Modern.az

Pomidor-xiyarın əlçatmaz QİYMƏTLƏRİ - Qış tədarükündən ƏLİNİZİ ÜZÜN!

Pomidor-xiyarın əlçatmaz QİYMƏTLƏRİ - Qış tədarükündən ƏLİNİZİ ÜZÜN!

10 İyul 2019, 11:34

Hazırda bazarlarda meyvə-tərəvəzin qiyməti mövsümə uyğun deyil. 1 kiloqram kartofun qiyməti 90 qəpiklə 1 manat 20 qəpik arasında, xiyarın qiyməti 90 qəpiklə 1 manat arasında, pomidorun qiyməti 80 qəpiklə 1 manat 50 qəpik arasında dəyişir. Çiyələk, gilas, ərik, şaftalının qiymətindən isə danışmağa dəyməz, qiymətlər əl yandırır...

Məsələ burasındadır ki, iyun ayının ortalarında xiyarın 4 kiloqramı 1 manata, pomidorun 3 kiloqramı 1 manata təklif edilsə də, ucuzlaşma cəmi 1 həftə çəkdi, sonradan qiymətlər bahalaşdı. Əksəriyyət bunu ixrac potensialının artması, gömrükdə tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemilə bağlı olduğunu iddia edirlər. Bəs yerli əhalini kənd təsərrüfatı məhsulları ilə təmin etmədən ixrac potensialının artırılması nə dərəcədə doğrudur?

 

Bazarlara “müdaxilə” fəndləri...

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev Modern.az-a bildirib ki, iqtisadiyyatın inkişafını göstərən ən vacib məqamlardan biri ixracın artırılmasıdır:


“Çünki kənd təsərrüfatı məhsullarının xaricə çıxarılması ölkəyə valyuta cəlbi anlamına gəlir, eyni zamanda, sahibkarlığın inkişafına təkan verir. Digər tərəfdən, bazar qiymətlərinə təsir edilməsi sahibkarlığın fəaliyyətinə müdaxilə hesab oluna bilər. Bunun ən yaxşı yolu kənd təsərrüfatı yarmarkalarının sayının artırılmasıdır. Kənd Təsərrüfatı Nazirliyi yarmarkalar təşkil edir. Amma onların sayı artırılmalıdır ki, rəqabət yaransın. İnsanlara daha çox seçim imkanı verilsin. Vaxtilə bizdə belə bir təcrübə olub. Müstəqilliyin ilk dövrlərində bizdə belə bir təcrübə olub. Biz qiymətlərin baha olduğunu görüb, bazarların yaxınlığında yarmarkalar təşkil etdik. Bazara gələn görürdü ki, məsələn, pomidorun qiyməti 2 manatdır, amma həmin keyfiyyətdə pomidor yarmarkada 1 manat 50 qəpiyədir. Ona görə daha ucuz olanı alırdı. Beləcə bazarlar alıcının azaldığını görüb qiymətləri ucuzlaşdırmağa məcbur olurdu. Bazarlara birbaşa müdaxilə edilməsi sahibkarlığın inkişafına ziddir. İstər nazirlik, istərsə də hansısa dövlət rəsmisi deyə bilməz ki, “bu məhsulu filan qiymətə sat”. Çünki qiyməti bazar özü tənzimləyir. Amma hazırda bazardakı qiymətlər reallığı əks etdirmir. Siz hansısa fermerin qapısına gedib o məhsulu almaq istəsəniz, çox fərqli rəqəmlərlə qarşılaşacaqsınız. Çünki qiymətlər bazara gəlib çıxana qədər bir neçə əldən keçir”.

 

“2-3 il əvvələ qədər məhsul kəndlinin əlində qalıb xarab olurdu”

 

E.Quliyevin sözlərinə görə, ötən illərlə müqayisədə kənd təəsrrüfatı məhsullarının istehsalında nəzərəçarpacaq dərəcədə artım var:

“Fermerlər daha çox məhsul istehsal etməkdə və daha çox qazanc əldə götürməkdə maraqlıdırlar. Yadınızdadırsa, 2-3 il əvvəl şikayətlər gəlirdi ki, kəndlərdə məhsul xarab olur, kəndli onları sata bilmir. Amma indi ixrac potensialı artdığı üçün bu cür problemlər yoxdur. İlkin olaraq yerli əhalini məhsulla təmin edib, sonra xaricə çıxarmaq lazımdır. Bazarlarda qiymətlərin ucuzlaşması üçün məhsul bolluğu olmalıdır. Məhsul bolluğu olması üçün yarmarkaların keçirildiyi yerlərin sayı artırılmalıdır. Söhbət mövsümü meyvə-tərəvəzin satışından gedir. Yarmarkaların sayını artırmaq və elan evrmək lazımdır ki, qiymətlər digər satış nöqtələrində 30-40 faiz ucuzdur”.

 

 

“Hava kənd təsərrüfatı üçün əlverişsiz keçdi”

 

Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli də Modern.az-a son günlərin bahalaşma tendensiyasından danışıb. N.Nəsirli qeyd edib ki, hazırda  pomidorun qiyməti əsas müzakirə mövzusudur:


“İyul ayını hamı həsrətlə ona görə gözləyir ki, el dilində desək  Xaçmaz, Şəmkir, Sabirabad, Masallı pomidoru çıxsın, qiymətlər ucuzlaşsın, bir tərəfdən evlərə qış tədarükü başlasın, digər tərəfdən insanlar yayın bürküsündə pendir-çörək süfrəsi açıb istinin ləzzətini çıxarsınlar. Lakin, iyulun onuncu gününü yaşasaq da hələ açıq sahə pomidoru bazarlara çıxmayıb. Səbəb? Builki təsərrüfat mövsümünü istisna hal kimi qiymətləndirmək olar. Məsələ burasındadır ki, ilkin yazdan başlayaraq, havaların qeyri-sabit keçməsi, temperatur dəyişmələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ciddi risklər ortaya çıxardı. Əlverişsiz havalar ilkin yaz mövsümündə tumlu meyvə ağaclarının potensial məhsuldarlığa çatmasına imkan vermədi, ağaclarda mayalanma prosesi yağışların təsiri ilə başa çatmadığına görə məhsuldarlıq  (gilas, ərik, alça və s.) aşağı düşdü”.

 

“Açıq sahələrdə məhsul yetişməyib”


Ekspertin sözlərinə görə, iyun-iyul aylarındakı meteroloji göstəricilərinin təhlili əlverişsiz havalar artıq açıq sahə tərəvəzçiliyinə də mənfi təsir göstərməkdədir:

“İstehsal təqviminə görə, temperaturun yüksəlməsi, şitillərin məhsulvermə dövrünün başa çatması ilə əlaqədar olaraq iyunun ikinci on günlüyündə istixanalar fəaliyyətini dayandırır, iyulun əvvələrində isə açıq sahədə yetişdirilən tərəvəz məhsulları bazara girərək, istehlak zəncirində fasilənin yaranmasına imkan vermirdi. Bu il zəncirdəki harmonik əlaqə pozuldu, iyunun sonunda istixanalar təsərrüfat mövsümünə qismən yekun vursalar da, açıq sahədə əkilmiş bostanlarda məhsul vaxtında yetişməyib. İstilik bütün bitkilər kimi tərəvəz məhsullarının yetişməsi üçün ən mühüm şərtdir. Artıq iki həftədir ki, məhsulun yetişməsi üçün faydalı istilik əmsalı yaranmadığı üçün kütləvi yetişmə prosesi  gecikir.

Dünən əsas tərəvəzçilik rayonlarında apardığımız müşahidələr görə, iki həftəyə yaxındır ki, pomidorun yetişməsi üçün tələb olunan müsbət 25-26 dərəcə temperatur yaranmadığı üçün bostanlarda təxminən 15 günlük gecikmə əmələ gəlib.Ötən ilə qədər bostanlarda iyulun 1-dən kütləvi tədarük başlayırdı, dünənki müşahidələrə görə, fermerlər yalnız ala-kal məhsulların yığımına  başlayıb, oda ki, “yavaş-yavaş”. Fermerlər deyirlər ki, tez, orta və gec yetişən sortlar əksələr də, yetişmə prosesində ardıcıllıq itib, tez yetişən sortların yığımı iyulun 10-a qədər başa çatmalı idi, lakin hələ yığımı yenicə başlayb. Məntiqi olaraq istehsalda təbii amillərin təsiri ilə yaranmış bu qısamüddətli fasilə bazarlardakı qiymətlərə öz təsirini göstərib. İqlimdəki qeyri-stabillik düzələrsə, ən uzağı bir həftədən sonra sahələrdə kütləvi yığım başlayacaq. Bununla da bazarlarda qiymət təlatümü xeyli səngiyəcək”.

 

“İxrac potensialı artıb”

 

Nicat Nəsirli prosesin fonunda ixrac amilini də diqqətə çatdırıb:

“Ötən ildən başlayaraq, yaxın və uzaq qonşu ölkələrdə meyvə-tərəvəz məhsullarının qiyməti yüksəlməkdə, tələbat dinamik artmaqdadır. Təbii ki, bu proses maya dəyəri ucuz başa gələn Azərbaycan məhsullarına təlabatı artırır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin may ayı üçün açıqladığı rəqəmlərə görə, ötən ilin yanvar-aprel aylarında Rusiyaya ilə ixrac 135 milyon dollar təşkil etmişdisə, bu il 164 milyon dollara yüksəlib. Və burada meyvə-tərəvəz xüsusi çəkiyə malikdir. 2018-ci ilin aprelində Rusiyaya 36 milyon dollarlıq qeyri-neft məhsulları göndərilmişdisə, bu ilin aprelində 49 milyona qalxıb. Apreldə Türkiyə ilə də ticarət münasibətləri xeyli yüksəlib, ötən il 29 milyon dollarlıq dövriyyə bu ilin aprelində 48 milyon dollara qalxıb.

Məsələni yalnız meyvə-tərəvəz məhsulları üzərinə fokuslasaq: 2018-in yanvar-aprel dövründə Rusiyaya 111 milyon dollarlıq meyvə-tərəvəz göndərilmişdisə,  bu ilin eyni dövründə 34% artaraq 149 milyon dollara yüksəlib. Rəqəmləri xüsusiləşdirsək: 2018-ci ilin yanvar-aprel aylarında qonşu Rusiyaya göndərilmiş mahlıc, fındıqdan sonra pomidor üçüncü olub: 2018-ci ilin yanvar-aprelində 42 milyon dollarlıq pomidor ixrac olunmuşdusa, 2019-cu ilin yanvar-aprelində 49 milyon dollara təşkil edib.

Yalnız aprel ayında: ötən ilin aprelində 18 milyon dollarlıq pomidor ixracı 2019-cu ilin aprelində 24 milyon dollara yüksəlib. Pomidor ötən ilin aprelində də bu ilin aprelində də ixracda liderliyini qoruyub. 2019-cu ilin ilk beş ayı ərzində meyvə-tərəvəz ixracı 241 milyon dollar təşkil edib.

Rəqəmlərə əsasən, pomidora artan təlabat istehsal strukturunda öz əksini tapır. 2016-cı ildə 23 min 819 hektardan 503 min ton pomidor istehsal edilmişdisə, 2017-ci ildə əkin sahəsi azalsa da (21 min 331 ha), məhsuldarlıq hektardan 16 sentnerə yüksəlib və nəticədə 624 min ton pomidor istehsalına nail olunub. Hətta illik ixracı da nəzərə alsaq, yerdə qalan hissə ölkə əhalisinin təlabatını tam ödəməyə imkan verir. Əhalinin bu məhsul üzrə illik təlabatı 400- 470 min ton təşkil edir ki, yerli istehsalın bunu tam ödəməyə gücü çatır.  İstehsal həcminə görə, adambaşına 64 kq pomidor düşür, lakin hesablamalar göstərir ki, hər bir vərəndaş ildə 50 kq - dan artıq pomidor istehlak etmir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir