Modern.az

İcra Hakimiyyətləri haqqı ödənilən ictimai işlərə nə qədər işsiz cəlb edib? - SORĞU

İcra Hakimiyyətləri haqqı ödənilən ictimai işlərə nə qədər işsiz cəlb edib? - SORĞU

19 Noyabr 2019, 11:13

Ötən il ölkədə işsizliyin aradan qaldırılması ilə əlaqədar olaraq prezident İlham Əliyev minimum əmək haqqı ilə olsa belə müvafiq quqrumlar tərəfindən işsiz şəxslərin müxtəlif ictimai işlərə yönləndirilməsi ilə bağlı göstəriş verdi.  Dövlət başçısının “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir.

 

Maraqlıdır, DOST Agentliyi və yerli icra hakimiyyəti orqanlarının təşəbbüsü ilə həyata keçirilən prosesdə neçə nəfər əvəzi ödənilməklə ictimai işlərə cəlb edilib?

 

Nərimanov Rayon İcra Hakimiyyəti: “Prezidentin tapşırığına əsasən işsiz şəxslər əvəzi ödənilməklə müxtəlif işlərə cəlb olunub. Keçən il 650 nəfərlə müqavilə bağlanmışdı, bu il say artaraq 830 nəfərə qədər yüksəlib”.

 

Xaçmaz Rayon İcra Hakimiyyəti: “Rayon ərazisində İcra Hakimiyyəti tərəfindən 500-dən artıq şəxs müxtəlif ictimai işlərə cəlb olunub”.

 

Şəmkir Rayon İcra Hakimiyyəti: “İl ərzində bizim tərəfimizdən 625 nəfər şəxs müəyyən məbləğ qarşılığında  ictimai işlərə cəlb olunub”.

 

Lerik Rayon İcra Hakimiyyəti: “Bu il bizim rayondan 365 nəfər işsiz şəxs təzmizlik, rayonda abadlıq prosesi üçün müxtəlif işlərə cəlb olunub. Həmin insanlar sosial vəziyyətləri ağır, qazanc yeri olmayan ailələrdən seçilir”.

 

Binəqədi Rayon İcra hakimiyyəti: “Məlumat üçün qeyd edək ki, sakinlərin sosial işlərə cəlb edilməsi məsələsi aidiyyəti üzrə “Dost iş mərkəzi” MMC tərəfindən aparılmaqdadır. Rayon sakinlərinin müraciətlərinə uyğun olaraq aidiyyəti qurum tərəfindən müvafiq sənədlər toplanır və Rayon Mənzil Kommunal Təsərrüfat birlikləri tərəfindən müvafiq işlə təmin edilir. Eyni zamanda, qeyd etmək istərdik ki, Binəqədi rayonunda 2019-cu ilin oktyabr ayına uyğun olaraq 1140 vakant iş yerinə 1135 rayon sakini işçi qüvvə kimi cəlb edilib”.

 

Bərdə Rayon İcra Hakimiyyəti: “Cari il ərzində 475 nəfər bizim tərəfimizdən əvəzi ödənilməklə müxtəlif işlərə cəlb olunub”.

 

Lənkəran Rayon İcra Hakmiyyəti: “Cari il ərzində 1120 nəfər müxtəlif kommunal işlərə cəlb olunub. İşə cəlb edilən hər bir şəxs bu vəziyyətdən çox məmnundur, bizə razılıqlarını bildirirlər”.

 

Goranboy Rayon İcra Hakimiyyəti: “Cari il ərzində rayonda 597 nəfər əvəzi ödənilməklə ictimai işlərə cəlb edilib”.

 

Gədəbəy Rayon İcra Hakimiyyəti: “Cari il ərzində rayonda 395 işsiz şəxs müxtəlif ictimai işlərə cəlb olunub. Həmin şəxslərin arasında bağban, dalandar kimi fəaliyyət göstərənlər daha çoxdur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir