Modern.az

“Azəriqaz” smart kartlarında yalançı MƏBLƏĞLƏR - abonentlər niyə pul yükləyə bilmir?

“Azəriqaz” smart kartlarında yalançı MƏBLƏĞLƏR - abonentlər niyə pul yükləyə bilmir?

26 Noyabr 2019, 15:53

Son günlər bəzi “Azəriqaz” abonentləri balansı artırmaq üçün kartlarına pul yükləmək istəyərkən problemlə üzləşiblər. Pul yüklənmədiyi halda, smart kartda müəyyən məbləğin görünməsi balansı artırmağa imkan vermir. "Azəriqaz"ın 185 qaynar xətt xidmətindən isə abonentlərə bildirilir ki, smart kartda yalançı məbləğ göründüyü üçün vətəndaş ya sayğacla ödəmə terminalı arasında bir neçə əməliyyatı icra etdikdən sonra karta pul yükləyə bilər, ya da "ASAN Kommunal" mərkəzlərinə gedərək kartı sıfırlada bilər. Bu isə təbii ki, abonentlər tərəfindən haqlı olaraq narazılıqla qarşılanır.

 

Bəs görəsən, smart kartlarda yalançı məbləğ necə yaranır? Problem öz həllini tapacaqmı?

 

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Modern.az-a açıqlama verib:

 

“Təbii ki, bəzən kartlarla bağlı texniki problemlər yaranır. Biz bir qurum olaraq hər bir ödəmə terminallarının rəhbərlikləri ilə əlaqə saxlayaraq, bu kimi proplemləri aradan qaldırmağa çalışırıq. Müzakirələrdə bildiririk ki, bəzən vətəndaşların kartlarında yalançı məbləğ göstərilir. Əslində isə kartın balansında heç bir məbləğ yoxdur. Sonradan aydınlaşır ki, bu sistemin texniki nasazlığı ucbatından baş verir. Həmin məbləğ sistemin yaddaşında qaldığından aparatda da müəyyən bir vəsaitin olduğunu göstərir. Əslində bu kimi problemlər bizi də narahat edir. Ona görə də bütün bu kimi, problemlərin aradan qaldırılması üçün, biz Bakı şəhəri üzrə Qaz Ölçü Qurğularına Nəzarət Departamentinin əməkdaşları ilə də müzakirələr aparırıq”.

 

C.Səfərov bir məsələni də diqqətə çatdırıb ki, əgər bir abonent istəsə ki, smart kart tipli sayğac  yox, mexaniki sayğacdan istifadə etsin, o zaman “Azəriqaz”a  ərizə ilə müraciət edə bilər:

 

“Bu zaman ərizəyə baxılır, abonentin sayğacı mexaniki sayğac olaraq dəyişdirilir. Eyni zamanda, abonentlər yaşadığı ərazi üzrə qaz istismar idarəsinə də müraciət edə bilərlər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu