Modern.az

Qüds komandanının qətlinin PƏRDƏARXASI

Qüds komandanının qətlinin PƏRDƏARXASI

6 Yanvar 2020, 12:04

Ötən həftənin cümə günü Bağdadda  ABŞ-a məxsus  PUA  (pilotsuz uçuş aparatı) vasitəsilə İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri komandanı Qasim Süleymaninin qətlə yetirilməsindən sonra ABŞ-la İran arasında onsuz da gərgin olan münasibət daha da gərginləşdi. Bu münasibətin hərbi konfliktə çevrilmək təhlükəsi çox yüksəktir. İrana hər hansı hərbi müdaxilə bölgənin həssas ölkəsi olaraq bizim üçün olduqca arzuolunmazdır.  


İran İslam Respublikasında son iyirmi ildə çox önəmli vəzifə tutmuş, iranlıların milli qəhrəman saydıqları general (sərdar) Qasim Süleymaninin həlak olması hazırda dünya mediasının əsas diqqət mərkəzindədir. Onun haqqında, qətlə yetirilməsinin təfərrüatları barədə  müxtəlif fikirlər irəli sürülür, daha sonra nə baş verəcəyinə dair mülahizələr söylənilir. Siyasi kuluarlarda  2015-ci ildə Q.Süleymaninin Moskvaya gəlməsindən, Suriya rejiminin məhz Q.Süleymani sayəsində hələ də ayaqda qalmasından, islam dövləti qurmaq üçün fəaliyyət göstərən İŞİD və ya DAİŞ adlandırılan bəzi silahlı birliklərin məhz onun qətiyyətli əməliyyatları nəticəsində tərksilah edilməsindən, Kərkükün təkrar Bağdad rejiminin nəzarətinə  qaytarılmasındakı  müstəsna rolundan vs  xidmətlərindən  söhbətlər gedir. Bunların nə dərəcədə doğru olub-olmadığını bilmək üçün hələlik lazımı materiallar aşkara çıxarılmamışdır.


İranın özündə onu prezident kimi görənlər vardı. Hətta 2017- ci il seçkilərində Q.Süleymaninidən prezidentliyə namizədliyini irəli sürməsini  xahiş edən siyasi qüvvələr də mövcud idi.  General Q.Süleymaninin nüfuzu İranla bərabər Əfqanıstan, Suriya, İraq və Livan da çox yüksəkdi. Şübhəsiz ki, məqtul general son illərdə bölgədə nüfuz uğrunda ciddi mübarizə aparan dövlətlərin xüsusi xidmət orqanlarının ciddi nəzarəti altında idi. Onun hərəkətləri, danışıqları daim havadan, sudan, qurudan və kosmosdan izlənilirdi. Təbii olaraq, dərhal sual yaranır ki, İranın ali rütbəli komandanı Q.Süleymaniyə qarşı əməliyyat niyə məhz indi gerçəkləşdirildi? Nə üçün 2019-cu ilin may ayında Hörmüz boğazında hərbi şərait yarananda, Birləşmiş Ərəb Əmirliklərinə aid neft emalı zavoduna zərbələr endirələndə, ABŞ-ın Bağdad yaxınlığındakı bazasına hücum olunduğu zamanda və ya ABŞ-ın Bağdaddakı səfirliyinin qoruyucu divarları yandırılanda Q.Süleymani haqqında bir tədbir görülmürdü?


Bəzi analitiklər hətta güman edirlər ki, Qüds birləşmələrinin başçısının qətlə yetirilməsi planından  ABŞ Prezidentinin  guya  heç xəbəri olmamışdır. Dərhal qeyd edək ki, Konstitusiyanın müvafiq  maddəsi belə ehtimala heç bir bir  əsas vermir. Son dərəcə konfidensial  şəkildə planlaşdırılmış məlum əməliyyat əvvəldən axıradək cənab Trampın iştirakı  və bilgisi əsasında  gerçəkləşdirilmişdir. Süleymaninin müəmmalı şəkildə qətlində Mərkəzi Kəşfiyyat İdarəsinin də rol aldığını, Süleymaninin ştabında hətta MKİ agentinin  olduğunu, komandanın yerini də lazımı mərkəzə də məhz onun tərəfindən ötürüldüyü barədə   versiyalar da  irəli sürülür. Bizcə, bu da tutarsız  ehtimaldır. Su kimi aydındır ki, dünyanın istənilən yerində  istifadə edilən bütün elektronik cihazlara, elektron poçtlara, telefon danışıqlarına vs vasitələrə müdaxilə etmək imkanı vardır. Hətta müasir cihazlar saatda 90 km. sürətlə hərəkət edən avtomobillərin, min metr uzaqlıqdakı evin pəncərələrinin şüşələrini membran kimi istifadə edib onu çox uzaqdan asanlıqla  dinləmək  imkan yaradır. Bunun üçün “texniki böcək- ötürücüyə” heç ehtiyac yoxdur. Çox uzaqdan, insanın  səsini eşitmədən ağız hərəkətlərini “oxuyan” loqoped mütəxəssislər var. Başqa sözlə, Q.Süleymanininin koordinatlarını hərbi kəşfiyyat ovcunun içi kimi bildiyi halda  agentə nə gərək vardı ki?


Bizim fikrimizcə,  “Qüds” qüvvələri komandanına sui-qəsdin əsas məqsədi amerikan vətəndaşlarında Prezident Trampa rəğbət hissini gücləndirmək olmuşdur
. 2019-cu ilin dekabr ayının 18-də Amerika ictimai-siaysi həyatında baş vermiş hadisə hamımızın yadındadır. O zaman Konqresin Nümayəndələr palatasının  ABŞ Prezidenti cənab Donald Tramp haqqında  impiçment qərarı bütün dünyanı təəccübləndirmişdi. ABŞ Konqresinin nümayəndələr palatası prezidentlik vəzifəsinin sonuncu ilində cənab Donald Tramp barədə qəbul etdiyi impiçment qərarı, Ağ evin hazırkı  respublikaçı sahibini vəzifə məqamından uzaqlaşdıra bilməsə də (  bu qərarın, hüququ qüvvəyə minməsi üçün Senatın 100 üzvündən 67-si impiçmentin lehinə səs verməlidir, orada isə 53 nəfər senat respublikaçıdır, demokratların sayı isə 45 nəfərdir )  bu ilin noyabr ayında keçiriləcək seçkilərdə  cənab Trampın nüfuzuna yetərincə  xələl gətirmişdir.


Bunu hər kəsdən əvvəl Trampın özü və müşavirləri də yaxşı dərk edirlər. Belə məqamda respublikaçı cənab Prezidentin zədələnmiş nüfuzunu qaldırmaq, onu amerikan seçicilərinə  sevdirmək, seçkilərdə siyasi divident qazandırmaq üçün lokal səciyyəli, “blits kriq” lazımdır. Başqa sözlə, imicmeykerlərin məsləhəti əsasında dəqiq nöqtə atışları ilə seçicilərin ürəyini ələ almaq lazımdır. Məhz bu məqsədlə də Qasim Süleymani kimi nüfuz sahibi hədəf seçilmişdir. İndi bütün dünya ictimaiyyətinin əsas müzakirə obyektinə çevrilmiş bu qeyri-adi hadisəyə iki baxış açısından— ABŞ və İranın mövqeyindən nəzər yetirsək fərqli mənzərələr görəcəyik.



Qasim Süleymaninin həlakından bir neçə saat sonra Prezident Trampın kütləvi informasiya vasitələrinə rəsmi açıqlamasında  bir neçə məqam diqqət çəkir. Bu baxımdan, fikrimizcə,  dəyərli oxuculara təqdim olunan 58 saniyəlik videomaterial çox mətləblərdən xəbər verir.(Bax: //www.youtube.com/watch?v=XKooUZGDLwU )

 
Cənab Tramp çıxışında həlak olmuş general Qasim Süleymanidən bəhs edərkən “biz onun terror səltənətinin bitdiyini biləndə rahatladıq” deyir  (“We take comfort in knowing that his reign of terror is over”— 15- 19-cu saniyələr). ABŞ Prezidenti həlak olmuş komandanı terrorçu kimi qələmə verməklə ictimaiyyətin nəzərində onun dəyərini azaltmağa,  general haqqında verdiyi qərarın isə ədalətli olmasını isbatlamağa  çalışır. Onun düşüncəsinə görə, “Orta Şərqdə sabitliyi pozmaq üçün Süleymani son iyirmi ildə terror aktları törətmişdir” (Solemani has been perpetrating acts of terror to destabilize the Middle East for the last twenty years— 22- 28-ci saniyələr).


Cənab Tramp daha sonra, iranlı komandanın qətlə yetirilməsinin vacibliyini “çoxlu insan həyatını xilas edilməsi” ilə əsaslandırır (a lot of lives would have been saved— 34- 35-ci saniyeler). Başqa sözlə, ABŞ Prezidenti general Süleymaniyə qarşı gerçəkləşdirilmiş sui-qəsdin son zərurətdən yarandığını,  böyük ictimai təhlükənin aradan qaldırılması üçün onun qətlinin yeganə düzgün variant olduğunu  vurğulayır.  Son zərurət (extreme necessity) isə hüquqda cinayet sayılmır.  Öz açıqlamasında cənab Tramp  bu məsələnin  hətta yubadıldığını da xatırlatmaqdan vaz keçmir: “ABŞ dünən etdiyini çoxdan etməli idi” (what the USA did yesterday should have done long ago— 30-32-ci saniyələr). Özündən əmin şəkildə olub-bitənlər barədə açıqlama verən Tramp Bağdad aeroportunda gecə gerçəkləşdirilmiş qətl hadisəsinin “müharibəni başlamaq üçün deyil, müharibəni durdurmaq naminə” edildiyini söyləyir (we took action last night to stop a war, we did not take action to start a war— 50-57-ci saniyələr). ABŞ Prezidentinin  Q.Süleymani haqqındakı qərarı  hətta Amerikada birmənalı qarşılanmamışdır. Onun bu qərarını həm təqdir edənlər, həm də tənqid atəşinə tutanlar da vardır.  Məsələn, sabiq vitse-prezident və prezidentliyə namizəd Jozef Baydenin düşüncəsinə görə, “Prezident Tramp az öncə barıt çəlləyinə dinamit çubuğu atdı- President Trump just tossed a stick of dynamite into a tinderbox” (Bax: //www.thedailybeast.com/joe-biden-says-trump-tossed-a-stick-of-dynamite-into-a-tinderbox-with-killing-of-qassem-soleimani).


2020-ci il seçkilərində Demokratlar partiyasından namizəd  olacaq tanınmış və nüfuzlu amerikan senatoru Bernard Sanders də məlum hərəkətdən öz məyusluğunu gizlətmir: “Tramp sonsuz savaşları durduracağına söz vermişdi, amma bu hərəkət bizi daha bir savaşa götürür - Trump promised to end endless wars, but this action puts us on the path to another one” (Bax: //www.commondreams.org/news/2020/01/03/bernie-sanders-condemns-trump-putting-us-path-another-disastrous-war-middle-east). Massaçusets ştatından olan hüquqşünas alim və senator Elizabət Varren isə yazdığı tvitində “bu düşüncəsiz hərəkətin İranla vəziyyəti gərginləşdirəcəyini,  Orta Şərqdə yeni konflikt yaradacağını və   daha çox ölüm olacağı ehtimalını artıracağını” ifadə etmişdir ( this reckless move escalates the situation with Iran and increases the likelihood of more deaths and new Middle East conflict).  Vaşinqtonda fəaliyyət göstərən “Müharibəsiz qazan— Win Without War”- ictimai hərkatının icracı direktoru Stefen Mayls da təəssüf hissi ilə bildirir ki, “Donald Tramp bu gecə bizi İranla savaşın eşiyinə gətirdi— tonight, Donald Trump has driven us to the brink of war with Iran”

(Bax: //www.commondreams.org/newswire/2020/01/03/we-must-pull-back-brink-war)


İran İslam Respublikasının Ali dini rəhbəri Ayətullah Əli Xamenei həlak olmuş general Qasim Süleymaninin ailəsinə təziyə vermək üçün mərhumun mənzilini ziyarət etmiş, səmimi hisslərlə ailə üzvlərinə başsağlığı vermişdir. Əyanilik üçün oxuculardan  1 dəqiqə 15 saniyəlik videomateriala nəzər yetirmələrini istəyirik. Təqdim olunan videomaterialda Ağa-ye Xamenei məqtul general Qasim Süleymaniyə böyük dəyər verir (//www.youtube.com/watch?v=d5IPIypKYj4). İnqilab rəhbərinin sözlərinə görə, “Hacı Qasim yüz dəfə şəhidlik tutqusuna  giriftar olmuşdu; ALLAH yolunda; vəzifəsini icrada, ALLAH uğruna cahadda qorxusu yoxdu.”

(هنگام وظیفه، در راه جهاد فی سبیل الله پروا نداشت.  حاج قاسم صد بار در مرض شهادت قرار گرفته بود. در راه خدا، در راه    - Bax: 1-12-ci saniyələr  )

Ali dini rəhbər əzizlərinin ölümündən sarsılmış ailə üzvlərini təskinləşdirərək “onun heç kesdən qorxu duymadığını, savaşının böyük cahad olduğunu, millətin hamısının onun ölümünə kədərləndiyini,  Uca ALLAH yanında şəhadət dərəcəsinin də yüksək olacağı” ilə təsəlli edir.

(– از هیچ كی پروا نداشت. جهادش جهاد بزرگ بود. همه مردم عزادارند. خدای متعال شهادت اورا هم شهادت بزرگ قرار میگرد.     Bax: 16- 23-cü; 41- 44-cü saniyələr.  )

İran rəsmiləri qətlə yetirilmiş əfsanəvi general ( sərdar ) Q. Süleymaninin qisasını alacaqlarını əsla gizlətmirlər. Həlak olmuş generalın ailəsinə təziyyə üçün gəlmiş Prezident Həsən Ruhanidən mərhum komandanın qızı “atamın qanının intiqamını kim alacaqdır?”   انتقام خون پدر مرا چه کسی می‌گیرد؟ - sualına Prezident qətiyyətli  və təsəlliverici şəkildə “əsla nigaran qalmayın, onun  intiqamını bütünlüklə  alacaqlar” (         اصلا نگران نباشید، قطعا انتقام او را همه می‌گیرند ) – deyə cavab verir.

( Bax: 17-26-cı saniyələr. //www.youtube.com/watch?v=3cOvYV9mXlU )

Prezident Həsən Puhani mərhumun ailəsinə başsağlığı verərkən “bu gün qəmgin olan yalnız siz deyilsiniz, ancaq iranlılar deyildirlər, bütün məsəlmanlar bu şəhid sərdarın böyük acısına şərikdirlər” – تنها شما نیستید كه امروز غمگینید، تنها ایرانی ها نیستند، همه مسلمان ها در غم بزرگ این سردار شهید هستند  - söyləmişdir.  

 


İslam Şurası Məclisinin ( Parlamentin )  Sədri Əli Laricani də Qüds komandanının intiqamının alınacağını bəyan etmişdir:   “İran xalqı öz qəhrəman övladlarının  qanından əsla keçməyəcəkdir—  ملت ایران هرگز از خون فرزندان قهرمان خویش نخواهد گذشت”.

Məlum hadisəyə münasibət bildirən İran İslam Respublikasının Müdaviə Naziri Əmir Hatəmi Qüds komandanına qarşı gerçəkləşdirilən terror aktının cavabsız qalmayacağını bildirmişdir:

Nahaq axıdılan qanın intiqamı onu törədənlərin hamısından alınacaqdır- انتقام این خون به ناحق ریخته شده از تمامی عاملین و مرتکبین گرفته خواهد شد.- (Bax: //www.isna.ir/news/98101309224/ شهادت-سردار-سلیمانی-و-واکنش-های-داخلی-و-خارجی )


Siyasətdə tribunaya oynamaq üslubu bütün zaman üçün aktualdır. İran rəsmilərinin ABŞ ünvanına səsləndirdikləri fikirlərin, hər şeydən öncə, qəzəbli publikanı sakitləşdirmək məqsədi daşıdığını düşünürük. ABŞ-İran münasibətləri yaxın günlər və həftələrdə qarşılıqlı ittihamlar və təhdilərin müşaiyətində keçəyi şübhəsizdir. Lakin, fikrimizcə, bu söz duelindən, rəcəzdən ( hərbə-zorba gəlməkdən ) o tərəfə aşmayacaqdır. Hər iki tərəf biri-birinin potensialını, atacaqları addımın, qəbul edəcəkləri qərarın  doğuracağı siyasi, iqtisadi və hərbi sonucun nə olacağını çox yaxşı bilir.


Qüds komandanın qətli iranlılara 2019-cu ilin noyabr etirazlarını, amerikanlara isə impiçment məsələsini indilik unutdurmuş kimi görünür…



Şəkildə:
Qüds komandanının avtomobilindən qalan mənzərə. 03.01.2020. Bağdad

 

 

Ramazan SİRACOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...