Modern.az

Nazir müavinindən direktorlar və təhsil şöbələrinin müdirlərinə XƏBƏRDARLIQ

Nazir müavinindən direktorlar və təhsil şöbələrinin müdirlərinə XƏBƏRDARLIQ

Təhsil

12 Dekabr 2019, 14:37

Bəzi məktəblərdə şagirdlərin dərsə davamiyyəti məsələsi Təhsil Nazirliyini ciddi narahat edir.

 

Modern.az-ın məlumatına görə, bu haqda jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

 

"Bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb və həmin sistemdə bu gün oxuduğu məktəbdən asılı olmayaraq başqa məktəbə keçid edən şagird haqqında məlumatı görürük. Təbii ki, ucqar məktəblərdə təhsil alan şagirdlərin dərsə davamiyyətinə yerli təhsil idarəetmə orqanı nəzarət edir".

 

Nazir müavini deyib ki, bununla bağlı Təhsil Nazirliyi tərəfindən yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən məktəb rəhbərlərinə ciddi şəkildə tapşırıq verilib ki, şagirdlərin dərsə davamiyyəti məsələsi xüsusi nəzarətə götürülsün:

 

"Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyəti zəif olan məktəblərdə məsuliyyətsiz direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atacaq".


M.Vəliyeva deyib ki, direktor öz fəaliyyətini qanunlara uyğun qurmalıdır:

"Hər hansı direktor işlədiyi müəssisədən asılı olmayaraq əgər idarəetmədə qanunlara istinad etmirsə, qanunun və mövcud qaydaların tələblərini pozursa, Təhsil Nazirliyi bu barədə qanunvericiliyə uyğun şəkildə müvafiq addımlar - intizam tənbehləri, hətta işdən kənarlaşdırma tədbirləri də həyata keçirir.

Bu mənada məktəb böyük müəssisədir və burada məktəbdaxili münasibətləri idarə etmək asan deyil. Amma məktəb direktoru üzərinə düşən məsuliyyəti başa düşür. Təhsil Nazirliyinin də onun məktəbi idarə etməsinə nəzarətini yaxşı bilir".

 

Nazir müavini bildirib ki, Təhsil Nazirliyi ciddi şəkildə məktəblərin idarə olunmasına nəzarət edir: "Düşünürəm ki, hər bir məktəb direktoru məsuliyyətini yaxşı dərk etməlidir. İstər şagirdlərinin sağlamlığı və təhlükəsizliyinin, istərsə də sağlam psixoloji mühitin yaradılmasının, məktəb-valideyn münasibətlərinin vacibliyini başa düşüb, işini bu müstəvidə qurmalıdır. Bizim də tələbimiz bundan ibarətdir.

Səmərəli fəaliyyət göstərən direktorlarımız çoxdur. Amma nöqsanlara yol verən direktorları da cəzalandırmaqdan çəkinmirik. Nöqsanlara yol verən direktorla bağlı məlumat daxil olarsa, bununla bağlı müvafiq addımlar atılacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır