Modern.az

Pakistan səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı

Pakistan səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı

9 Dekabr 2019, 22:43

Xarici İşlər naziri Elmar Məmmədyarov Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmandı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, görüşün əvvəlində səfir Səid Xan Mohmand ölkəmizdəki diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Görüş zamanı tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi apardılar. Azərbaycan ilə Pakistan arasında ənənəvi əməkdaşlıq sahələrində müsbət dinamikanın təşviq edilməsinin vacibliyi, habelə turizm, tranzit dəhlizləri və s. istiqamətlər üzrə zəngin potensialın mövcud olması qeyd edildi. Ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində yüksək səviyyəli səfərlərin həyata keçirilməsi və Hökumətlərarası Komissiyanın fəaliyyətinin xüsusi rol oynadığı barədə ümumi qənaətə gəlindi.

Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini vurğuladı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki beynəlxalq səylər kontekstində Pakistanın ənənəvi olaraq Azərbaycana göstərdiyi möhkəm dəstəyin iki dost ölkə arasında olan həmrəyliyin bariz nümunəsi kimi qeyd edib.

Pakistan səfiri, öz tərəfindən, Azərbaycanın onun təmsil etdiyi ölkəyə verdiyi dəstəyi və göstərdiyi səmimi münasibəti xüsusi minnətdarlıqla yada salıb.

Bu xüsusda, tərəflər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyini münaqişələrin nizama salınması üçün müstəsna əhəmiyyətə malik olduğunu bildirdilər.

Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri üzrə fikir mübadiləsi aparıldı.

Elmar Məmmədyarov səfir Səid Xan Mohmandın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona uğurlar arzu etdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır