Arxiv
28 Avqust 2019, 13:20 | REPORTAJ
Kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist - Azər Mirzəyevin SON GÜNÜ + FOTOLAR

“Gəzə bilmirəm, ayağa duranda divardan tuta-tuta yeriyirəm. Amma həkimlər bir aya yaxşılaşacağıma söz veriblər. Özümü normal hiss edən kimi səhnəyə qayıdacam. Hələ ki evdəyəm, amma Allah kərimdir”.

Bunu ölümündən bir müddət əvvəl mətbuata açıqlamasında Əməkdar artist, aktyor Azər Mirzəyev demişdi.

Amma aktyorun sağalacağına olan ümidi gerçəkləşmədi. Və onu həmişəlik itirdik...

Modern.az
 saytının “Məşhurların son günü” rubrikası bu dəfə Azər Mirzəyevə həsr olunur.

Rubrikamızda hər kəsin tanıdığı simaların ölümündən az öncə ailəsinə, övladlarına, dostlarına dediyi son sözlər və ya vəsiyyəti barədə danışılır.  


Azər Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçüb, orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Adil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

1970-ci ildə oranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.

1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilib. O vaxtdan ömrünün sonuna qədər bu tetrda çalışıb.

19 iyul 2014-cü ildə ürək çatışmazlığından dünyasını dəyişib. O, uzun müddətdir insult və ürək çatışmazlığından əziyyət çəkirdi.Bakı şəhərində vəfat edən aktyor Sabirabad rayonunda dəfn olunub. 

 

Modern.az-ın əməkdaşı Azər Mirzəyevin son günü ilə bağlı suallarını öncə aktyorun həyat yoldaşı Sevinc xanıma ünvanlayıb. Lakin nədənsə o, bu haqda  danışmaqdan imtina edib.

Nəticədə suallarımızı mərhumun bacısı Esmira Mirzəyeva və yaxın dostu, aktyor Yasin Qarayev cavablandırıb.

 

Mərhumun bacısı Esmira Mirzəyeva:

“Azər yaxşı oğul, qardaş, ailə başçısı, övladlarına yaxşı ata idi. Hədsiz zarafatcıl insan idi.
1952-ci ildə Zərdab rayonunun Əlvənd kəndində dünyaya gəlib. Bir müddət sonra atamın işi ilə əlqədar ailəmiz Sabirabada köçüb. Azər də orta məktəbi Sabirabadda bitirib. Sonra isə Mədəniyyət və İncəsənət universitetinə qəbul olunub və Bakıya gəlib.

Azər əslində jurnalist olmaq istəyirdi. İmtahan verdi, lakin imtahandan keçə bilmədi. Sonra Mədəniyyət və İncəsənət İnstitutuna  qəbul olundu, təbii ki, incəsənətə də marağı var idi”.

 

İnstitutu bitirdikdən sonra Azər Mirzəyev hərbi xidmətə yollanıb. 1989-cu ildə isə ailə həyatı qurub.

 

“Azər həyat yoldaşı ilə 1988-ci ildə noyabr ayında qohum toyunda tanış olmuşdu. 1989-cu ilin mart ayında evləndilər və 2 oğul övladı dünyaya gəldi. Hazırda həyat yoldaşı Sevinc xanım Musiqi Gimnaziyasında müəllim işləyir.
Azər çox gözəl qardaş idi. Hər səhər mütləq bizə zəng edib hal-əhvalımızı soruşardı. İndi onun zənginə çox həsrətəm”.

 

“Yubiley yaşı Azərə uğursuz gəldi…”

Bacısı deyir ki, Azər Mirzəyev yubiley yaşlarını qeyd etməyi sevirdi:

“Onun 50 illik yubileyi televiziya səviyyəsində keçirildi. 2012-ci ildə isə 60 illik yubileyini ailə, qohum, dost-tanış arasında keçirdi. Bəzən deyirlər ki, yubiley yaşını qeyd etmək düşərli olmur, doğurdan da belə oldu”.

Ad gününün ertəsi işdən evə gələn Azər Mirzəyev sol tərəfində keylik hiss etdiyini deyir. Ailə üzvləri həkim çağırır və Azər Mirzəyevin insult olduğu üzə çıxır.

 

Esmira xanım:

 

“Azər 1 il 8 aya qədər xəstə oldu. Xəstə olduğu müddətdə ssenarilər yazırdı, amma evdən çıxa bilmirdi. Bir dəfə Akademik Milli Dram Teatrında sənət dostlarından birinin yubileyi qeyd olunurdu. Azəri də dəvət etmişdilər. Çətin yeriyirdi, amma Azər o yubileyə getdi. Daha çox ayağından əziyyət çəkirdi. Sonra isə yavaş-yavaş beyninə qan sızdı”.

 

Universitet xatirələri, teatrdan başlayan dostluq...


Azər Mirzəyevin yaxın dostu, Xalq artisti Yasin Qarayev onunla Mədəniyyət və İncəsənət Universitetində eyni dövrdə təhsil alıb:


“Mən universitetə Azərdən əvvəl qəbul olunmuşdum. Azər dram və kino aktyorluğu fakültəsində oxuyurdu, mən isə musiqili komediya aktyorluğunda. İkimiz də 1974-cü ildə universiteti bitirdik.

Yadımdadır ki, Azərgil dövlət imtahanı verəcəkdilər, tamaşa hazırlayırdılar. Tamaşanın adı “Dördüncü” idi. Onda Azər məni həmin tamaşaya dəvət elədi. Mən başqa birinin yerinə oynayacaqdım. Həmin adam xəstə idi və güman edilirdi ki, tamaşa gününə gəlib çata bilməyəcək. Amma həmin adam gəldi, Azər də mənə tamaşaya razılıq verdiyim üçün təşəkkür elədi. Və beləcə bizim Azərlə dostluğumuz  başladı”.

 

Azər Mirzəyevlə Yasin Qarayevin teatra ilk addımları 1974-cü ildən başlayıb. Azər Mirzəyev və qrup yoldaşlarını o vaxt Gənc Tamaşaçılar Teatrına göndərirlər:

"Biz 1974-cü ildən birlikdə tamaşalarda oynadıq, yavaş-yavaş dostluğumuz başladı. Bu dostluq ailəvi dostluğa çevrildi. Gülşən Qurbanova, Azər və mən bir-birimizə daha yaxın idik. Tamaşalarda, verilişlərdə, qastrollara gedəndə, hətta kiçik səhnəciklərdə də bir olurduq, bizə “üç dost” deyirdilər. Yəni üçümüz də həm xasiyyət, həm aktyorluq qabiliyyəti etibarilə bir-birimizə uyğunlamışdıq. Hətta bizə “Azərbaycanın üç muşketyoru” da deyirdilər...

 
...Azər həmişə deyirdi ki, onu bu sənətə cəlb edən, həvəsləndirən babasının babası Abdulla kişi olub. Ancaq o, əvvəlcə jurnalistikaya maraq göstərib. Həmişə deyirdi ki, məktəbdə oxuğu vaxtlarda divar qəzetlərinə yazılar verərdi və müəllimləri də israrla onun jurnalist olmağını istəyərdi. Yəni Azər yaxşı “qələm sahibi” ola bilərdi. Deyirdi ki, onun Həsən bəy Zərdabi ilə qohumluğu var. Azər həmişə televiziyalarda da ssenarilər yazır, veriliş layihələri hazırlayırdı. Hamı da onun yazılarını bəyənirdi. İndi düşünürəm ki, deməli onun yazmaq qabiliyyəti Zərdabidən, yəni gendən gələn məsələ idi. Qeyd etdiyim kimi, jurnalistikaya həvəsi olub, imtahan verib, lakin qəbul oluna bilməyib. Daha sonra, Adil İskəndərovdan aktyorluq sənətinin sirlərini öyrənib və İncəsənət İnstitutuna imtahan verib, qəbul olunub”. 

 

“AzTV-dəki verilişlərə ssenarilər yazırdı”

“1974-cü ildə-biz Gənc Tamaşaçılar Teatrına gəldiyimiz dönəmdə bilmədiyim səbəbdən 15-16 nəfər teatrdan ayrılmışdı. Bizim gəlişimiz sanki o boşluğu doldurdu.
Teatrda  “Unutmayın” tamaşası səhnəyə qoyulurdu. Tamaşanın məğzi belə idi ki, İkinci Dünya Müharibəsi dönəmində Krasnoyarskda yaşayan Əli Dadaşov adında bir azərbaycanlı almanlara qarşı vuruşan əsgərlərə gizli kömək göstərib. Həmin tamaşadakı Əli Dadaşov obrazını Azərə verdilər. Azər bu rolun öhdəsindən o qədər gözəl gəldi ki, hər kəs ondan danışırdı. Qısa müddətdə tamaşa “Lenin mükafatı”na layiq görüldü, amma mükafatı vermədilər, alınmadı. Çünki həmin vaxt Azər də hərbi xidmətə çağırıldı.
Azər hərbi xidmətə çağırılmazdan əvvəl AzTV-də “Gənclik” baş redaksiyası ilə əməkdaşlıq edirdi. Yusif Kərimov adlı yaxşı jurnalist var idi. Onun dəvəti ilə Azər verlişlərə ssenarilər yazırdı. Veriliş hər ay bir universitetdə hazırlanırdı. “Birimiz hamımız”, “Xoş gördük, tələbə”, “Sabahın ustaları” adlı verilişlər var idi ki, onların ssenarisini Azər hazırlayırdı və həmçinin aparıcı olurdu. “Birimiz hamımız”da Azərlə mən daimi iştirakçılar idik”.

 


Sadiq dostlar...

“Azər çox yaxşı insan, əsl sadiq dost idi. Gülşənlə də tələbə yoldaşı olmuşdu. Sonralar bu yoldaşlıq dostluğa çevrilmişdi. Həm də mülayim xasiyyətli insan idi. Məsələn, mən hesab etmirəm ki, ətrafından kiminsə Azərdən xoşu gəlməyəydi. Həddindən artıq zarafatcıl idi. Kimisə qanıqara görsəydi həmin dəqiqə zarafat edər, onun könlünü açardı.

“Zəncirlənmiş Promotey” adlı tamaşa hazırlanırdı. Baş rolda Yusif Vəliyev oynayırdı. Azərə isə “şair” obrazı verilmişdi. Tamaşanın bir sevgi səhnəsi var idi. Adını çəkməyəcəm, rolu bir xanım aktrisamız oynayacaqdı. Rejisorumuz Hüseyn Sultanov idi. Azərlə həmin xanımın səhnəsindən Hüseyn müəllim narazı qaldı. Heç yadımdan çıxmaz, Azər dedi ki, “Hüseyn müəllim, mən axı bu aktrisanı sevə bilmirəm, necə oynayım?! Sevməsəm aşiq obrazı yarada bilmərəm”. Azər sözü üzə deyən, dürüst idi.

60 yaşı tamam olurdu. Mənə zəng elədi ki, “ad günümə gələcəksən?”. Həmin vaxt mənim cavan əmimoğlu dünyasını dəyişmişdi, Şəmkirə gedirdim. Azər də eşidəndə çox pis oldu, çünki əmim oğlu Tofiqi tanıyırdı. İndi də pis oluram Azərin ad günündə iştirak edə bilmədiyimə görə. Amma həmişə bir-birimizin xeyir-şər işlərində iştirak etmişik. Məsələn, Şəmkirdə mənim 50 illik yubileyim keçirildi. Gülşən və Azər də gəldi”.

 


Dost itkisi...

 

“Noyabrın 6-sı, Radio günündə dünyasını dəyişmiş bir sənətkarımız haqqında Opera və Balet Teatrında səhnəcik hazırlamışdıq. Azər, Gülşən, mən və o vaxt gənc aktyorumuz Elnur Hüseynov oynayacqdıq. Qrim otağında oturmuşduq, söhbət edirdik. Gülşən axır vaxtlar pessimsit hisslərə qapılmışdı, çox şeyləri qəmgin not üzərində qururdu.
Mənə dedi ki, “ölsəm ağlayacaqsan?” Dedim ki, “ay Gülşən, niyə belə söz deyirsən, mən səndən yaşca böyüyəm, niyə ölməlisən ki?!”
İsrarla kövrək halda soruşurdu, mən isə israrla cavab vermirdim, söhbəti bitirməyini istəyirdim. Sonra üzünü Azərə tutub eyni sualı verəndə Azər qayıtdı ki, “yox, ağlamayacam”. Sonra da əlavə etdi: “Gülşən, mənim əlimdə işim olacaq, qoy dostun Yasin ağlasın, mən molla çağıraram, çadır quraram, stol daşıyaram”. Azərdə elə xasiyyət var idi, ciddi söhbətləri tez zarafata çevirməyi bacarırdı. Bu zarafatıyla bizi güldürmüşdü. O hadisədən 1 ay keçməmişdi, Gülşən dünyasını dəyişdi. Gülşənin dəfnində inanın ki, ən bərk ağlayan Azər idi. Hətta mən belə hesab edirəm ki, Azərin ölümünü tezləşdirən Gülşənin ölməyi oldu. Bu itki Azər üçün böyük zərbə oldu, sanki ömrünü baltaladı”.



Azər Mirzəyevin “Son gün”ü...

 

“Azərin son günündə bizim kollektivin 5-6 nəfər işçisi - o vaxtkı müdirimiz Mübariz Həmidov, Almaz Mustafayeva, Şəfəq Əliyeva, mən və digərləri - onun yanına getmişdik. Biz Azərlə görüşməyə gedəndə o çox pis vəziyyətdə idi, hissiyatı yox idi, adam tanımırdı. Girdik yanına, anası bizi görüb qışqırdı ki, “Azər dostların gəlib!”. Mən qabağında diz çökdüm, əlini tutdum, anası “Yasin gəlib!” deyəndə hissiyatı olmayan insanın gözünün altı tərpəndi. İnsult olandan sonra onda bu hal başlamışdı, sinir sistemində problem yaranmışdı və gözünün altı atırdı. Mən onun əlini tutanda bunu hiss elədi, gözü tərpəndi və gördüm ki, əlimi qaldırıb öpmək istəyir, qoymadım.
Bizimlə İradə adlı işçimiz də Azərə baş çəkməyə getmişdi, inanclı xanım idi. O  baxdı və “Azər, kəlmeyi-şəhadət oxuyaqmı?!” dedi. Azər onun gözünün içinə baxıb işarə elədi ki, “hə”. İradə kəlmeyi-şəhadəti deyirdi və Azərin də dodaqları tərpənirdi. Hiss edirdik ki, içində oxuyur. İncəsənət aləmində yeganə insan sanıram ki, Azər kəlmeyi-şəhadətini aktyor dostları ilə birgə oxudu. Allah Azərə rəhmət eləsin”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident 92 məhkumu əfv edib 8 Dekabr 2019, 00:57 ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir 8 Dekabr 2019, 00:42 Paytaxtda minik maşını “Şaqman”la toqquşdu 8 Dekabr 2019, 00:16 Şadlıq sarayında bıçaqlanma 7 Dekabr 2019, 23:55 Prezidentlərin görüşündə işıq söndü 7 Dekabr 2019, 23:33 Balıqçı gəmisi qəzaya uğradı 7 Dekabr 2019, 23:16 Millinin oyunlarının başlama vaxtı açıqlandı 7 Dekabr 2019, 22:59 Avtomobil teatra gedən məktəbliləri əzdi: 1 ölü, 12 yaralı 7 Dekabr 2019, 22:33 Ziya Bünyadovun oğlu dünyasını dəyişdi 7 Dekabr 2019, 22:17 Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəldi - VİDEO 7 Dekabr 2019, 21:55 Azərbaycan Nəşriyyatı: nasaz lift, çirkli dəhliz, üfunət - Jurnalistlər çıxış yolu axtarır 7 Dekabr 2019, 21:34 Bakıda qadın meyiti tapıldı 7 Dekabr 2019, 21:07 Azərbaycan həkimlərindən dünyada ilk unikal əməliyyat - FOTO 7 Dekabr 2019, 20:37 Yanacaqdoldurma məntəqəsində yanğın: 5 yaralı 7 Dekabr 2019, 20:19  İranda hərbçi üç polisi güllələdi 7 Dekabr 2019, 20:02 YAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVAB 7 Dekabr 2019, 18:26 Məşhurların əsl adı – onları siz də bilin   7 Dekabr 2019, 18:15 “Deputatın dəfninə İsraildən gələnlər var” – İcma sədri   7 Dekabr 2019, 18:03 Baş nazir Şahin Mustafayevə yeni vəzifə verdi 7 Dekabr 2019, 17:50 Baş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR 7 Dekabr 2019, 17:40 10 ildən sonra yenidən dünya çempionu oldu 7 Dekabr 2019, 17:29 Tanınmış jurnalist Parlament seçkilərində namizəd olacaq 7 Dekabr 2019, 17:20 Bakıda bir mənzili bir neçə adama satan zavod direktoru həbs edilib 7 Dekabr 2019, 17:11 Hazırki deputatların 27-si mandatdan əlini üzsün - ASTROLOQDAN BƏDBİN PROQNOZ   7 Dekabr 2019, 16:50 "Həmrəy olaq"  Milli İncəsənət Muzeyində  7 Dekabr 2019, 16:19 Həmkarlarının Yevda Abramovla bağlı TƏƏSSÜRATLARI  7 Dekabr 2019, 16:10 "Prezidentimizi yalnız televizorda görmüşdüm" - VİDEO 7 Dekabr 2019, 16:01 528 məhkum əfv olundu - FƏRMAN 7 Dekabr 2019, 15:52 Azərbaycan idmançısı Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib 7 Dekabr 2019, 15:43 Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ 7 Dekabr 2019, 15:34 Bakıda avtobus sürücüsü sərnişini döyüb 7 Dekabr 2019, 15:22 Fəzail Ağamalının partiyası da parlament seçkilərinə qatılacaq - FOTO 7 Dekabr 2019, 15:13 Ümid Partiyası parlament seçkilərinə gedir - Qərar   7 Dekabr 2019, 15:04 Müsavat Partiyasından QƏRAR - Seçkidə iştirak edəcəyik 7 Dekabr 2019, 14:45 Növbədənkənar parlament seçkiləri ilə bağlı yeni işçi qrupu YARADILDI 7 Dekabr 2019, 14:36
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?