış kompleksində məktəb və uşaq bağçası, o cümlədən digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sistemlərinin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Açılış mərasimində  iştirak edən ölkə prezidenti şəhərciyi qarış-qarış gəzib, hər bir xırda detalla maraqlanıb, mənzillərdə yaradılan şəraitlə tanış olub.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Prezidentə bildirib ki, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 103-cü müasir yaşayış kompleksindəki mənzillərdən 72-si birotaqlı, 360-ı ikiotaqlı, 306-sı üçotaqlı, 72-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 91 min kvadratmetrdir.


Şəhərciyi gəzə-gəzə gəlib çıxdıq uşaq bağçasının qarşısına. Bağçada yaradılan şəraitin gələcəyimiz olan körpələrin ürəyincə olduğuna əminik. 280 yerlik bağça balacaların zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edir. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Bağçanın yerləşdiyi ərazidə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb. Səliqə-səhman, yenilik adamda lap uşaq olmaq istəyini yaradır.

Bağçanın qarşı tərəfində, yolun sol səmtində isə 560 şagird yerlik tam orta məktəb yerləşir. Məktəb haqqında isə valideynlərdən soruşsaq, daha yaxşı olar.


Binaların arası ilə irəliləyirik. Bir neçə binanın qarşısında köç maşınları dayanıb. Yeni sakinlər həvəslə, sevincək halda maşınlardan endirdikləri əşyalarını mənzillərinə daşıyırlar.


Yaxınlaşırıq, salamlaşırıq, yeni mənzilə köçməkləri münasibətilə  təbrik edirik. Müsahibimiz özünü təqdim edir və bizimlə söhbətə başlayır. Əslən Şuşa rayonundan olan Səxavət Qasımovun üzə-gözündə bir sevinc, bir həyəcan aşkarca hiss olunur. Öncə uzun illərdi Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən, “Maşınqayırma” pansionatında çəkdikləri əziyyətlərdən danışır. Adi suyun o ərazidə tapılmadığını, tonunu 4 manata aldıqlarını söyləyir.


Deyir ki, püşkatma mərasimində evin açarlarını əlinə alan kimi uşaqlarını da, yoldaşını da götürüb mənzilə baxmağa gəlib:

“3 otağı, mətbəxi, 2 hamam-tualeti, keramikadan olan hamam vannası, su çanağı, çil-çiraqlar, mətbəx mebeli, qaz pilətəsi…elə bildim nağıllar aləminə düşdüm. Övladımın hər üçünün sevincini  izah etməyə söz tapmıram. Uşaqlar yenı mənzilə necə vurulmuşdularsa, geri qayıtmaq  istəmirdilər, mənzildən zorla çıxarıb apardım”.

Müsahibimiz gülümsəyərək yenidən söhbətinə davam edir:  “Sağ olsun “Qaçqınkom”un sədri Rövşən müəllimi, bizi təmənnasız olaraq yük maşınları ilə təmin edib. Bu gün də əşyalarımızı yığıb gəldik. Elə o gündən düşünürəm ki, kaş elə bir an olaydı ki, balalarıma-ailəmə yaşatdığı bu sevincə görə prezidentimizə ürəkdən təşəkkür edəydim, minnətdarlığımı bildirəydim.  Deyirəm, bəlkə də sizi bizə Allah yetirib ki, bu təşəkkürümüz sizin vasitənizlə cənab İlham Əliyevə çatsın! Bugünki sevincimizə səbəb olan hər kəsə ailəm və övladlarım adından “Allah sizi də sevindirsin!”  deyirəm”.

Səxavətdən yeni mənzilin balaca sakinlərini soruşduq. Gülümsəyərək əli ilə yaxınlıqdakı parkda yerləşən yelləncəyi göstərdi. Səs-küyləri şəhərciyi başına götürmüş bir dəstə uşaq yelləncəklərdə yaşadıqları sevincin dadını çıxarırdılar.



Növbəti müsahibimiz Əli Qurbanov dünyanın ən gözəl məkanlarından olan Laçın rayonundan didərgin düşüb. O vaxt 7 yaşında olmasına baxmayaraq, yurdları haqqında geniş məlumata malikdı. Gözünü açandan, özünü anlayandan ata-anasının əzizlədiyi, qoruduğu Laçınlı günlərlə bağlı fotoşəkillər artıq onun üçündə müqəddəsləşib. Deyir ki, yeni mənzil, müasir yaşayış tərzi ona yurdunu  heç vaxt unutdura bilməz:

“Gənc ailə olaraq mənzillə təmin olunmağımız bizi çox sevindirdi. Var olsun Prezidentimiz! Onun bizim ailəyə göstərdiyi bu qayğı məni arxayın salmır. Mən Ali Baş Komandanımızın hazır əsgəriyəm. Komandanımız nə vaxt döyüş əmri versə,  o döyüşlərdə iştirak etməyi özümə şərəf bilərəm. Elə  yaxın dostum Cəsarət də həmişə deyir ki, inşallah bir gün vətənin mənə ehtiyacı olacaq və biz canımızla-qanımızla buna hazırıq! Var olun, cənab Prezident! Bizi səfərbər edin, cənab Ali Baş Komandan! Biz sizinləyik!”.


Təbibə Quliyevanın ailəsi  “Bakines” pansionatından buraya  bir həftədir ki, köçüblər. Oğlu, gəlini, 2 nəvəsi ilə birlikdə yaşayan ağbirçək müəllimə mənə 4 otaqlı mənzili  sevinclə təqdim etdi:


“Bizim pansionatda 47 ailə yaşayırdı. Orda nə zülümlər çəkdiyimizi demirəm, çünki artıq hər şey arxada qaldı. 27 ildə həmin o 47 ailə ilə bir evli kimi olmuşduq. Bir-birimizin yasına-toyuna yarayırdıq, çətinliyimiz olanda bölüşürdük. Onların  üzləşdiyi çətinliklər, xüsusən azyaşlı, məktəbyaşlı uşaqların  vəziyyəti bir pedaqoq kimi məni  çox incidirdi. Bağça yox, məktəb bərbad şəkildə, ətraf zibilxanalarla dolu, oyun oynamağa, 5 dəqiqə təmiz hava almağa bir park yox! Çox üzülürdüm.Vallah həmişə hiss edirdim ki ürəyimin başında bir göynərti var. Amma 1 həftədir bura köçmüşük, day o göynərtidən də əsər-əlamət qalmayıb. Allah Prezidentimizin balalarını qorusun, o ki, balalarımızı zülümdən qurtarıb...”.


-Təbibə müəllimə, burdakı məktəbinizlə tanış oldum. Siz necə, bəyənirsinizmi?


- Hazırda evimizdən ora iki uşaq yola salırıq. Ona görə də  öncə özüm gedib məktəblə maraqlanmışam. Düzü, heç şəhərin mərkəzində də belə  məktəbə rast gəlməmişəm. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.Necə deyərlər iki göz də lazımdır ki tamaşa edəsən. Məktəbin kompüter otağı, idman zalı da zəruri avadanlıqla təchiz edilib. Dəhlizlərdə, siniflərdə əyani vəsaitlər  qoyulub. Elə orda nəvələrimə dedim ki, hər gün “5” almasanız, sizi evə buraxmayacam. İnanıblar!.


Təbibə müəlliməyə bir gün  bizim əməkdaşlarımızı Ağdamda, doğma Şıxbabalı kəndində qarşılamağı, qonaq saxlamağı arzu edib ondan ayrılırıq.

Ərazinin böyük bir hissəsi istirahət parkından ibarətdir. Yazının əvvəlində parkdakı səliqə-səhmanı, yaşıllığı qeyd eləmişdik. İndi isə orda söhbətləşən, dincələn bir qrup soydaşımıza yaxınlaşırıq.



Tofiq Xankişiyev Cəbrayıl rayonunun  Hacılı kəndindəndir.Yaşı yetmişi keçib. Amma bir gün, bax elə onu  bura gətirən yük maşınında Hacılıya dönəcəyi günə olan ümidi keçməyib. Yaz gələndə yurdunun dönüb bir başqa aləm olmasından kövrələ-kövrələ danışır. Hələ Dül-dül ziyarətgahının ətrafının, bənövşəli təpəciklərin xiffətini çəkdiyi hər kəlməsindən bəlli olur:

“Qızım bilirsən, məni yaşamağa məcbur edən nədi? İçimdəki inam. Bəli, inanıram ki, güclü dövlətim, prezidentim, ordum var.  Yüz minlərlə köçkünə qəsəbələr tikiblər, evlər veriblər. Camaatı zülümdən qurtarıblar. Bax, həmin gücnən-qüdrətnən bir gün də  yurdumuza qovuşacağıma inanıram! Hər kimsə, hər hansısa başqa bir dövlət bizim daxili işimizə qarışır, Prezidentimizin  Qarabağ uğrunda apardığı siyasətə pəl vurursa, Allah onun cəzasını versin. Əşşi, imkan verin kişi öz işiylə məşğul olsun də. Sən o qəzetində yaz ki, oğlum İlham, mən Tofiq dayın öz nəsli- kökümlə həmişə arxanda dayanmışam. Sənə inanıram, ordumuza güvənirəm! Di, Allah qolunuza qüvvət versin!”.


Ağdamdan Ələkbər Məmmədov,  Hüseyn Qarayev, Cantiq İsgəndərov, Şuşadan Faiq İsgəndərov da söhbətə qoşuldular. Bildirdilər ki, məcburi köçkünlərə göstərilən qayğı onların nəzərindən heç vaxt qaçmaz:

“Biz görürük ki, məcburi köçkünlər məsələsi həm dövlətimizin, həm də Prezidentimizin diqqətindədir. Bunun üçün dövlət başçısına minnətdarıq!”.


Bu zaman  Ağdam rayonu Keştazlı kəndindən məcburi köçkün Novruz Tağıyevin  asta addımlarla bizə yaxınlaşdığını gördük. Novruz dayı ilə əvvəllər köçkünlərin yaşadığı yararsız  binalardan silsilə yazılar hazırlayarkən tanış olmuşduq. “Xəzər” sanatoriyasının Uşaq-Vərəm Dispanserində məskunlaşmış köçkünlərdən biri də onun ailəsi idi. 2 oğlu, 2 gəlini, 4 nəvəsi ilə çox  şəraitsiz bir tikilidə əziyyətlər çəkiblər. Kanalizasiya sularının üfunətindən onların yaşadığı əraziyə yaxınlaşmaq mümkün deyildi.


Novruz dayı ilə görüşüb, hazırki vəziyətini, yeni mənzilini soruşduq. O cavab vermək əvəzinə bizi israrla evinə dəvət etdi. 1 saylı binanın 2-ci mərtəbəsinə qalxırıq.  Müsahibim bildirir ki, bütün binalarda lift sistemi quraşdırılıb: “Su, işıq verilir. Amma müvəqqəti olaraq qaz verilişi dayanıb. Çünki gərək bütün evlər dolsun ki, qaz xəttə buraxılsın. “Yazıçlar evi”, “Xəzər”  sanatoriyası, “Bakines” pansionatı tamamilə köçürülüb. Bu gün də “Maşınqayırma” pansionatının köçürülməsi yekunlaşacaq”.



Novruz dayının ömür-gün yoldaşı Sevil müəllimə bizi sevinclə qarşıladı. 2 otaqlı, mətbəxi, hamamı, tualeti, eyvanı olan bu işıqlı mənzil sanki ev sahiblərinin dəsimasına yansımışdı.
Deyir, hələ də gözünə inanmır ki, belə rahatlığa qovuşublar:

“Bəs, ailənin o biri üzvləri hardadır” sualımıza gülümsəyərək cavab verdi: “Böyük oğlum  Pərvizgilə 4 nəfərdən ibarət olduqlarına görə 3 otaqlı, kiçik oğlumgilə isə 3 nəfər olduqları üçün 2 otaqlı mənzil verilib”.


Novruz dayı xanımının sözlərinə əlavə bunları söylədi:

“Allah hökumətimizin uğurlarını da, qazancını da, var-dövlətini də bol eləsin! Artıq biz də rahat mənzildə, şəraiti olan bir evdə özümüzü normal adam kimi hiss edəcəyik. Amma uşaqlar maşına yük yığanda nəsə ürəyim xarab oldu. Yadıma kəndimiz düşdü. 1993-cü ilin iyul ayının o narahat gününü bir anlıq canımda hiss elədim. Məcbur qalıb köçdüyümüz günü deyirəm. Təəssüf edirəm ki, kəndimdən çox uzaq, bu qərib yerdəyik. 27 il... Mən rayondan çıxanda 45 yaşım vardı. Müharibə başlayan günə qədər kənd təsərrüfatı sahəsində - sovxozumuzda çalışmışam. Üzümçülük sahəsi üzrə briqadir olmuşam. Düzdü, o vaxt sovet dönəminin, necə deyərlər, “kəsakəs” dövrü idi, çox işləyirdik, zəhmət çəkirdik, günün hardan çıxıb, hardan batdığından da xəbərimiz olmazdı. Amma yurdumuzdaydıq, evimizdəydik, elimizin içindəydik deyə, o çəkdiyimiz əziyyətlər də bizdə narazılıq doğurmurdu. İndi bilirsiniz, iş yox, iş yeri yox, o vaxtki əziyyətin heç bir faizini çəkmirik. Amma yorğunuq, tükənmişik, hər şeydən gileyliyik. Hər şeyə əsəbləşirik. Bizlər anasının yoxluğundan cığallıq edən, ağlayan, bağıran, hər şeyə tərs münasibət göstərən körpə uşağa dönmüşük. Amma bu gün fərqli gündü. Bu gün yurdumuza dönəcəyimiz günə inamımız birəbeş artdı. Köçkünlərin rahat yaşaması üçün bu qədər qəsəbə tikmək ancaq güclü dövlətlərə məxsus bir fərasətdi. Deməli, gücümüz, fərasətimiz varsa, niyə də yurdumuza dönməyək? İnanıram ki, Kürdəxanı bizim son düşərgəmiz deyil, Cox keçməz o qəsəbələrdən də üzü Qarabağa köç karvanlarımız axnaşar. İnşallah!”.


Novruz dayıgildən çıxıb avtobus dayanacağına tərəf gedirik. Orada dayandığımız 7 dəqiqə ərzində  4-5 yuk dolu maşın şəhərciyə daxil oldu. İndi zülm və əziyyətlərdən rahatlığa, normal həyata tələsən soydaşlarımızın bir  gün də bu rahatlıqdan gözəlliklərə  tərəf - doğma Qarabağa üz tutacağına əminliklə inanırıq! Köçkünlərin simasına sevinc bəxş etdiyinizə görə sizə minnətdarıq, cənab Prezident!

 

Əntiqə Rəşid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə qanunsuz narkotik saxlayan şəxs tutulub 10 Avqust 2020, 12:47 Rüşvət alarkən yaxalanan məmurun işi məhkəmə gönədrildi 10 Avqust 2020, 12:44 Zığ-Hövsan yolu yenidən qurulacaq 10 Avqust 2020, 12:34 Millət vəkili 6 aylıq fəaliyyəti dövründə 4300 seçicini dinlədi 10 Avqust 2020, 12:32 Putin Lukaşenkonu TƏBRİK ETDİ 10 Avqust 2020, 12:31 Rüşvətxorluqda ittiham olunan generalın həbsdən buraxılması TƏSDİQLƏNDİ 10 Avqust 2020, 12:22 Koronavirusdan qorunmaq üçün 1,5 milyon dollara maska SİFARİŞ ETDİ 10 Avqust 2020, 12:20 Lukaşenkonu ilk o təbrik etdi 10 Avqust 2020, 12:15 Azərbaycanda general-leytenant vəfat edib 10 Avqust 2020, 12:04 Müəllimliyə imtahan vermək istəyənlərin NƏZƏRİNƏ 10 Avqust 2020, 11:57 Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır 10 Avqust 2020, 11:52 Ceyhun Bayramov XİN rəhbəri kimi ilk səfərini bu ölkəyə edəcək 10 Avqust 2020, 11:46 Karantini pozan daha bir kafenin sahibi və müştərilər cərimələnib 10 Avqust 2020, 11:43 Bakıda polis əməkdaşı bıçaqlandı – cinayət işi açıldı 10 Avqust 2020, 11:23 Ermənistanda 1 gündə 23 nəfər virusa yoluxub 10 Avqust 2020, 11:15 DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı 10 Avqust 2020, 11:11 Xocalı aeroprotundan Livana təyyarə uçub? 10 Avqust 2020, 11:08 Dillər Universiteti "Mənim Çinim" adlı onlayn-foto sərgi keçirir 10 Avqust 2020, 11:00 Koronavirusa görə vaxtından əvvəl azadlığa buraxılan məhkumların SAYI 10 Avqust 2020, 10:52 Xəzərdə suyun səviyyəsi azalıb 10 Avqust 2020, 10:49 Baş nazir Türkiyəyə görə Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI 10 Avqust 2020, 10:47 Təhsil Nazirliyi imtahanlarla bağlı yeniliyi açıqladı 10 Avqust 2020, 10:34 Havanı çirkləndirən sexin sahibi 2500 manat cərimələndi 10 Avqust 2020, 10:30 Dəhşətli daşqınlar 60-dan çox can aldı 10 Avqust 2020, 10:22 Prezident seçkilərinin ilkin nəticəsi açıqlandı – Lukaşenko 80,23% səs toplayıb 10 Avqust 2020, 10:18 2500 avtomobil postlardan GERİ QAYTARILIB 10 Avqust 2020, 09:53 Polis 3 tondan artıq narkotik vasitəni yandırdı 10 Avqust 2020, 09:48 Ermənistan ordusu Tovuz və Gədəbəyi atəşə tutdu 10 Avqust 2020, 09:45 Belarusda iğtişaşlarla bağlı cinayət işi açıldı 10 Avqust 2020, 09:41 Azərbaycan banklarında dollar bu qiymətə satılacaq - MƏZƏNNƏ 10 Avqust 2020, 09:34 FHN Kürdə batan şəxsin axtarışlarına başladı 10 Avqust 2020, 09:22 Belarusda seçkisonrası TOQQUŞMALAR – Rezin güllələr, su şırnaqları, yaralı etirazçılar - FOTOLAR 10 Avqust 2020, 09:14 Dünyada koronavirusa yoluxanların sayı 20 milyon nəfəri ötüb 10 Avqust 2020, 08:59 “Türkiyəyə imkan vermək olmaz Azərbaycanı öz tərəfinə çəksin” deyənlər... 10 Avqust 2020, 08:47 Abayın “Qara söz”ü... 10 Avqust 2020, 08:42