Modern.az

Sizin icra başçınız: Qazaxlılar Rəcəb Babaşovdan razıdırlar, narazı?..

Sizin icra başçınız: Qazaxlılar Rəcəb Babaşovdan razıdırlar, narazı?..

18 Oktyabr 2019, 11:12

Azərbaycanda rayon və şəhər İcra hakimiyyətlərinin fəaliyyətinə heç vaxt birmənalı yanaşılmayıb. Bu da ondan irəli gəlir ki, bəzi icra başçıları onlara etimad olunan vəzifədən sui-istifadə etməklə necə deyərlər, “qurunun oduna yaşı da yandırıblar”.
Nəticədə də yaxşı işləyən icra başçıları pislərin fonunda itib-batıblar.

Məsələn, yerli icra hakimiyyəti başçılarının rəsmi vəzifə maaşları əhalinin sayına müvafiq olaraq 800 -1000 manat arasında dəyişdiyi halda onlardan kiminsə bahalı maşın kolleksiyasına malik olduğu, şəxsi mühafizəçilər saxladığı haqda təkzibedilməz xəbərlər yayılır. Ya da görürsən ki, sosial şəbəkədə hansısa icra başçısının övladının Avropanın ən bahalı otellərində lüks həyat tərzini əks etdirən fotoşəkilləri yayılır.

Bu cür halları az qala adiləşdirən bəzi icra başçıları yerlərdə əhalinin şikayət və təkliflərinə də biganə yanaşır, süründürməçiliyə yol verirlər. Nəticədə də vətəndaşlar yerlərdə həll olunmalı problemlərinə laqeyd yanaşıldığından nicatı daha yuxarı dövlət orqanlarında, o cümlədən Prezident Administrasiyasına müraciət etməkdə axtarır.

Hesablama Palatası da tez-tez hansısa rayon İcra hakimiyyətində korrupsiya faktları açıqlayır və bu barədə məlumatı ictimailəşdirir.

Təcrübə, eləcə də əhalinin müraciətlərinin təhlili danılmaz bir həqiqəti üzə çıxarır ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyadan əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək, paytaxtdakı müxtəlif idarələrin qapısını döyməz.

Əlbəttə, biz yuxarıda sadalanan neqativ halları bütün rayon və şəhər İcra hakimiyyətlərinə aid etmirik. Yaxşı işləyən, yerlərdə əhalinin hörmət və ehtiramını qazanan icra başçıları da var.

Modern.az saytının “Sizin icra başçınız” adlı bu rubrikasında bölgələrə rəhbərlik edən rəsmi şəxslərin fəaliyyətindən söz açılır. Rubrikamızda icra başçılarının işinə verilən qiyməti həmin regionun deputatı və eks-deputatı, jurnalisti, ziyalısı və müxalifət nümayəndəsinin fikirlərində görə biləcəyik. Baxaq görək, onlar  icra başçılarının fəaliyyəti barədə hansı qənaətdədirlər?


Rubrikanın növbəti təqdimatı Qazax Rayon İcra Hakimiyyətinin icra başçısı Rəcəb Babaşova həsr olunur.


Rəcəb Abas oğlu Babaşov  ölkə başçısnın 19 may 2016-cı il tarixli sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.



Sabiq deputat Əhməd Vəliyev:

 

“Rəcəb müəllim çox yüksək səviyyəli bir şəxsiyyətdir. Bu gün mənim aldığım məlumatlara görə, o, Qazaxda çox yaxşı işlər görüb, insanlarla xoş münasibət yaradıb.  Mən hesab edirəm ki, Qazax rayonunda elə bir adam tapmaq olmaz ki, Rəcəb müəllimdən, onun fəaliyyətindən narazı qalsın. Rayonda da görülən işlər göz qabağındadır. Mənim aldığım informasiyalara görə, Rəcəb müəllim rayonda xeyli işlər görür. Tam səmimiyyətlə deyirəm ki, Rəcəb müəllim öz işini layiqincə yerinə yetirir”.

 

Müsavat Partiyasının Qazaxdakı təşkilat üzvü İlqar Mustafayev:

 

“Mən Rəcəb Babaşovun fəaliyyətini orta qiymətləndirirəm. 25 ildir ki, rayonun bəzi kəndləri su qıtlığından əziyyət çəkir. Hər il bu məsələ qaldırılır, lakin həllini tapmır. Bu əslində icra başçılarından da aslı olan bir şey deyil. Amma onun fəaliyyətindən aslı olmayan səbəblər də var”.



Qazaxlı ziyalı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı:

 

“Qazaxda yaşamasam da, icra başçısı Rəcəb Babaşovla tanışlığım var. Müşahidələrimdən, eşitdiklərimdən deyə bilərəm ki, Qazaxda xeyli müsbət yönümlü işlər görüb. Mən bildiymə görə, Qazaxda korrupsiya, rüşvətxorluq yığışdırılıb, hələ eşitməmişəm ki, Rəcəb Babaşov kimdənsə rüşvət tələb eləsin. Bundan əlavə, Qazaxın əksər kəndlərinə yollar çəkdirib. Məsələn, biri elə Kosalar kəndidir”.

 

Elçin Şıxlı bildirib ki, Rəcəb Babaşov kəndlərə yol çəkdirməklə bərabər, marşurut xətləri yaradıb.

 

“Rayon mərkəzinə 5-6 kilometr yaxınlıqda olsa da, Kosalar kəndinin yolları bərbad idi.  Hətta bir dəfə Ağstafada qatardan enib, taksiyə minib Qazaxa getmək istəyən birinin, taksi sürücüsü “Kosalar”a getdiyini öyrənəndə deyib ki, hara gediriksə gedək, bircə “Kosalar” deməyin. Hazırda isə o yol bərpa olunub, hər şey öz qaydasındadır. Rəcəb Babaşov həmçinin, kəndlərdə atəş altına düşə biləcək yerlərin hamısına hasar çəkdirib ki, camaat rahat, güllədən qorxmadan kənddə hərəkət edə bilsin. Çalışır ki, insanların problemlərini tez həll eləsin”.

 


Qazaxda yaşayan şair Bəxtiyar Hidayət:

 

“Bu yaxınlarda müxalif fikirli Qazax sakini Azər Məmmədovun rayondan sürgün olunması barədə kampaniya başladıldı - rayonun "ziyalıları və tanınmış adamları" qol çəkib cənab Babaşovdan Azər kimi birinin rayonda yaşamağa haqqı olmadığını və buna görə də sürgün edilməsini istədilər. Amma sürgün baş tutmadı- hansı ki Azər Məmmədov uzun müddət şəhər bələdiyyəsində işləyib. Yalnız bu fakta dayanıb cənab Babaşovun fəaliyyətinə qiymət vermək olar”.

 

“Şərq” qəzetinin redaktoru Anar Bayramoğlu:

 

“Qazaxın icra başçısı Rəcəb Babaşovla tanışlığım yoxdur, heç vaxt hansısa problemimin həlli ilə bağlı müraciət etməmişəm deyə, konkret nəsə deməkdə çətinlik çəkirəm. Rəcəb müəllimin fəaliyyətini kənardan, müşahidələrlə izləyən biri kimi, əvvəlki başçılarla müqayisədə pis çalışmadığını düşünürəm. İldə bir neçə dəfə Qazaxda oluram, qohumlarım, tanıdıqlarım orada yaşayırlar. Onlarla müəyyən söhbətlərdə icra başçısı haqqında narazılıqlara rast gəlməmişəm, Əksinə, Rəcəb müəllim haqqında yaxşı fikirlər eşitmişəm. Məsələn, yeni təyin olunan vaxt bir imkansız ailənin qızının toy cehizini öz vəsaiti hesabına təşkil etdiyini eşitmişdim, lakin bilmirəm nə dərəcədə həqiqətəuyğundur. Çünki icra başçıları haqqında hərdən tərif deyənlər əfsanələr də quraşdıra bilirlər. Sonra tanıdığım bir sahibkar var, o danışırdı ki, bütün yerli sahibkarları toplayıb, problemləri ilə maraqlanıb, həllinə çalışıb. Bundan başqa, özüm şahidi olmuşam ki, zaman-zaman əhali arasına çıxır, kəndlərə gedir, insanlarla danışır, problemlərini dinləyir”.

 


Anar Bayramoğlu bildirib ki, icra başçısı cəbhə bölgəsindəki kəndlərə də gedir.

 

“Yəni ümumi götürəndə, başqa rayonların icra başçıları ilə müqayisədə üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışır. Təbii ki, Rəcəb müəllimdən də narazı qalanlar da olmamış deyil. Amma bəzən arqumentsiz narazılıq sezirəm. Məsələn, “Feysbuk”da bir dəfə şəkil paylaşılmışdı, parkın içində söküntü işləri aparılırdı. Bir çox şəbəkə istifadəçiləri, “icra başçısı parkı söküb çayxana tikdirir” kimi etiraz edirdilər. Sonradan məlum oldu ki, çayxana tikilmirmiş, böyük yazıçımız İsmayıl Şıxlının heykəli qoyulurmuş. Və yaxud da, güclü külək nəticəsində rayondakı bayraq dirəyindən asılmış bayraq cırılmışdı. Bir saat müddətində bayraq yenilənsə də, köhnə şəkili paylaşıb “bayraq cırılıb, amma icra təzələmir” etirazı var idi. Rayon təsərrüfatı normal işləyir. Qazax şəhərində hər dəfə gedəndə təmizlik, küçələrdə səliqə-səhman görmüşəm”.

 

Jurnalist qeyd edib ki, rayondakı ümumi duruma gəldikdə, vəziyyət heç də ürəkaçan deyil:

 

“İşsizlik var, gənclər iş tapa bilmədiklərindən qonşu Gürcüstana, Rusiyaya, Türkiyəyə fəhləlik etməyə gedirlər. Ali təhsilli bir çox insan tanıyıram ki, xarici ölkələrdə fəhləliklə məşğuldurlar. Bu da, düşünürəm ki, ölkənin ümumi vəziyyəti ilə bağlıdır. Kəndarası yollarda problemlər var. Qazaxın ən böyük problemlərindən biri də su məsələsidir. Yayda, qışda su çətinliklə tapılır. Ona görə də kənd təsərrüfatı ilə məşğuliyyət zəif inkişaf edib. Su problemi təbii ki, su təsərrüfatına baxan idarə ilə yanaşı, İcra Hakimiyyətinin də minusudur. Bir çox irili-xırdalı problemlər var ki, yaxşı olardı rayon rəhbərliyi bunu diqqətə alsın, həllinə çalışsın. Bütün hallarda onu deyim ki, Rəcəb müəllim əvvəlki icra başçılarından yaxşı mənada fərqlənməyi bacarır. Camaat əvvəlki başçılardan o qədər fəaliyyətsizlik, kobud münasibət görüb ki, indikinə şükr edirlər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?