Modern.az

Sabunçuda yollar “güldü, çiçəkdi”... - FOTOLAR

Sabunçuda yollar “güldü, çiçəkdi”... - FOTOLAR

Aktual

16 Dekabr 2019, 10:42

Hələ bu ilin fevral ayında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mediaya açıqlamasında bildirmişdi ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakının 11 rayonunda qəsəbədaxili yolların təmirinə start verilib.

Bu rayonlar arasında isə Sabunçu rayonu da var idi. Ötən ay isə Sabunçu rayonunun qəsəbədaxili yollarının təmiri üçün 6 milyon manat vəsait ayrıldı.

Etiraf etmək lazımdır ki, Sabunçu rayonunun mərkəzi qəsəbələri sayılan Bakıxanov və Sabunçu qəsəbələrinin mərkəzi yollarının bir hissəsi yüksək səviyyədə (ilk görünüş bunu deməyə əsas verir) təmir olunub. Lakin daxili yollar barədə bunları söyləmək olmaz. Çünki qəsəbədaxili yolların əksəriyyəti ya təmirsizdir, ya da kosmetik təmirlərlə “plan” doldurulur. Belə bərbad vəziyyətlərdən biri Sabunçu qəsəbəsinin birbaşa Heydər Əliyev prospektinə çıxışı olan, 10 minə yaxın insanın yaşadığı bir zonaya da aiddir (fotoxəritədə görünür). Bu ərazidə yolların əksər hissəsi tam təmirsiz, torpaq yollardır. Asfalt adı olan müəyyən hissələr isə yuxarıda qeyd etdiyimiz “plandoldurma” işlərinə aiddir. Belə ki, 2 il əvvəl həmin zonanın əsas yolu olan Həsən bəy Zardabi küçəsi təmir edildi. Cəmi 1 qış mövsümündən sonra yol dağılmağa, asfalt “əriməyə” başladı və hazırda şəkillərdə gördüyünüz “güllü-çiçəkli” vəziyyətdədir. Asfaltın dağılması nəticəsində kəskin çuxurların yarandığı yollarda avtomobillərə dəyən zərər torpaq yollardakından qat-qat çoxdur.


Görüntü xatirinə görülən işlərdən digəri isə bir neçə il əvvəl, Prezidentin rayona səfəri zamanı Natəvan küçəsinin bir hissəsində, daha dəqiqi ölkə başçısının baş çəkməsi nəzərdə tutulan Sabunçu dəmir yol voğzalına birləşən hissəsində aparılıb. Küçənin qalan hissəsi isə bərbad vəziyyətdədir.

Ona görə qəsəbədaxili yolların vəziyyətinə məsul olan şəxslərdən xahiş, həmçinin tələb edirik ki, qəsəbədaxili yolların təmiri üçün ayrılan pullar hesabına icra edilən işlərə vicdanla yanaşsınlar. Görülən işləri görüntü, “plandoldurma” xatirinə deyil, keyfiyyətli icra etsinlər. Həmçinin təmir edilən yolların ömrünün uzun olması üçün vaxtaşırı az xərc tələb edən cari təmir işlərinin aparılmasına diqqət etsinlər. Əgər hər 2-3 ildən bir yeni yol çəkmək üçün büdcədən pul almaq “məqsədli planları” yoxdursa...      
    

Pərviz Rəhimoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür