Modern.az

İndoneziyanın Bakıdakı səfiri: “İslam dinini İndoneziyada yayan şəxs azərbaycanlı olub” - MÜSAHİBƏ

İndoneziyanın Bakıdakı səfiri: “İslam dinini İndoneziyada yayan şəxs azərbaycanlı olub” - MÜSAHİBƏ

18 Noyabr 2019, 09:01

Hüsnan Bey Fanani: “İndoneziya Ermənistana işğalçı mövqeyindən çəkilməsi üçün müraciət  edib”

“Azərbaycanı İndoneziyanın böyük qardaşı hesab edirəm”

 

İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bey Fanani Modern.az saytına müsahibə verib. Diplomatla söhbəti təqdim edirik:

 

- Cənab səfir, müsahibəni ənənəvi sualla başlayacam. Azərbaycana gəlməzdən öncə ölkəmiz haqqında hansı məlumatınız vardı?

-
Mən ölkənizə səfir təyin olunmazdan öncə Azərbaycan haqqında heç bir məlumata malik deyildim. Azərbaycanın hansı qitədə yerləşdiyini belə bilmirdim. Sonradan məlumat aldım ki, Azərbaycan keçmiş SSRİ-nin tərkibində olub və düşündüm ki, yəqin Mərkəzi Asiya ölkələrindən biridir. Azərbaycana gəldikdən sonra onun necə  gözəl və təhlükəsiz ölkə olduğunu gördüm, Çox sevinirəm ki, Azərbaycan inkişaf etməkdə olan ölkədir.


- Səfir olduğunuz 3 il 6 ay müddətində hansı uğurlu layihələrə imza atmısınız? Siz bu zaman kəsiyində ölkələrimiz arasında əvəllər reallaşa bilməyən hansı məsələləri həyata keçirməyi bacardınız?

- Həyata keçirdiyim layihələr həddindən artıq çoxdur. Bu layihələr mədəniyyət, təhsil, sosial və iqtisadi sahələrə aiddir. Eyni zamanda, bir çox indoneziyalı iş adamlarının Azərbaycana gəlməsinə köməklik göstərmişəm və azərbaycanlı iş adamlarının İndoneziya ilə yaxından tanış olması üçün onların İndoneziyaya səfərlərini təşkil etmişəm. Təhsil sahəsində universitetlərarası əlaqələrin yaradılması üçün əlimdən gələni əsirgəməmişəm. Azərbaycanlı tələbələrin İndoneziyada təqaüd almasına vasitəçi olmuşam. Azərbaycanlı tələbələrə İndoneziyaya getmək, onun təhsilini və mədəniyyətini daha yaxından öyrənmək imkanları verilib. Özüm şəxsən Azərbaycanın bir çox universititetlərinə gedərək, oranın müəllim və tələbələri qarşısında məruzələrlə çıxış etmişəm. Məhz mənim səfirlik fəaliyyətimin başlamasından - 2016-cı ildən bu günə kimi hər il keçirilən “İndoneziya mədəniyyəti festivalı”nın təşkilatçısı olmuşam. Bu festivala İndoneziyanın tanınmış mədəniyyət xadimləri ilə yanaşı, iş adamları da qatılıb. Mənim əsas məqsədlərimdən biri də, Azərbaycan və İndoneziya arasında regionlararası əlaqələrin formalaşmasıdır. Çalışdım ki, Azərbaycan mədəniyyətini İndoneziyada tanıdım. Bu istiqamətdə çox böyük addımlar atıldı.


- Sadaladıqlarınızdan məlum oldu ki, kifayət qədər işlər görmüsünüz. Bəs fəaliyyətiniz özünüzü də tam olaraq qane edirmi?


- Məqsədim hər iki ölkə əlaqələrinin güclənməsidir. Fəaliyyətim iki ölkə tərəfindən rəğbətlə qarşılansa da, özümdən tam olaraq razı deyiləm. Düşünürəm ki, daha çox işlər görə bilərdim. Ölkələrimiz arasında xüsusilə mədəniyyət və din sahəsində çox mühüm əlaqələr yaradıb inkişaf etdirə bilərik. Bu səbəbdən mən deyirəm ki, Azərbaycan İndoneziya üçün böyük qardaşdır. Çünki İndoneziyaya İslam dini Azərbaycan vasitəsilə gətirilib və təbliğ olunub.

 

- İslam dinini İndoneziyada Azərbaycan vasitəsilə yayılmasına dair maraqlı bir məqama toxundunuz. Mümkünsə bu barədə daha ətraflı məlumat almaq istərdik..


- Azərbaycanda İslam dini 7-ci əsrdən etibarən yayılmağa başlayıb. İndoneziyada isə İslam 15-ci əsrdən etibarən yayılıb. Həmin dini İndoneziyada yayan məhz azərbaycanlı - Şeyx Mövlanə Malik İbrahim  olub. Onun atası ərəb mənşəli, anası isə azərbaycanlı olub, özü Səmərqənddə təhsil alıb. Səmərqənddən Şərqə doğru səfərə çıxmış və İndoneziyaya çatmışdır. O İndoneziyada Allahın dostu kimi qiymətləndirilib. Onun övladları da İslamı İndoneziyada təbliğ edən böyük din nümayəndələri olublar. Ərazi baxımından İndoneziyadan kiçik olsa da, məhz bu səbəbə görə mən Azərbaycanı İndoneziyanın böyük qardaşı hesab edirəm.
Azərbaycanın məşhur din adamlarından Yəhya əl-Bakuvi İndoneziyada çox tanınır. O, 14-15-ci əsrlərdə Şirvaşahlar sarayında yaşayıb və şirvanşahın məsləhətçisi olub. Yəhya əl-Bakuvi yaşadığı dövr ərzində 330 kitab yazıb və o kitablardan biri “Əsrarül-əxyar” İndoneziyada kifayət qədər çox oxunan kitablardan biridir. Bu kitab seçimlərin və qərarların sirləri haqqındadır. İndoneziyada bu kitab xüsusilə məktəblərdə və mədrəsələrdə istifadə olunur. Azərbaycana çox vurğunam. Təbiəti ecazkar, kişiləri çox yaraşıqlı, xanımları isə çox gözəldirlər. Azərbaycan mənim həyat tarixçəmin bir hissəsinə çevrilib və onu heç vaxt unutmayacam.

- Bəs təşəbbüskarı olduğunuz bu layihələr Azərbaycanın aidiyyatı dairələri tərəfindən necə qiymətləndirilib?


- Çox müsbət... Azərbaycan rəhbərliyi və hakim dairələrin bir çoxu İndoneziya ilə əlaqələrin qurulmasında maraqlıdırlar. Bir çox məmurlarla  çox yaxın dostluq əlaqələrim var. Xüsusilə də Azərbaycanın Mədəniyyət naziri cənab Əbülfəs Qarayevlə. Cənab nazir bizə festivalların təşkilində yaxından kömək göstərir.
2018-ci ildə “Mətbuatın dostu” mükafatına və bir çox təltiflərə layiq görülmüşəm.


- İndoneziyanın təhsil proqramları və təqaüdlər haqqında məlumat almaq istərdik. İl ərzində nə qədər tələbə Azərbaycandan İndoneziyaya yollanır? Tələbələr İndoneziyada təhsillə bağlı haradan məlumat ala bilərlər?


- İndoneziyanın təhsillə bağlı “Beasis” və “Darmasis” proqramları var. BSBE proqramı mədəniyyət və incəsənət sahəsində oxuyan şəxslərə təqdim olunur. Magistartura üzrə də həmçinin təhsil proqramlarımız var. Təqaüdü səfirlik yox, İndoneziya dövləti təqdim edir. Biz proqramları və tələbələrin siyahısını hazırlayıb İndoneziyaya göndəririk, seçim təbii ki, orada aparılır. Tələbələr bu barədə səfirliyimizin saytından və oxuduqları təhsil müəssisələrindən məlumat ala bilərlər.

 
- Bizdə belə məlumat var ki, İndoneziya tamamilə müsəlman ölkəsi deyil və orada digər dinlərə də sitayiş edən kifayət qədər adam yaşayır. Bu doğrudurmu?


- Hazırda İndoneziyada xristianlar, xüsusilə katoliklər, buddistlər, konfutsi və digər dinlərə sitayiş edən insanlar yaşamaqdadır. Lakin İslam ölkənin əsas dinidir və bu gün  İndoneziyadakı əhalinin 80-90 faizi məhz İslam dininə sitayiş edir. Daha sonra katoliklər, protestantlar və digər dinlərə sitayiş edən insanlar gəlir. Ölkə prezidenti də İslam dininə sitayiş edir. Həmçinin, mənim - İndoneziyanın Azərbaycandakı səfiri -Hüsnan Bey Fananinin də dini etiqadı İslamdır.



- Hansı bölgələrimizdə olmusunuz və onlar sizin yadınızda nə ilə qalıb?


- Azərbaycanın bir çox dilbər güşələrində olmuşam. Bu yaxınlarda Gəncədəydim. Gəncə çox gözəl şəhərdir və oradan dahi şair Nizaminin məzarını ziyarət etmədən keçmək mümkün deyil. Nizaminin “Xəmsə”si çox möhtəşəmdir. “Xəmsə”yə daxil olan “Leyli və Məcnun” əsəri  İslam dünyasında xeyli məşhurdur. Azərbaycnın İslam dünyasında tanınan digər böyük şairi Fizulidir. Nəimi və Nəsimi də mənim ən çox sevdiyim Azərbaycan şairləridir və onları öz ölkəmdə tanıtmağa çalışıram.


- Sadaladığınız şair və mütəfəkkirlərimizin kitabları İndoneziyada hansı dildə yayımlanır?


- Əsasən ərəb, fars və ingilis dillərində yayımlanmaqdadır. Həmçinin, Mirzə Ələkbər Sabirin bir neçə kitabı da bu sıraya daxildir. Məshəti Gəncəvinin kitabı isə məhz İndoneziya dilinə tərcümə olunaraq, yayımlanır. Ümid edirəm ki, bu kitabları oxuduqdan sonra bir çox indoneziyalı Azərbaycana səfər edəcək və İslam dininin tarixi baxımından Azərbaycanda olan ən qədim yerləri ziyarət edəcəklər.


- Cənab səfir, Azərbaycan Respublikası ona qonşu olan Ermənistanla 20 ildən artıqdır ki, müharibə vəziyyətindədir. Bu barədə İndoneziyanın mövqeyi necədir?

- 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra İndoneziya Azərbaycanı ərazi bütövlüyü çərçivəsində tam müstəqil bir ölkə kimi tanıdı. Dağlıq Qarabağı Azərbaycan torpağı olaraq tanımaqdayıq. İndoneziyanın bu mənada mövqeyi tam olaraq açıqdır. Qarabağ Azərbaycanın əzəli və əbədi torpağı olduğu üçün işğaldan təmizlənməli və geri qaytarılmalıdır. Həmçinin, münaqişə zəminində törədilmiş Xocalı soyqırımının qurbanlarının əziz xatirəsi  İndoneziya parlamentində hər il yad olunmaqdadır.


- Xocalı soyqırımı ilə bağlı İndoneziya parlamenti hər hansı qərar çıxarıbmı?


- Təbii ki, bu məsələ parlament səviyyəsində müzakirəyə qoyulub və tanınıb.


- Neçə ildir ki, İndoneziya parlamenti Xocalı soyqırımını tanıyır?

- Təxminən 10 ildən bir az artıq müddətdir ki, İndoneziya parlamenti Xocalı hadisəsini soyqırımı olaraq tanımaqdadır və hər il fevral ayında parlamentdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunur. Biz istərdik ki, tez bir zamanda Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə öz həllini tapsın.


- Bu gün Ermənistan ilə İndoneziyanın diplomatik münasibətləri varmı?


-
İndoneziya öz Konsitutsiyasına əsaslanaraq, müstəqil olan hər bir xalqı və dövləti tanıdığı kimi, Ermənistanı da tanıyır. Lakin İndoneziya tərəfindən Ermənistana işğalçı mövqeyindən çəkilməsiylə bağlı müraciətlər olunub. İndoneziyanın Konsititusiyasında deyilir ki, işğalçılıq yer üzündən silinməlidir. İndoneziyanın Ermənistanda səfirliyi yoxdur. Gürcüstan və Ermənistana İndoneziyanın Ukranyadakı səfirliyi cavabdehlik daşıyır. İndoneziyanın bu gün Azərbaycanla çox gözəl münasibətləri var. Biz bu münasibətləri daha da möhkəmləndirmək niyyətindəyik.



- Səfir olduğunuz müddətdə İndoneziyadan Azərbaycana nə qədər investor cəlb olunub və toplam nə qədər sərmayə qoyulub?


- Hələ ki mərkəzi ofisi Azərbaycanda olan şirkətlərimiz yoxdur. Ən yaxın şirkətlərimiz İrandadır. Onlar vaxtaşırı Azərbaycana gəlir və razılaşmalar imzalayaraq, geri dönürlər. İnvestisiya yatırımları vardır. Azərbaycan və İndoneziya arasındakı ticari əlaqələrin həcmi təxminən 60 milyon dollardır. Bura həm özəl sektor, həm də dövlətlərarsı dövriyyə daxildir.


- Azərbaycana yatırım etməkdə maraqlı olan İndoneziya şirkətləri var?


- Əlbəttə var. Məsələn, İndoneziyanın “Pertomina” dövlət neft şirkəti bu sahədə xüsusilə maraqlıdır. Bu şirkət Azərbaycandan kifayət qədər böyük həcmdə - 2,5-3 milyard dollar məbləğində neft almaqdadır.


- Bəs Azərbaycan İndoneziyadan nələr ala bilər?


- Bu siyahı bir qədər uzun olar. Lakin mən sizə ən vacib olanları vurğulamaq istərdim. Mebellər, taxta məhsulları, keyfiyyətli parket və s. ala bilər. Həmçinin, İndoneziyada yüksək keyfiyyətli palma yağı istehsal olunur. Kosmetik vasitələrin hazırlanmasında ondan geniş istifadə olunur. Azərbaycan bu gün İndoneziyadan palma yağı alır. Şokolod yağının kakaosu İndoneziyada yüksək keyfiyyətdə istehsal olunaraq, bir çox xarici dövlətlərə ixrac edilir. Sənaye sahələrinə nəzər salsaq, “Toyota” avtomobilinin bir çox ehtiyat hissələri Yaponyada deyil, məhz İndoneziyada istehsal olunur. “Yamaha” musiqi aləti, gitara və digər musiqi alətləri İndoneziyada yüksək keyfiyyətlə istehsal olunur.


- İndoneziya parçaları dünyanın ən keyfiyyətli və bahalı parçaları hesab olunur. Parça da daxil olmaqla yuxarıda adlarını sadaladığınız xammallar Azərbaycana gətirilməkdədirmi?

 
- Gömrük dövlətlərarası bir məsələdir. Biz bu barədə yalnız məlumatlandıra bilərik. Tam dəqiqliyi ilə hansıların gətirilib- gətirilmədiyini sizə deyə bilmərəm. Çünki İndoneziyadan Azərbaycana Dubay və Moskva vasitəsilə də xeyli xammal gətirilməkdədir. İran vasitəsilə gətirilən İndoneziya məhsulları da var.  Azərbaycanda “Totobella” mağazası var ki, İndoneziyadan Azərbaycana mebellər və parketlər gətirməkdədir.


- Azərbaycan-İndoneziya istiqamətində birbaşa uçuşlar həyata keçirilirmi?


-
Xeyr. Uçuşlarımız Dubay, Doha və Moskva vasitəsilə həyata keçirilməkdədir.

 
- İndoneziyanın turizm sahəsində kifayət qədər böyük təcrübəsi var. İndoneziya bu sahədəki təcrübəsini Azərbaycanla bölüşmək niyyətindədirmi?


- Bu sahədə əlaqələrimiz çox sıxdır. Bir çox indoneziyalı turist Azərbaycana gəlməkdədir. Bu il ərzində 7000 indoneziyalı turist Azərbaycana gəlib. 2015-ci ildə bu say cəmi 500 nəfər idi. Mən səfir təyin olunduqdan sonra təbliğat işləri hər iki istiqamətdə xeyli gücləndirildi. Sevindirici haldır ki, bu il Azərbaycandan İndoneziyaya gedən turistlərin də sayı artaraq, 5000-ə qədər yüksəlib.


- Vizaların alınması hansı qaydalara əsasən aparılır?


- İndoneziya Azərbaycana qarşı viza sistemini aradan qaldırıb. Yəni hər bir Azərbaycan vətəndaşı biletini alaraq İndoneziyaya yollana bilər.


- Sonda qısa olaraq İndoneziya haqqında məlumat vermənizi istərdim..


- İndoneziya adalar ölkəsidir və 17500 adadan ibarətdir. İndoneziyanın Qərbindən Şərqinə qədər olan məsafə  Bakıdan Londona qədər olan məsafəyə bərabərdir. Yaxud da San Fransiskodan Mayamiyə və ya Moskvadan Bağdada qədər olan məsafəyə bərabərdir. İndoneziya çox böyük ölkədir. Ölkəmizin ümumi ərazisi təxminən bütöv Avropa ərazisi qədərdir. Ölkə ərazisi Qərbdən Şərqə 7 milyon kilometrdir. Ölkədə üç vaxt zonası var. Əhalimiz isə təxminən 270 milyonun üzərindədir.


- Ölklərimiz arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində İndoneziya prezidentinin Azərbaycana səfəri gözlənilirmi?


- Azərbaycan tərəfindən İndoneziya prezidentinə dəvət göndərilib. İş qrafikinin sıx olnmasıyala bağlı İndoneziya prezidenti hələ ki Azərbaycana səfər edə bilmir.



Leyla ŞAH

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır