Modern.az

“Altı ayda iqtisadiyyata 6 milyard dollardan çox sərmayə qoyulub”

“Altı ayda iqtisadiyyata 6 milyard dollardan çox sərmayə qoyulub”

İqtisadiyyat

31 İyul 2019, 21:01

"Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bunun böyük hissəsi qeyri-neft sektorunun payına düşür. İlin əvvəlində böyük sosial paket təsdiqlənib və əhalinin rifahı, yaşayış səviyyəsi daim diqqət mərkəzində saxlanılıb".

Modern.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev Sosial-iqtisadi sahə ilə bağlı müşavirədə bildirib.

Məlumata görə, Prezident İlham Əliyev bu ilin əvvəlində qarşıya qoyulan vəzifələr icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin həyata keçirildiyini, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu bildirib.

Dövlət başçısı bu ilin altı ayında iqtisadiyyatın, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişaf etdiyini vurğulayıb.

Qoyulan investisiyaların, aparılan islahatların, verilən subsidiyaların, kənd təsərrüfatına elmi yanaşmanın öz nəticəsini verdiyini qeyd edən dövlətimizin başçısı bu sahənin gələcəkdə də dayanaqlı inkişaf edəcəyinə əminliyini bildirib.

Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına həsr olunan dördüncü Dövlət Proqramının qəbul olunduğunu vurğulayan dövlət başçısı həm elektrik enerjisi, həm qazlaşdırma, həm də içməli su sahələrində gözəl nəticələrin əldə edildiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev yol infrastrukturu ilə bağlı görülən işlərdən danışıb, büdcə daxilolmalarının, eyni zamanda, valyuta ehtiyatlarının artdığını, manatın məzənnəsinin sabit qaldığını vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Vergilər naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Kənd Təsərrüfatı naziri İnam Kərimov görülən işlərlə bağlı məruzə ediblər.

İlin əvvəlindən 60 min yeni iş yerinin yaradıldığını deyən Prezident İlham Əliyev nağdsız ödənişlərin artırılması ilə bağlı tapşırıqlarını verib, istehlak bazarının daim nəzarətdə saxlanılmasının zəruriliyini qeyd edib.

Dövlət başçısı küçələrin işıqlandırılması, məişət tullantılarının idarə olunması, şəhərətrafı dəmiryolu xəttinin çəkilişi, inşaat sektorunun canlandırılması istiqamətlərində görülməsi vacib işlərdən danışıb, ölkəmizin innovasiyalar, müasir idarəetmə yolu ilə inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.

Prezident İlham Əliyev paytaxtda icra edilən layihələrdən danışarkən kommunal təsərrüfatın yeniləndiyini, nümunəvi həyətlərin istifadəyə verildiyini, şəhər nəqliyyatının müasirləşdiyini bildirdi, paytaxtımızın abadlaşması və gözəlləşməsi üçün böyük işlərin görüldüyünü, yeni istirahət zonalarının yaradıldığını vurğulayıb.

“Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən dövlətimizin başçısı ilin sonunadək nəzərdə tutulan bütün vəzifələrin icra ediləcəyinə əminliyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi