Modern.az

Müşavirləri Trampı G7 sammitində iştiraka güclə məcbur ediblər - ŞƏRH

Müşavirləri Trampı G7 sammitində iştiraka güclə məcbur ediblər - ŞƏRH

26 Avqust 2019, 14:16

““Böyük yeddilərin” toplantıları fikir mübadiləsi üçün müstəvidir. Bu toplantılarda yekdil qərarlar qəbul olunmur, sənədlər imzalanmır. Bəlkə də, elə bu səbəbə görə, ABŞ prezidenti Donald Tramp “böyük yeddilərin” toplantılarına maraq göstərmir. Tramp ikitərəfli görüşlərə və anlaşmalara üstünlük verir”.

 

Modern.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, müşavirləri Trampı Fransadakı toplantıya qatılmağa güclə məcbur ediblər:

““Böyük yeddilərin” liderləri Fransada bir çox mövzuda fikir mübadiləsi aparıblar. Ancaq ən çox danışılan mövzu Rusiyanın “böyük yeddilərə” qatılıb-qatılmaması məsələsidir. Daha əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşən Fransa dövlət başçısı Emmanuel Makron Rusiyanın “böyük yeddilərə” qayıtması gərəkliyini dilə gətirmişdi. Tramp da bunu istəyir, o birillərin bir qismi isə ya buna etiraz, ya da tərəddüd edirlər. Etirazlara baxmayaraq, Donald Tramp gələn il Putini Amerikada keçiriləcək “böyük yeddilərin” toplantısına dəvət etməkdə israrlıdır.

Liberal dəyərləri bölüşməyən Rusiyanın “böyük yeddilərə” qayıtması necə mümkündür? Axı belə olsaydı onda görək iqtisadiyyatı “böyük yeddilərin” iqtisadiyyatının bir çoxundan böyük olan Çin də “böyük yeddilər” də olardı. Elə məsələ də Çinlə bağlıdır. Rusiyanı Çindən uzaqlaşdırmağa çalışırlar. Qərbdə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunsa da, Çindən daha çox ehtiyat edirlər”.

E.Şahinoğlu xatırladıb ki, Vladimir Putin İngiltərə qəzetinə son müsahibəsində liberal dəyərlərin məhv olduğunu, bu dəyərlərin onun üçün maraqlı olmadığını deyib:

“Tramp üçün liberal dəyərlər əsas deyil, əsas olan Putinlə təmas imkanlarını itirməməkdir. Tramp üçün Rusiyaya gedib Putinlə görüşmək və ya rusiyalı həmkarını Vaşinqtona rəsmi səfərə dəvət etmək problematikdir. Bu halda Trampın ölkədaxili rəqibləri fəallaşacaqlar. Ancaq “böyük yeddilərin” 2020-ci il toplantısı çərçivəsində Putinlə görüş və fikir mübadiləsi Trampa böyük problem yaratmaz. Ona görə də Tramp Rusiyanı “böyük yeddilərə” qaytarmaq istəyir.

Bu gün Qərb dövlətləri arasında söz sahibi Amerikadır. Ona görə də Avropa dövlətlərinin Vaşinqtona Rusiya mövzusunda hər dəfə “yox” deməsi çətindir. Əslində İtaliyanın, Fransanın, Almaniyanın timsalında Avropa dövlətlərinin özləri də Rusiyanın yenidən sivil dünyaya qaytarılmasının yollarını arayırlar. Bir gün gələcək Rusiya yenidən “böyük yeddilərə” qatılacaq. Moskva da bunu istəyir. Çünki, bu yolla Kreml Qərbə Krımın Rusiyaya aidliyini qəbul etdirəcəyini düşünür”.


Politoloq onu da əlavə edib ki, Qərb Rusiya ilə dialoq imkanlarını da açıq saxlamaq istəyir:

“Çünki düşünürlər ki, Rusiyanı çözlərindən daha uzaqda tutsalar bu Moskvanın daha sərt siyasət yürütməsinə və Çinlə daha sıx tərəfdaşlığa sövq edir. Bu isə Qərbin maraqlarına ziddir. Ona görə də zaman keçdikcə Qərb Rusiyanı yenidən özünə tərəf çəkməyə başlayacaq. Həm də Qərbdə anlayırlar ki, Rusiyada Putinin mövqeləri getdikcə zəifləyəcək və Rusiyada növbəti liderlər normal münasibətlər qurmaq üçün indidən prosesə başlamaq lazımdır”.

Qeyd edək ki, Fransanın Biarrits şəhərində keçirilən G7 sammiti rəsmi Bəyannamə olmadan başa çatıb. Fransa, Almaniya, ABŞ, Yaponiya, İtaliya, Kanada və Böyük Britaniyanın liderlərinin yekun tədbirində - işgüzar şam yeməyində ABŞ Prezidenti Donald Tramp Rusiyanın iştirakı ilə G8 formatına qayıtmağı tələb edib. D.Tramp onu əsas gətirib ki, İran, Suriya və Şimali Koreya ilə bağlı problemlərin həllində Moskva mütləq iştirak etməlidir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir