Modern.az

Rusiyada Azərbaycan diasporunun Koordinasiya Şurası yaradılacaq - FOTO

Rusiyada Azərbaycan diasporunun Koordinasiya Şurası yaradılacaq - FOTO

28 Noyabr 2019, 10:32

Noyabrın 25-28-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyada işgüzar səfərdə olub.


Modern.az
AZƏRTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko, MDB Ölkələri, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Eleonora Mitrofanova, Rusiya Prezidentinin Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdaəsinin rəisi Vladimir Çernov, Rusiya Prezidentinin Daxili Siyasət İdarəsinin rəis müavini Mixail Belousov, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşləri keçirilib. Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun da iştirak etdiyi görüşlərdə Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti və diaspor sahəsində ikitərəfli əməkdaşlıq istiqamətləri, soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiyası və onların təmsil etdiyi qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Səfərin əsas məqsədlərindən biri Moskva şəhərində yaşayan soydaşlarımızla, rəsmi qeydiyyatdan keçmiş və qeydiyyata alınmamış, ətrafında müxtəlif sayda azərbaycanlıları birləşdirən təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi olub.


Moskva azərbaycanlıları ilə görüşdə çıxış edən səfir Polad Bülbüloğlu Dövlət Komitəsinin sədri Fuad Muradovun səfərinin mahiyyəti və məqsədi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.


Fuad Muradov rəhbərlik etdiyi Komitənin son il yarım ərzində fəaliyyətindən danışıb, ölkəmizdə aparılan islahatların diaspor sahəsində də həyata keçirildiyini vurğulayıb. O, son dövrlərdə görülmüş işlər, əldə edilmiş nailiyyətlər, o cümlədən Komitənin yeni yaradılmış radiosu və təqdim etdiyi onlayn xidmətlər barədə məlumat verib.


Sonra Diasporla iş üzrə Dövlət Komitəsinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.


Sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib. Burada soydaşlarımızın çoxsaylı sualları cavablandırılıb, onların diaspor işi ilə bağlı təklifləri qeydə alınıb. Rusiyada diaspor işinin təkmilləşdirilməsi üçün ilkin olaraq Koordinasiya Şurasının yaradılması haqqında razılıq əldə olunub.


Belə görüşlərin Rusiyanın digər regionlarında da keçiriləcəyi bildirilib.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir